Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Nazir bildirib ki, son həftələrdə Rusiyanın Böyük Britaniyanın şimalındakı Atlantik sularında artan hərbi fəaliyyəti yaxından izlənilib və buna qarşı tədbirlər görülüb. Açıqlamada qeyd olunub ki, Rusiya “Akula” sinfinə məxsus bir sualtı qayıq və Prezident Vladimir Putinin birbaşa göstərişi ilə fəaliyyət göstərən Dərin Dəniz Tədqiqatları Baş İdarəsinə (GUGI) bağlı iki xüsusi sualtı qayıq vasitəsilə bölgədə gizli əməliyyatlar həyata keçirib.
“Son bir neçə həftə ərzində, bir çoxlarının diqqəti Yaxın Şərqə yönəldiyi halda, Böyük Britaniya Norveç və digər müttəfiqlərlə əməkdaşlıq çərçivəsində ölkənin şimalındakı Atlantik sularında artan Rusiya fəaliyyətinə cavab verib”, - deyə müdafiə naziri Con Hili bildirib.
Böyük Britaniyanın Müdafiə Nazirliyi Norveç və digər müttəfiqlərlə koordinasiyalı şəkildə həyata keçirilən əməliyyatın bir aydan çox davam etdiyini açıqlayıb. Bildirilib ki, Rusiya sualtı qayıqları sülh dövründə sualtı infrastrukturu xəritələşdirmək, müharibə dövründə isə sabotaj həyata keçirmək üçün nəzərdə tutulub. Böyük Britaniya Silahlı Qüvvələrinə məxsus hərbi gəmi və Kral Hərbi Hava Qüvvələrinin P8 Poseidon dəniz patrul təyyarələri Rusiya qüvvələrini sutka ərzində fasiləsiz izləyib.
Əməliyyat zamanı Britaniya təyyarələrinin 450 saatdan çox uçuş həyata keçirdiyi, freqatların minlərlə dəniz mili məsafə qət etdiyi və ümumilikdə 500 nəfərin əməliyyatda iştirak etdiyi bildirilib. İzlənildiyini anlayan Rusiya “Akula” sinfinə məxsus sualtı qayığı bazasına qayıdıb, digər iki GUGI sualtı qayığı isə Britaniya ərazi sularını tərk edərək şimala doğru istiqamət alıb.
Rusiya sualtı təhdidinə qarşı “Atlantic Bastion” proqramı
Britaniya hökuməti dəniz dibində yerləşən kabel və boru xətlərinin milli təhlükəsizlik və iqtisadiyyat üçün həyati əhəmiyyət daşıdığını vurğulayaraq beynəlxalq məlumat trafikinın 99 faizinin və evlərin istiliklə təmin edən qazın yarısının bu şəbəkə vasitəsilə daşındığını xatırladıb. Açıqlamada Rusiyanın bu strateji nöqtələri hədəf alan “hibrid müharibə” taktikalarına qarşı müdafiə xərclərinin artırılacağı, P8 təyyarələri üçün əlavə 100 milyon funt sterlinq vəsait ayrıldığı və “Atlantic Bastion” adlı yeni müdafiə proqramının başladıldığı bildirilib.
Böyük Britaniya “Arctic Sentry” adlı yeni NATO missiyasına rəhbərlik edəcəyini və bu il bölgəyə aviadaşıyıcı zərbə qrupunun yerləşdiriləcəyini açıqlayaraq Moskvanı sualtı infrastruktura qarşı hər hansı hücumun “ciddi nəticələrə” səbəb olacağı barədə xəbərdar edib.
Sevinc Əliyeva
Ordu.az