“Osvedomitel”: Pilotun xilasetmə əməliyyatı ABŞ-ni daha cəsarətli addımlara sövq edə bilər

2026/04/1775395690.jpg
Oxunub: 578     17:28     05 Aprel 2026    
Vurulmuş F-15E-nin ikinci pilotu Dehdeşt şəhəri yaxınlığından təxliyə olunub.

Ordu.az xəbər verir ki, bu barədə “Osvedomitel” “Telegram” kanalı Yaxın Şərq mənbələrinə istinadən yazıb.

Mənbənin məlumatına görə, o, əvvəlcə Kohqiluyə və Buyer-Əhməd əyalətinin Siyah dağında, qayalardakı yarıqlardan birində gizləndiyi yerdə aşkar edilib.

Təxliyə qrupunun amerikalı hərbçiləri Spahanın cənubunda yerləşən açıq əraziyə endiklərini bildiriblər.

Siyah dağı ilə Spahanın cənubu arasındakı məsafə düz xətt üzrə azı 231 kilometr, avtomobil yolu ilə isə 428 kilometr təşkil edir.

Kanal qeyd edir ki, böyük ehtimalla ikinci pilot Küveyt sərhədindən təxminən 400 kilometr aralıda yerləşən təxliyə nöqtəsinə helikopterlə, ehtimal ki, xüsusi təyinatlı qüvvələrin 160-cı aviasiya alayına məxsus MH-6M “Little Bird” ilə aparılıb.

“Olduqca maraqlı vəziyyət yaranır. ABŞ silahlı qüvvələri bir yarım gün ərzində İranın dərinliyində, ölkə sərhədindən 400 kilometr uzaqlıqda hava əməliyyatı həyata keçirib, axtarış təşkil edib, sahə hava limanı qurub, pilotu təxliyə nöqtəsinə çatdırıb, daha sonra isə yeni gələn təyyarələrlə sonrakı təxliyəni həyata keçirib və bütün bunları şəxsi heyət arasında itki vermədən edib. Üstəlik, əməliyyata cəlb edilmiş Amerika qüvvələrinə qarşı bütün müqavimət əsasən yerli əhali və “Bəsic” qüvvələrinin atıcı silah atəşinə əsaslanıb, bu isə təkcə HHM zonalarında deyil, həm də “Bəsic”, İran ordusunun hərbçiləri və SEPAH-ın elementar təşkilatlanması və daşınan zenit-raket kompleksləri məsələsində böyük boşluqları üzə çıxarıb”, - deyə “Osvedomitel” vurğulayıb.

Kanala görə, ABŞ Prezidenti Donald Tramp administrasiyasının quru əməliyyatı ehtimalını da nəzərdən keçirdiyi bir şəraitdə F-15E-nin ikinci pilotunun təxliyəsi əməliyyatını müşayiət edən bu cür hallar amerikalıları helikopterlər və ABŞ xüsusi təyinatlı qüvvələrinin cəlb olunması ilə hava əməliyyatları barədə daha cəsarətli fikirlərə sövq edə bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ   F-15  


Bizi "telegram"da izləyin