Livan ilə kimin və hansı səlahiyyətlərlə danışıqlar aparacağı, tərəflərin nümayəndələrinin nə vaxt və harada görüşəcəyi hələ məlum deyil. Diqqətçəkən məqam ondan ibarətdir ki, həmin gün Birləşmiş Ştatlar İran ilə danışıqlarda iştirak edəcək nümayəndələrinin kimliyini açıqlayıb. Nümayəndə heyətinə vitse-prezident Cey Di Vens rəhbərlik edəcək, Donald Trampın kürəkəni Cared Kuşner və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkof da heyətə daxil olacaq.
İsrailin baş nazirinin Livan ilə danışıqlara başlanması barədə bəyanatını İranın diplomatik uğuru hesab etmək olar. ABŞ ilə atəşkəs əldə olunandan etibarən Tehran müxtəlif səviyyələrdə israr edib ki, “əgər Livanda da atəşkəs bərqərar olunmasa, danışıqların mənası olmayacaq”. Bununla bağlı ABŞ-nin vitse-prezidenti Vens Tehranın bu yanaşmasını “yanlış anlama” kimi qiymətləndirib və aydınlaşdırıb ki, Birləşmiş Ştatların İsrailin “Hizbullah”a qarşı hücumu məsələsində heç bir öhdəliyi yoxdur.
Görünür, İslamabadda planlaşdırılan danışıqların pozulması və müharibənin yenidən başlanması təhlükəsi son dərəcə yüksəkdir. Ehtimal etmək olar ki, Livan ilə danışıqlara başlamaqla bağlı Netanyahuya təhrik Vaşinqtondan edilib ki, İran ilə danışıqların uğursuzluğunun formal səbəblərindən biri gündəlikdən çıxarılsın. İsrailin müdafiə naziri Kats isə vəziyyəti belə təqdim edib ki, terrorçu “Hizbullah” atəşkəs dilənib.
Əlbəttə, İsrail-Livan danışıqları hələ başlanmayıb, onların nəticəsini proqnozlaşdırmaq son dərəcə çətindir. Amma əgər Livanın cənubunda da atəşkəs bərqərar olarsa, onda belə nəticəyə gəlmək olar ki, Birləşmiş Ştatlar həqiqətən də İran ilə predmetli danışıqlarda maraqlıdır. Lakin vəziyyət hər hansı proqnoz vermək üçün həddindən artıq kövrəkdir.
Asif Cəfərov
Ordu.az