Rusiyanın “Orion” pilotsuz uçuş aparatlarının istehsalçısı iflasın astanasındadır

2026/04/Ekran-1775847848.jpg
Oxunub: 433     22:58     10 Aprel 2026    
“Orion” da daxil olmaqla hərbi pilotsuz uçuş aparatlarının əsas istehsalçılarından biri olan Rusiyanın “Kronştadt” səhmdar cəmiyyəti iflas həddinə çatıb.

Ordu.az xəbər verir ki, bu barədə “Cnews” məlumat yayıb.

Məlumata görə, vəziyyət beynəlxalq sanksiyalar və yüksək faizli kreditlər nəticəsində yaranmış zərərlər və borclarla bağlıdır.

Martın sonunda “Elektron Cihazqayırma Xüsusi Konstruktor Bürosu” MMC məhkəmə qərarına əsasən borcun ödənilməməsi səbəbindən şirkətin iflas elan olunması üçün iddia qaldırıb.

2025-ci ilin sonuna olan məlumata görə, şirkətin sahibi olan “DK Kronştadt” MMC-nin zərəri 4,6 milyard rubl təşkil edib.

Son bir il ərzində pilotsuz uçuş aparatı istehsalçısına qarşı ümumi məbləği 2,6 milyard rubl olan 154 məhkəmə iddiası qaldırılıb.

Bütün iddialar təchizat müqavilələri üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə bağlıdır. İddiaçılar arasında Rusiyanın müdafiə sənayesi müəssisələri “Akvamaş”, “Elektromaşınqayırma Zavodu” və “Arsenal” yarımkeçirici cihazlar zavodu da var.

Şirkətə qarşı oxşar iddialar ötən ilin yayından başlayaraq artmağa başlayıb. 2025-ci ilin avqust ayına qədər “Kronştadt”a qarşı ümumi məbləği 626,3 milyon rubl olan 40 iddia qaldırılmışdı.

Bundan əvvəl, 2023-cü ilin avqust ayında “Turboget Micro” şirkəti də istehsalçını iflasa sürükləməyə cəhd etmişdi.

Şirkət özü zərərləri maliyyə yatırımları üzrə ehtiyatlarla və Rusiyanın Ukraynaya qarşı müharibəsi səbəbindən tətbiq edilən beynəlxalq sanksiyalarla əlaqəli yüksək kredit faizləri ilə izah edir. Bundan əlavə, bazar ekspertləri iflas vəziyyətini 2022-ci ildə strateji investorun itirilməsi ilə əlaqələndirir.

Pilotsuz uçuş aparatlarının istehsalı ilə yanaşı, “Kronştadt” naviqasiya proqram və avadanlıqlarının, yerüstü idarəetmə stansiyalarının və pilotsuz aviasiya üçün kompleks həllərin hazırlanması üzrə ixtisaslaşıb.

2025-ci ilin may ayında Ukraynanın pilotsuz uçuş aparatları Moskva yaxınlığındakı Dubna şəhərində yerləşən Orion istehsal müəssisəsinə zərbə endirib. Ukraynanın Müdafiə Kəşfiyyatına görə, burada yeni S8000 “Banderol” qanadlı raketi də istehsal olunur.

Hazırda “Kronştadt” şirkəti Avstraliya, ABŞ, Avropa İttifaqı, Böyük Britaniya, Yaponiya, Ukrayna, İsveçrə və Yeni Zelandiya tərəfindən tətbiq olunan sanksiyalara məruz qalıb.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Orion  


Bizi "telegram"da izləyin