Erməni siyasi analitik: “Paşinyan deyir ki, “əgər mən olmasam, müharibə olacaq”, deməli müharibə mütləq olacaq”

2026/04/1776752473.jpg
Oxunub: 442     12:50     22 Aprel 2026    
“Əgər sülh yalnız Nikol Paşinyanın şəxsi fiquru və ya Türkiyə ilə Azərbaycanın tələbləri üzərində qurulubsa, onda müharibə mütləq olacaq”.

Ordu.az xəbər verir ki, bunu “Çiçəklənən Ermənistan” partiyasının seçki siyahısı ilə parlament deputatlığına namizəd, erməni siyasi analaitik Arman Abovyan partiyanın təqdim etdiyi “Təminatlı Sülh” konsepsiyasından danışarkən bildirib.

Abovyanın sözlərinə görə, onların təklif etdiyi təminatlı sülh Türkiyə və Azərbaycanla qarşıdurmanı nəzərdə tutmur, bu, reallığa realist yanaşmadır.

“İnsanları aldatdıqları, guya nələrisə inandırmağa çalışdıqları bugünkü söhbətlər, yəni sülh belədir, sülh elədir, bunlar nədir? Sülh yalnız sərhəddə atəş açılmaması deyil. Bütün bu proseslərin fonunda beynəlxalq hüquq mövcud deyil, başqa sözlə, legitimliyin əsasları bu gün sadə bir faktor ətrafında formalaşır: özünü qoruya bilirsən, ya yox. Əgər qoruya bilmirsənsə, istəsən gündə 15 dəfə sülh müqaviləsi imzala, yenə də səni tabe edəcəklər”, - deyə erməni siyasi analitik bildirib.

Abovyan vurğulayıb ki, sülh içində yaşamaq üçün reallıqla üzləşmək lazımdır.

“İnsanlara danışdıqları Alma-Ata nağılları siyasi elm baxımından o qədər absurddur ki, hətta toxunmağa dəyməz. Biz insanlara nə deyirik? Biz insanlara bunu deyirik: əgər sülh içində yaşamaq istəyirsənsə, reallıqla üzləşməlisən. Nə etmək lazımdır? Heç bir halda müharibəni təhrik etmək olmaz. Bunu bir kənara qoyduq. Ermənistanda bir dənə də siyasi qüvvə yoxdur ki, mən müharibə başlatmaq istəyirəm desin. İkincisi, Paşinyanın sülhü Türkiyə və Azərbaycanın tələbləri üzərində qurulub, yəni o deyir ki, “əgər mən olmasam, müharibə olacaq”. Deməli müharibə mütləq olacaq, çünki nə insan, nə də hansısa siyasi qüvvə əbədi deyil və bu baxımdan təminatlı sülh elə sistemdir ki, ümumiyyətlə hakimiyyətdə kimin olmasının fərqi yoxdur”, - deyə o qeyd edib.

Abovyan vurğulayıb ki, indiki şəraitdə Nikol Paşinyan Ermənistan Konstitusiyasını dəyişib onu “ofis nizamnaməsi”nə çevirməyə çalışaraq çox dərin məqsəd güdür.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Abovyan  


Bizi "telegram"da izləyin