Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
“Bu müharibə İsrailin müharibəsidir və onun nəticəsində yaranan təhlükəsizlik sisteminin dağılması və itkilər bütün dünyaya təsir edib”, - deyə Qalibaf “Al Jazeera Arabic” telekanalına müsahibəsində bildirib.
O qeyd edib ki, İran bu qarşıdurmaya hazırlaşıb və özünü müdafiə etmək qabiliyyətini sübut edib.
“İran öz mövcudluğunu qorumaq üçün regionda ABŞ-nin bazalarına və maraqlarına qarşı zərbələr endirməyə məcbur idi”, - deyə o bildirib və xəbərdarlıq edib ki, İrana qarşı hər hansı əlavə gərginlik “qəti və geniş cavabla” qarşılanacaq və bu cavab ABŞ maraqlarına yönələcək.
Qalibafın sözlərinə görə, regionda sabitliyin qorunması bütün region dövlətlərinin maraqlarına uyğundur və İran sabit təhlükəsizliyi prioritet hesab edir.
O qeyd edib ki, region ölkələri öz maraqlarını ikitərəfli və çoxtərəfli təhlükəsizlik mexanizmləri vasitəsilə “xarici müdaxilə olmadan” qoruya bilərlər.
İran parlamentinin sədri həmçinin bildirib ki, regiondakı qeyri-sabitliyin əsas mənbələri aradan qaldırılmalıdır.
Qalibaf vurğulayıb ki, təhlükəsizlik “ABŞ və İsrailin iştirakı olmadan” təmin edilməlidir.
Sevinc Əliyeva
Ordu.az