SEPAH Bəhreyn, Küveyt, BƏƏ və Hayfadakı obyektlərə zərbələr endirdiyini bildirib

2026/03/raket-1772387554.jpg
Oxunub: 569     21:29     05 Aprel 2026    
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyan edib ki, İranın mülki infrastrukturuna ABŞ və İsrailin istənilən növbəti hücumu düşmən obyektlərinə qarşı daha güclü cavab zərbələri ilə nəticələnəcək.

Ordu.az xəbər verir ki, bu barədə “Press TV” məlumat yayıb.

SEPAH-ın ictimaiyyətlə əlaqələr şöbəsi bazar günü səhər yaydığı bəyanatda bildirib ki, SEPAH-ın dəniz və aerokosmik qüvvələri “Doğru vəd - 4” əməliyyatının 96-cı dalğası çərçivəsində BƏƏ, Bəhreyn və Küveytdəki düşmən obyektlərini “odlayıb”.

SEPAH-ın bəyanatına görə, cavab zərbələri Kərəcdəki B1 körpüsünə və Mahşəhr neft-kimya zavodlarına düşmənlərin amansız hücumlarına cavab olaraq endirilib.

Bu səhər konkret hərbi hədəflərə endirilən zərbələrə əlavə olaraq, SEPAH daha intensiv hücumların davam edəcəyini açıqlayıb. İran silahlı qüvvələri Hayfadakı neft emalı zavoduna kütləvi zərbələr endirib, həmin zavod İsrail qırıcılarını yanacaqla təmin edir. Hücum nəticəsində müəssisənin əsas hissələrinə ciddi ziyan dəyib.

BƏƏ-də yerləşən “Exxon Mobil” və “Chevron”un qaz obyektləri, eləcə də Əl-Ruveysdəki ABŞ-yə məxsus neft-kimya kompleksi də hücuma məruz qalıb. Bildirilir ki, hücum müəssisədə böyük yanğına səbəb olub, həmin müəssisə ABŞ silahlı qüvvələri üçün yanacaqla bağlı materiallar və İsrail üçün hərbi məhsullar istehsal edir.

Bəyanata əsasən, Bəhreyndə ABŞ-yə məxsus “Sitrah” neft-kimya zavoduna pilotsuz uçuş aparatlarının kütləvi hücumu da böyük yanğına və obyektin əsas hissələrinin ciddi zədələnməsinə səbəb olub. Bu müəssisə amerikalı hərbçilərin istifadə etdiyi neft məhsullarının istehsalı ilə məşğuldur. Cavab zərbələri Küveytdə ABŞ-yə məxsus “Şuayba” neft-kimya müəssisəsinə də endirilib. Hücum böyük yanğına səbəb olub və kompleksin tam bağlanmasına gətirib çıxarıb.

“Bu gün baş verənlər düşmənlərin ölkənin mülki infrastrukturuna hücumlarına cavabımızın yalnız birinci mərhələsi idi. Rəqib quruda, dənizdə və təhlükəsizlik sahəsində uğursuz olub, onun hava imkanları da çoxsaylı təyyarə və pilotsuz uçuş aparatlarını itirməsi səbəbindən zəifləyib. Çoxsaylı uğursuzluqlarını gizlətməyə çalışan iki düşmən indi mülki obyektlərə zərbə endirməyə əl atıb. Əgər mülki obyektlərə hücumlar təkrarlanarsa, əməliyyatın növbəti mərhələsi daha intensiv və genişmiqyaslı olacaq”, - deyə SEPAH xəbərdarlıq edib.

SEPAH, həmçinin vəd edib ki, ABŞ sonda hücumların vurduğu dağıntılara görə təzminat ödəməli olacaq və bu xərcləri amerikalı vergiödəyiciləri daşımalı olacaqlar.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SEPAH   İsrail  


Bizi "telegram"da izləyin