Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi “Buşehr” atom elektrik stansiyasının raket atəşinə tutulmasının “İran və qonşu ölkələrin ərazisində radiasiya fonunun dəyişməsi təhlükəsi yaratdığını” bildirərək narahatlıq ifadə edib. Bununla belə, ABŞ Prezidenti Tramp İrana daha güclü zərbələrlə hədələyir. O, daha əvvəl demişdi ki, “İran daş dövrünə qayıdacaq”, yəni müharibəni dayandırmaq üçün irəli sürülən Amerika şərtləri qəbul edilməsə, İslam Respublikasının bütün enerji sistemi məhv ediləcək.
Mövcud vəziyyətin əsas çətinliyi, görünür, İran məsələsində Rusiya və ABŞ-nin yanaşmalarının köklü şəkildə zidd olmasıdır. Qlobal əhəmiyyətli məsələ ətrafında Moskva və Vaşinqtonun yaxın gələcəkdə heç olmasa uyğunlaşdırılmış mövqelər müəyyənləşdirəcəyini gözləmək çətindir. Daha çox ehtimal olunur ki, ötən il Alyaskada keçirilmiş Tramp-Putin sammitinin “ümumi anlayışları”, onsuz da son dövrlərdə tam işləməyən bu mexanizm tamamilə dağılacaq.
ABŞ prezidentinin Ukrayna və Rusiya məsələləri üzrə keçmiş xüsusi nümayəndəsi general Kelloq NATO-nun gələcəyinə toxunaraq, Ağ Evə “İsrail, Hindistan, Avstraliya, Ukrayna və bir neçə digər ölkəni cəlb etməklə” yeni hərbi ittifaq formalaşdırmağı təklif edib. Kelloqun bu bəyanatı Qərb ekspertlərinə belə nəticə çıxarmağa imkan verib ki, ABŞ “Ukraynanın müharibə təcrübəsini və onun ordusunun döyüş qabiliyyətini kifayət qədər yüksək qiymətləndirir”.
Rusiyalı mühacir siyasətçi Xodorkovskinin sözlərinə görə, Vaşinqtonun Ukraynanın hərbi potensialına və gələcək imkanlarına marağı Vladimir Zelenskinin Fars körfəzi ərəb monarxiyalarına “kifayət qədər uğurlu səfəri” ilə bağlıdır. Məlumdur ki, Ukraynanın Türkiyə, eləcə də bir sıra Avropa ölkələri ilə hərbi-texnoloji əməkdaşlığı mövcuddur.
Bu kontekstdə rusiyalı politoloq Suslov bildirib ki, TRIPP-ə (Zəngəzur dəhlizi-red.) münasibətdə Moskvanın mövqeyi dəyişib, çünki “Ankoric razılaşmaları yenidən nəzərdən keçirilib”. Hələ ilin əvvəlində Rusiya xarici işlər naziri Lavrov etiraf etmişdi ki, “Ankoricin ruhu buxarlanır”. Məlumata görə, İranın xarici işlər naziri Abbas Əraqçi Tehranın “İslamabadda müharibənin dayandırılması üzrə müzakirələrə başlamağa hazır olduğunu” eyhamla bildirib.
Əgər yaxın iki gün ərzində İran ilə ABŞ arasında danışıqlar başlamasa, münaqişənin “sərhədləri genişlənə bilər”. Lakin İsrail-ABŞ-İran atəşkəsinin praktikada nə verəcəyi hələ də qeyri-müəyyən qalır. Münaqişənin birbaşa və maraqlı tərəflərinin coğrafiyası çox genişdir, onların əsas maraqları isə kəskin şəkildə ziddiyyətlidir. Daha çox belə təəssürat yaranır ki, bütün tərəflər üçün qəbul edilə bilən status-kvo yalnız “daha böyük partlayışdan sonra” formalaşa bilər.
Asif Cəfərov
Ordu.az