Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Türkiyə Milli Müdafiə Nazirliyi mənbələrindən əldə edilən məlumata görə, dünya üzrə piyada əleyhinə minaların istifadəsinin, saxlanmasının, istehsalının və ötürülməsinin qadağan edilməsi və onların məhv edilməsi ilə bağlı 161 ölkənin imzaladığı Ottava Müqaviləsinə tərəf olan Türkiyə 2015-ci ildə MAFAM-ın yaradılmasına dair qanunu qəbul edərək bu sahədə qətiyyətini nümayiş etdirib.
Bu qətiyyət istiqamətində Türkiyə, Birləşmiş Millətlərin “Minalardan azad dünya” hədəfinə uyğun olaraq torpağa basdırılmış bütün minaların təmizlənməsi və partlamamış sursatlardan təmizləmə fəaliyyətlərini sürətləndirib.
Türkiyədə piyada əleyhinə minalar 1956-cı ildən etibarən Suriya sərhədində qaçaqmalçılığın qarşısını almaq məqsədilə istifadə olunmağa başlanıb, 1993-1997-ci illər arasında baş verən terror hadisələrindən sonra isə Şərqi və Cənub-Şərqi Anadolu bölgəsində hərbi ərazilərin və sərhəd təhlükəsizliyinin təmin edilməsi məqsədilə yerləşdirilib.
Terror təhlükəsi və sərhəd təhlükəsizliyi səbəbilə yerləşdirilmiş minaların təmizlənməsi fəaliyyətləri sayəsində kənd təsərrüfatı və heyvandarlıqla məşğul olan bölgə əhalisinin can və əmlak təhlükəsizliyi qorunaraq iqtisadi inkişafın artırılmasına da töhfə verilib.
Həmçinin həyata keçirilən mina təmizləmə fəaliyyətləri ilə tarixi zənginliklərin mövcud olduğu minalanmış ərazilərin də mədəni irsə daxil edilməsi təmin olunub.
228 min mina məhv edilib
Digər tərəfdən, MAFAM Türkiyədə mina riski yüksək olan bölgələrdə və minalanmış ərazilərə yaxın ərazilərdə yaşayan vətəndaşların yaralanmasına və ya həyatını itirməsinə səbəb olan piyada əleyhinə quru minalarının riskləri ilə bağlı maarifləndirməni artırmaq məqsədilə 2015-ci ildən bu yana fəaliyyətlərini davam etdirir.
MAFAM İdarə Rəhbərliyinin koordinatorluğu ilə həyata keçirilən humanitar məqsədli mina təmizləmə işləri çərçivəsində 2015-ci ildən bu günə qədər ölkə sərhədləri daxilində təxminən 56 milyon kvadratmetr ərazi təmizlənərək 228 min mina məhv edilib.
TSQ tərkibində 32 ÖMAT qrupu fəaliyyət göstərir
Ottava Müqaviləsinin imzalanmasından sonra humanitar məqsədli mina təmizləmə fəaliyyətlərini həyata keçirmək üçün Türkiyə Silahlı Qüvvələri (TSQ) və Jandarma Baş Komandanlığı tərəfindən Xüsusi Mina Axtarış və Təmizləmə (ÖMAT) bölmələri yaradılaraq ehtiyac olan ərazilərdə yerləşdirilib.
Hazırda Iğdır, Tunceli, Şırnak, Şanlıurfa, Kilis və Hatayda Milli Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyinin tərkibində fəaliyyət göstərən ÖMAT və JÖMAT bölmələri vasitəsilə humanitar məqsədli mina təmizləmə fəaliyyətləri həyata keçirilir.
Türkiyə Quru Qoşunları Komandanlığının tərkibində 8 ÖMAT bölük komandanlığı mövcuddur. Ümumilikdə isə hər biri müstəqil tapşırıqları yerinə yetirə bilən 32 ÖMAT qrupu fəaliyyət göstərir.
ÖMAT qrupları onlara verilən tapşırıqları tərkiblərində olan partlayış dəstləri, mina detektorları, minadan qoruyucu geyim və çəkmələr, ip-qarmaq dəstləri, mina sahəsi işarələmə dəstləri və koordinat təyinetmə cihazları ilə yerinə yetirir.
Sözügedən avadanlıqlara əlavə olaraq, ÖMAT qrupları təmizlənmiş mina sahələrinin yoxlanılması məqsədilə yerli və milli imkanlarla istehsal edilmiş qabaqcıl mina təmizləmə texnologiyaları və vasitələri sırasında yer alan mexaniki mina təmizləmə avadanlıqlarından və mina axtaran itlərdən də istifadə edir.
Dost və müttəfiq ölkələrlə hərbi əməkdaşlıq sazişləri çərçivəsində humanitar məqsədli mina təmizləmə sahəsində ilk dəfə 2020-ci il dekabrın 11-də Azərbaycana göndərilən ÖMAT bölükləri Ağdam, Cəbrayıl, Hadrut və Laçın bölgələrində Azərbaycan bölmələrinə təlim dəstəyi verib və verməyə davam edir.
Bundan əlavə, Suriya, Liviya, Litva, Ukrayna, Nigeriya və Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) üzvü olan ölkələrlə humanitar məqsədli mina təmizləmə sahəsində əməkdaşlıq və potensialın inkişafı fəaliyyətləri də davam etdirilir.
20 min nəfərə təlim verilib
Digər tərəfdən, MAFAM tərəfindən humanitar məqsədli mina fəaliyyətləri yalnız mina təmizləmə ilə məhdudlaşmır, həmçinin ehtiyatlarda olan minaların məhv edilməsi, partlayıcı maddə risk təlimi, zərərçəkənlərə yardım və mina əleyhinə fəaliyyətlər də təşkil olunur.
Bu çərçivədə mina sahələrinə yaxın ərazilərdə yaşayan vətəndaşlara yönəlmiş şəkildə təxminən 20 min nəfərə Partlayıcı Maddə Risk Təlimi (PMRT) verilib. Mina barədə məlumatlılıq və maarifləndirmə fəaliyyətləri ilə yanaşı, Partlayıcı Maddə Risk Təlimi tədbirləri də MAFAM tərəfindən davam etdirilir.
Qara dənizə sürüklənən minaların aşkarlanması və məhv edilməsi
Digər tərəfdən, Rusiya-Ukrayna müharibəsi çərçivəsində yerləşdirilən və lövbərləmə sistemlərindən qoparaq sürüklənən minalar Qara dənizdə dəniz nəqliyyatı üçün təhlükə yaradır.
Türkiyə Hərbi Dəniz Qüvvələrinin tərkibində fəaliyyət göstərən Naviqasiya, Hidroqrafiya və Okeanoqrafiya İdarə Rəhbərliyi tərəfindən gündəlik məlumatlara əsaslanan analizlərə görə, sürüklənən minaların izləyəcəyi marşrutlar müəyyən edilir və 7/24 rejimində mina müşahidəsi aparılır.
Aşkarlama həyata keçirildikdən sonra minaların məhv edilməsi fəaliyyətlərinə dəniz patrul təyyarələri, helikopterlər, pilotsuz uçuş aparatları, mina ovlama gəmiləri və patrul gəmiləri cəlb olunur.
Bu çərçivədə dəniz səlahiyyət zonalarının qorunması məqsədilə Qara dəniz Uyumu Əməliyyatı çərçivəsində 2 freqat, 1 sualtı qayıq, 1 patrul gəmisi, 1 dəniz patrul təyyarəsi, 1 helikopter, 1 pilotsuz uçuş aparatı, mina müşahidə fəaliyyəti çərçivəsində isə 2 mina ovlama gəmisi, 1 hücum qayığı, 3 helikopter, 1 SAS qrupu və 1 pilotsuz uçuş aparatı iştirak edir.
Bu günə qədər həyata keçirilən əməliyyat və müşahidə fəaliyyətləri çərçivəsində dəniz vasitələri tərəfindən 28 min 150 saat üzmə, dəniz patrul təyyarələri, helikopterlər və pilotsuz uçuş aparatları tərəfindən isə 1554 uçuşla 7 min 711 saat uçuş həyata keçirilib.
Bu çərçivədə ümumilikdə 275 şübhəli obyekt aşkar edilib və bu obyektlərdən 10-nun mina, 8-nin kamikadze pilotsuz uçuş aparatı və 11-nin kamikadze insansız dəniz platforması olduğu müəyyən edilib. Müəyyən edilən obyektlər isə Sualtı Müdafiə (SAS) qrupları tərəfindən uğurla məhv edilib.
İstanbul boğazının təhlükəsizliyi üçün 7/24 müşahidə
Türkiyə Hərbi Dəniz Qüvvələrinin Mina Donanması Komandanlığının tərkibində olan “Aydın” və “Engin” sinfinə məxsus mina ovlama gəmiləri tərəfindən sürüklənən mina təhlükəsinin ortaya çıxmasından sonra 2022-ci il martın 26-dan etibarən bölgədə ən azı iki gəminin olması şərti ilə İstanbul boğazına yaxın sularda dəniz nəqliyyatı yollarının təhlükəsizliyini təmin etmək məqsədilə mina müşahidəsi aparılır.
Mina müşahidə fəaliyyəti döyüş gəmiləri, dəniz patrul təyyarələri, pilotsuz uçuş aparatları, helikopterlər və “Qara dəniz Müşahidə Koordinasiya Mərkəzi” ilə koordinasiyalı şəkildə həyata keçirilir.
Qara dənizdə fəaliyyət göstərən mina ovlama gəmiləri qabaqcıl naviqasiya, komanda-idarəetmə, sonar və mühərrik sistemləri ilə təchiz olunub və aşkarlanması halında sürüklənən minaları sürətli və təhlükəsiz şəkildə məhv edə bilən mina ovlama dalğıclarına malikdir.
Bundan əlavə, 2024-cü il yanvarın 11-də Qara dənizdə mina təhlükəsinə qarşı Türkiyənin təşəbbüsü ilə Rumıniya və Bolqarıstan ilə birlikdə başladılan “Üçtərəfli Təşəbbüs” çərçivəsində “Qara dəniz Mina Əleyhinə Tədbirlər Tapşırıq Qrupu Memorandumu” (MCM Black Sea) imzalanıb.
Bu çərçivədə Tapşırıq Qrupu fəaliyyətlərini davam etdirir.
Sevinc Əliyeva
Ordu.az