Rusiya PUA hücumlarına baxmayaraq, Baltik limanlarından neft ixracını artırıb

2026/04/1775539853.jpg
Oxunub: 362     20:40     10 Aprel 2026    
Aprel ayının əvvəlində Rusiyanın qərbdəki iri limanlarından neft ixracı mart ayı ilə müqayisədə artıb. Bu, Ukraynanın pilotsuz uçuş aparatları ilə hücumları nəticəsində yükləmə prosesində yaranan fasilələrə baxmayaraq baş verib.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” öz mənbələrinə və hesablamalarına istinadən yazır.

BBC-nin məlumatına görə, martın sonunda Ukrayna Baltik və Qara dənizdə yerləşən Rusiya neft ixrac limanlarına, eləcə də Rusiyanın iri neftayırma zavodlarına pilotsuz uçuş aparatları ilə hücumları gücləndirib. Bu isə ixrac və emal təchizat zəncirlərində yaranan fasilələr səbəbindən Rusiya neft hasilatının azalması riskini artırır.

“Reuters”in mənbələrinin bildirdiyinə görə, Baltikdəki Ust-Luqa və Primorsk limanları, eləcə də Qara dənizdəki Novorossiysk limanı aprelin ilk həftəsində birlikdə gündəlik təxminən 2 milyon barrel neft yükləyib. Bu göstərici mart ayındakı gündəlik orta 1,9 milyon barrel ilə müqayisədə yüksəkdir.

Agentliyin mənbələrinin sözlərinə görə, yükləmənin ən böyük hissəsi martın 23-də pilotsuz uçuş aparatı hücumuna məruz qalan, lakin qısa müddət sonra fəaliyyətini bərpa edən Primorskda həyata keçirilib.

Ust-Luqada neft yüklənməsi martın 25-də pilotsuz uçuş aparatı hücumundan sonra dayandırılmış və yalnız aprelin 6-da bərpa olunmuşdu. Nəticədə ayın əvvəlində bu limandan minimal həcmdə yük daşınıb.

Cümə axşamı axşamı Novorossiysk limanının Şeşxaris terminalından neft və yanacaq yüklənməsi pilotsuz uçuş aparatı hücumu səbəbindən yaranmış dörd günlük fasilədən sonra qismən bərpa edilib. Martın əvvəlində “Şeşxaris” terminalına edilmiş əvvəlki iri hücum nəticəsində xam neftin yüklənməsi və ixracında yaranmış gecikmələr səbəbindən fəaliyyət beş gün dayandırılmışdı.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   PUA   Baltik  


Bizi "telegram"da izləyin