Ordu.az xəbər verir ki, iki gün əvvəl İranın cənubunda qəzaya uğrayan F-15E təyyarəsinin pilotu və Silah Sistemləri zabiti (SSS) katapult oturacağı ilə təyyarədən ayrılmışdı.
Pilot qısa müddətdə xilas edilsə də, digər heyət üzvünün tapılması üçün bölgədə genişmiqyaslı əməliyyat başladılıb.
İlkin mərhələdə helikopter və A-10 itkisi
Xilasetmə fəaliyyətinin ilk mərhələsində iki ədəd MH-60 “Black Hawk” axtarış-xilasetmə helikopteri vurulub. Helikopterlərin ağır zərər görməsinə baxmayaraq, onların İraqa keçə bildiyi bildirilib.
Əməliyyata yaxın hava dəstəyi göstərən bir ədəd A-10 “Thunderbolt II” də tapşırıq zamanı vurulub. Təyyarənin pilotunun paraşütlə tullandıqdan sonra xilas edildiyi bildirilib.
İkinci əməliyyatda xüsusi təyinatlı qüvvələrin dəstəyi
Silah Sistemləri zabitini xilas etmək məqsədilə ikinci əməliyyat həyata keçirilib. Bu çərçivədə bölgəyə iki ədəd MC-130J “Commando II” endirilib. Əməliyyata həmçinin xüsusi təyinatlı qüvvələri daşıyan MH-6 “Little Bird” helikopterləri də dəstək verib.
Güclü hava mühafizəsi altında həyata keçirilən əməliyyatda xüsusi təyinatlı qüvvələr SSS-ni sağ şəkildə xilas etməyə nail olub.
Təxliyə zamanı kritik itkilər
Xilasetmədən sonra bölgədən çıxış mərhələsində iki MC-130J təyyarəsinin və bir MH-6 helikopterinin havaya qalxa bilmədiyi bildirilib. Bunun ardından həmin hava vasitələrinin düşmən qüvvələrinin əlinə keçməsinin qarşısını almaq məqsədilə ABŞ tərəfindən məhv edildiyi qeyd olunub.
Bölgəyə əlavə hava vasitələrinin yönləndirildiyi və əməliyyat zamanı pilotsuz uçuş aparatlarının və digər platformaların mühafizə vəzifəsini yerinə yetirdiyi bildirilib.
Əməliyyatı Tramp izləyib
Əməliyyatın Donald Tramp tərəfindən real vaxt rejimində izlənildiyi bildirilib. Trampın əməliyyat başa çatdıqdan sonra “Onu aldıq” (We got him) ifadəsi ilə prosesi ictimaiyyətə açıqladığı qeyd olunub.
Əməliyyatın ümumi mənzərəsi
Həyata keçirilən axtarış-xilasetmə əməliyyatının nəticəsində:
2 ədəd MH-60 helikopteri ağır zədələnib
1 ədəd A-10 təyyarəsi itirilib
2 ədəd MC-130J təyyarəsi məhv edilib
1 ədəd MH-6 helikopteri məhv edilib
Bütün itkilərə baxmayaraq, qəzaya uğrayan F-15E təyyarəsinin Silah Sistemləri zabitinin sağ şəkildə xilas edildiyi bildirilib.
Əməliyyat yüksək təhlükə mühitində həyata keçirilən axtarış-xilasetmə tapşırıqlarının risk səviyyəsini və dəyərini bir daha ortaya qoyub.
Sevinc Əliyeva
Ordu.az