ÜST və AEBA rəhbərləri ABŞ və İsrailin “Buşehr” AES-ə zərbələri ilə bağlı həyəcan təbili çalır

2026/03/1774254521.jpg
Oxunub: 453     15:55     05 Aprel 2026    
ÜST rəhbəri Tedros Adhanom Qebreyesus və AEBA rəhbəri Rafael Qrossi “X” sosial şəbəkəsində ABŞ və İsrail qüvvələrinin İranın “Buşehr” AES ərazisinə endirdiyi zərbələrlə bağlı həyəcan siqnalı veriblər.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

“Mən AEBA-yə qoşuluram: biz yenidən İranda nüvə obyektlərinin təhlükəsizliyi ilə bağlı həyəcan təbili çalırıq. Buşehr atom elektrik stansiyası ilə bağlı son insident bir daha xatırladır ki, belə zərbə nüvə qəzasına səbəb ola bilər və bu, gələcək nəsillərin sağlamlığı üçün nəticələr doğura bilər. Münaqişənin hər gün eskalasiyası ilə risklər və təhlükələr daha da artır. Biz dərhal gərginliyin azaldılmasına keçməliyik. Sülh ən yaxşı dərmandır”, - deyə ÜST rəhbəri vurğulayıb.

AEBA-nın baş direktoru Rafael Qrossi isə öz növbəsində insidentlə bağlı məlumatlara görə “dərin narahatlığını” ifadə edib. O bildirib ki, AES ərazisi və ya ona bitişik zonalar heç bir halda hücumlara məruz qalmamalıdır, çünki yardımçı binalarda təhlükəsizliyin təmin olunması üçün həyati əhəmiyyətli avadanlıqlar yerləşə bilər.

“Baş direktor Qrossi nüvə qəzası riskinin qarşısını almaq üçün maksimum hərbi təmkinə çağırışını təkrarlayaraq münaqişə zamanı nüvə təhlükəsizliyinin təmin olunmasına dair 7 əsas prinsipə riayət edilməsinin prioritet əhəmiyyətini bir daha vurğulayır”, - deyə AEBA-nın bəyanatında qeyd olunub.

Xatırladaq ki, “Buşehr” AES ərazisi sonuncu dəfə aprelin 4-də zərbələrə məruz qalıb. AES-in bir əməkdaşı həlak olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Buşehr   ÜST   AEBA  


Bizi "telegram"da izləyin