Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Onik Qasparyanın qapalı görüş təklifinin arxasında nə dayanır, hansı açıq suallar onun açıq cavabını gözləyir?” başlıqlı məqaləsində yazıb.
“Sizin dediyiniz generallar həmin ərazidən qaçıblar və mən hesab edirəm ki, bu sizin məsuliyyət zonanızdır, çünki Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi orada qərar qəbul edir, siz isə onu təsdiqləyirsiniz. Azərbaycan sizin məsuliyyət zonanızdan yan keçərək Şuşaya, Laçına və Ermənistanın sərhədlərinə, Gorus, Qafan, Mehri istiqamətlərinə gəlib çatıb. İndi siz deyirsiniz ki, generallar qaçıblar, sizin rəhbərliyinizlə qaçıblar, gedin və qərar qəbul edin”, - deyə Seyran Ohanyan parlamentdə Nikol Paşinyana müraciətlə bildirmişdi.
Nəşr qeyd edib ki, bu fikri Seyran Ohanyan daha geniş formada hələ 2023-cü ildə “168.am”a müsahibəsində və daha sonra da səsləndirmişdi.
“Ola bilsin ki, bu dəfə səs-küy doğurmasının səbəbi fikrin parlament tribunasından və birbaşa Nikol Paşinyana ünvanlanması idi.
“Müdafiə ordusu”nun (ləğv edilmiş qanunsuz “hərbi birləşmə”-red.) 283 kilometrlik müdafiə zonası var idi. Rəqib iki istiqamətdə zərbə endirmişdi: cənub istiqamətində Hadrut, Cəbrayıl, şimal istiqamətində isə Ağdərə. Ağdərə istiqamətində qarşısını almaq mümkün olmuşdu, bu da yerli operativ-taktiki və taktiki halqaların fəaliyyətinin nəticəsi idi. Cənub istiqamətində isə rəqib müdafiə xəttini yardı. Əgər böyük yarılma baş veribsə, onda Ağdərə, Əsgəran, Xocavənd komandirləri günahkar deyil ki, rəqib həmin yarılmadan istifadə edib 52 kilometr irəliləyərək Şuşaya, 70-100 kilometr irəliləyərək Mehriyə, Qafana, Gorusa, Qaragöl istiqamətlərinə çatıb. Həmin komandirlər günahkar deyil. Günahkar olanlar hərbi əməliyyatlar teatrını məsafə, ümumi cəbhə, dərinlik, zaman, qoşunların yerləşdirilməsi, mümkün yenidən qruplaşmalar və silahlı qüvvələrin fasiləsiz tamamlanması baxımından təsəvvür etməli olan şəxslərdir.
Əgər “müdafiə ordusu” öz müdafiə zonasında qərar qəbul edirsə, həmin qərarı ya Baş Qərargah, ya da “Qarabağ”ın (ləğv edilmiş qondarma qurum-red.) “rəhbəri” təsdiqləyir. Lakin bir neçə qoşun birləşməsi olan yerdə (həm “müdafiə ordusu”, həm də digər korpuslar) həmin qoşun birləşmələri arasında qarşılıqlı fəaliyyəti təmin edən, qərar qəbul edən, məsuliyyət daşıyan Baş Qərargahdır, Baş Qərargahın qərarını təsdiqləyən isə Ermənistan rəhbəri, ali baş komandandır. Rəqib isə məhz qərarın təsdiqinin Ermənistan rəhbərinin vəzifəsi olduğu istiqamətdən daxil olub irəliləyə bilib.
Şuşa əməliyyatına da bütün müdafiə əməliyyatı kontekstində və həmin yarılma zonasında rəqibin ardıcıl, yavaş-yavaş irəliləməsi çərçivəsində baxmalıyıq. Şuşa əməliyyatına ayrıca baxmaq olmaz. Strateji səviyyədə məsuliyyət daşıyanlar həmin yarılma zonasında heç olmasa Hadrutun meşəlik hissələrində qarşısını almalı idilər, orada rəqibi dayandırmaq üçün kifayət qədər yaxşı şərait var idi”, - deyə Seyran Ohanyan bizimlə söhbətində bildirmişdi.
Keçmiş müdafiə nazirinin bu sözlərindən naşir, media maqnatı Aram Qabrielyanov istifadə etməyə çalışdı”, - deyə məqalədə bildirilib.
Nəşr qeyd edib ki, Qabrielyanov Ermənistan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi ilə görüşündən bəzi detallar açıqlayıb.
“Bu detallar həm “İsgəndər”in tətbiq olunub-olunmaması, həm də Şuşanın təhvil verilməsi ilə bağlı idi. Üstəlik, bu ilk dəfə deyildi. Uzun sürən susqunluqdan sonra Onik Qasparyan yuxarıda qeyd olunan bəyanatlara münasibət bildirmək qərarına gəldi və qapalı formatda görüş keçirməyi təklif etdi.
“2020-ci il müharibəsi və müharibədən sonrakı hadisələrlə bağlı parlamentdə qapalı formatda müzakirə təşkil etməyi təklif edirəm. Müzakirəyə həmin dövrdə siyasi və hərbi sahədə əsas vəzifələr tutmuş şəxslər, dövlət və xidməti sirr təşkil edən məlumatlarla tanış olmaq səlahiyyəti olan siyasi və ictimai xadimlər, həmçinin həlak olmuş və itkin düşmüş hərbçilərin yaxınları cəlb edilsin.
Reallıqla üzləşməyin və dövriyyədə olan bütün yalanları, əsassız manipulyasiyaları partlatmağın vaxtıdır. Silahlı qüvvələrə aid hissə üzrə ətraflı və çoxşaxəli əsaslandırılmış təhlil təqdim etməyə hazıram”, - deyə generalın yaydığı bəyanatda bildirilir.
Burada sual yaranır: keçmiş Baş Qərargah rəisi 44 günlük müharibəni araşdıran istintaq komissiyasında iki günlük və təxminən 10 saat davam edən dindirilməsi zamanı nəyi deməyib?
“168.am” yazmışdı ki, Andranik Köçəryanın rəhbərlik etdiyi istintaq komissiyasının hesabatına əlavə kimi Ermənistan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi Onik Qasparyanın 70-80 səhifə həcmində yazılı təhlili əlavə olunub”, - deyə müəllif yazıb.
Nəşr bildirib ki, parlament müxalifəti komissiyanın işində iştirak etməsə də, müxalif deputatlardan Geğam Manukyan və Tiqran Abrahamyan hesabatla, eləcə də Onik Qasparyanın əsaslandırılmış təhlili ilə tanış olublar.
“Siyasi rəhbərlik, müharibə zamanı müxtəlif vəzifələr tutmuş şəxslər də ya komissiyanın işində iştirak etməklə, ya da açılmış cinayət işləri vasitəsilə hər şeyi bilirlər.
Bəlkə keçmiş Baş Qərargah rəisi düşünür ki, bu dəfə hakimiyyət nümayəndələri ilə eyni masa arxasında müxalif deputatları da toplaya bilər ki, onlar suallar versinlər və o, indiyədək demədiklərini desin?
Acı təcrübə heç nə öyrətməyibmi? Beş il əvvəl məhz bu günlərdə Onik Qasparyan 44 günlük müharibənin şəraitini araşdıracaq komissiyanın yaradılmasını təklif etmişdi, halbuki bundan əvvəl Nikol Paşinyanı “mənəviyyatsız yalançı” adlandırmışdı.
Mənbələrimizə istinadən yazmışdıq ki, generalın ümidi o idi ki, müxalif deputatlar həmin komissiyanın işində iştirak edəcəklər, lakin parlament müxalifəti siyasi qərar verərək həmin farsda iştirak etmədi.
Həmin dövrdə, 2021-ci ilin aprelində Onik Qasparyan Təhlükəsizlik Şurası ilə qiyabi polemika da aparırdı. O bildirirdi ki, müharibənin 4-cü günü keçirilən iclasdakı çıxışından kontekstdən qoparılmış hissələr məxfilikdən çıxarılıb. Buna görə də Qasparyan 2020-ci il sentyabrın 30-da keçirilmiş iclasda öz çıxışının və Ermənistan prezidentinin çıxışının tam şəkildə yayımlanmasını tələb edirdi.
Üstəlik, “168.am”a müsahibəsində vurğulamışdı: “Əminəm ki, hətta yayımlasalar belə, montaj edilmiş olacaq. Həqiqət yalnız hakimiyyət dəyişikliyi zamanı üzə çıxa bilər”, - deyə nəşr qeyd edib.
Məqalədə bildirilib ki, indi isə siyasi müxalifət xadimləri, itkin düşmüş və ölmüş erməni hərbçilərin yaxınları, ictimaiyyət, hərbi sahə mütəxəssisləri mövcud hakimiyyətdən 44 günlük müharibə hesabatını açıqlamağı tələb etdikləri halda, Onik Qasparyan yenə hər şeydən məlumatlı olanlarla qapalı müzakirə təklif edir.
“Digər tərəfdən, onun təklifindən hakimiyyət istifadə edə bilər, itkin düşənlərin yaxınlarını (onlar əvvəllər istintaq komissiyasının işində iştirak etmişdilər) həmin müzakirəyə çağırıb hesabatın açıqlanması tələbini susdura bilər.
Niyə keçmiş Baş Qərargah rəisi özü həmin hesabatın ictimailəşdirilməsini istəmir?
Yaxud niyə Onik Qasparyan indiyədək ilk dəfə səslənməyən bu bəyanatlara cavab verməyib?
Niyə 44 günlük müharibə zamanı Baş Qərargah rəisi olmuş general əks-zərbə əməliyyatı kontekstində öz məsuliyyəti barədə iddialara münasibət bildirməyib?
Nikol Paşinyan 2023-cü ilin iyununda istintaq komissiyasında açıq dindirilmə zamanı həmin əməliyyatın uğursuzluğuna görə məsuliyyəti məhz onun üzərinə qoymuşdu, halbuki bu məsələ Onik Qasparyan-Calal Arutyunyan tandemi çərçivəsindədir.
Niyə Onik Qasparyan keçmiş müdafiə naziri David Tonoyanın dindirilməsi zamanı Andranik Köçəryanın guya onun Ermənistan Silahlı Qüvvələrinin əsas ehtiyatı olan Birinci Ordu Korpusunun hərbi hissələrinin ixtisarı qərarına görə peşmanlıq ifadə etdiyini deməsinə münasibət bildirməyib? Tonoyan və keçmiş Baş Qərargah rəisi Artak Davtyanın sözlərinə görə, həmin hissələrin hesabına xüsusi təyinatlı bölmələr yaradılmışdı.
Axı Onik Qasparyan 2017-ci ildən Baş Qərargah rəisinin müavini olub, Ermənistan Silahlı Qüvvələrinin 1-ci Ordu Korpusu isə Qarabağın 9-cu müdafiə rayonunun arxa cəbhəsini qoruyurdu”, - deyə müəllif yazıb.
Məqalə müəllifinin sözlərinə görə, niyə keçmiş Baş Qərargah rəisi açıq şəkildə demir ki, “bir nömrəli hazırlıq” əmri nə vaxt verilib, niyə bu əmr elə əvvəldən verilməyib, kim buna imkan verməyib?
“Niyə Onik Qasparyan demir ki, 2020-ci il noyabrın 7-dən sonra Nikol Paşinyanın əmri ilə Şuşanı “geri almaq” (yenidən işğal etmək-red.) üçün hansı hesablamaya əsasən əməliyyatlara başlanıb? Həmin əməliyyatların uğursuzluğuna görə Paşinyan deyirdi ki, Onik Qasparyan məhkəmə qarşısında cavab verməlidir, “Onik Qasparyan hələ Şuşaya görə cavab verəcək”.
Bunlar açıq şəkildə səslənmiş suallar və ittihamlardır. Məgər Onik Qasparyan bunlara açıq cavab verməyə əsas görmür?
Hələ Andranik Köçəryanın dediyi “İsgəndər”in tətbiqi ilə bağlı rüsvayçı plan barədə danışmırıq. Bu mövzuda da iddialar açıq şəkildə səslənib və əgər burada dövlət və hərbi sirr hesab edilə biləcək məlumatlar varsa, digər suallara açıq cavab vermək olar.
Yeri gəlmişkən, müharibənin 4-cü günü döyüşləri dayandırmaq təklifi barədə də danışmaq pis olmazdı. Sırf hərbi baxımdan bu qərar nəyin nəticəsində yetişmişdi? Xüsusilə də Nikol Paşinyan əvvəlcə belə təklifin verildiyini təkzib etməmişdi, sonra Onik Qasparyan Təhlükəsizlik Şurası mübahisəsi zamanı həmin mövqeyindən geri çəkilmişdi, 2024-cü ilin mayında keçirdiyi mətbuat konfransında isə belə eyham vurmuşdu:
“Bir epizod var ki, mən onun haqqında tam danışmamışam, o cümlədən mənzərə mənim üçün tam aydın olmadığına görə danışmamışam. Bu, 7-ci gün müharibəni dayandırmaq barədə o məşhur söhbət idi (Onik Qasparyan 44 günlük müharibənin 4-cü günü Təhlükəsizlik Şurasının iclasında müharibəni dayandırmağı təklif etmişdi-“168.am”). Bu nə idi, nə demək idi, haradan gəlirdi və hara gedirdi, hansı məqsədlə idi”.
Beləliklə, 44 günlük müharibə dövrünün rəhbərliyi bəzi hallarda hücum edən tərəf kimi çıxış etməlidir, daim ən yaxşı halda cavab verən rolda olmamalıdır. Bəzən milli maraq bunu tələb edir, niyə də yox, həm də onların öz marağı bunu tələb edir. Sonradan, xüsusilə də müdafiə edənlər az və ya situativ olduqda müdafiə olunmaq daha çətin olacaq”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az