Ordu.az xəbər verir ki, bu barədə “Axios” məlumatlı mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, danışıqlara Pakistan, Misir və Türkiyə vasitəçilik edir. Eyni zamanda ABŞ prezidentinin nümayəndəsi Stiv Uitkoff ilə İranın xarici işlər naziri Abbas Əraqçi arasında qısa mesajlaşmalar vasitəsilə də əlaqə saxlanılır.
Mənbələr bildirir ki, yaxın 48 saat ərzində qismən razılaşmaya nail olunması ehtimalı azdır.
ABŞ rəsmisi portala bildirib ki, Tramp administrasiyası son günlər Tehrana bir neçə təklif göndərib, lakin iranlı rəsmilər hələlik onları qəbul etməyiblər.
Mənbələrin sözlərinə görə, vasitəçilər tərəflərlə iki mərhələli razılaşmanın şərtlərini müzakirə edirlər. Birinci mərhələ 45 günlük atəşkəsi əhatə edə bilər.
Mənbələrdən biri əlavə edib ki, danışıqlar üçün daha çox vaxt lazım olarsa, atəşkəs uzadıla bilər.
“Axios”un məlumatına görə, ikinci mərhələ münaqişənin tam dayandırılması ilə bağlı razılaşmanın əldə olunmasını nəzərdə tuta bilər.
Mənbələr bildirir ki, vasitəçilər hesab edir ki, Hörmüz boğazının tam açılması və yüksək zənginləşdirilmiş uran məsələsinin həlli yalnız yekun razılaşma çərçivəsində mümkün olacaq.
Məlumatda qeyd olunur ki, vasitəçilər Tramp administrasiyasının İrana atəşkəsin müvəqqəti olmayacağı və müharibənin yenidən başlanmayacağı ilə bağlı təminatlar verməsi üçün atıla biləcək addımlar üzərində işləyirlər. Mənbələr vurğulayıb ki, iranlı rəsmilər vasitəçilərə açıq şəkildə bildiriblər ki, Qəzza və ya Livanda yaranmış vəziyyətə bənzər vəziyyətə düşmək istəmirlər.
Sevinc Əliyeva
Ordu.az