Livanda ölənlərin sayı 1 400-ü keçib, münaqişə tərəflərinin itkiləri nə qədərdir?

2025/02/1738903345.jpg
Oxunub: 499     21:59     04 Aprel 2026    
Livan Səhiyyə Nazirliyinin yaxın zamanda yayımladığı yenilənmiş məlumata görə, İsrailin zərbələri nəticəsində Livanda ölənlərin sayı 1 400-ü keçib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Nazirlik bildirib ki, martın 2-dən etibarən İsrailin “Hizbullah”a məxsus hədəflərə zərbələr endirməyə başlamasından bəri ən azı 126 uşaq həyatını itirib.

Həlak olanlar arasında ən azı 54 tibb işçisi və 93 qadın da var.

CNN telekanalının regiondakı yerli hakimiyyət orqanlarının açıqladığı məlumatlara istinadən bildirdiyinə görə, Yaxın Şərqdə mövcud münaqişənin başlanmasından bəri minlərlə insan həlak olub. ABŞ-nin və İsrailin İrana endirdiyi zərbələrlə başlayan hərbi əməliyyatlar Tehranın dəstəklədiyi qruplaşmalara, o cümlədən Livanın cənubunda fəaliyyət göstərən “Hizbullah”a da yayılıb.

Telekanal ölənlər və yaralananlarla bağlı yenilənmiş məlumatları təqdim edib.

İranda ABŞ və İsrailin birgə zərbələrinin başlanmasından bu günə qədər 2 000-dən çox insan həlak olub. Bu barədə cümə axşamı İranın Qırmızı Aypara Cəmiyyəti məlumat verib. Ötən gün İran Səhiyyə Nazirliyi bildirib ki, ölənlər arasında ən azı 216 uşaq, o cümlədən 5 yaşa qədər 17 uşaq var.

Hökumət məlumatlarına görə, müharibənin başlanmasından bəri İraqda ən azı 107 nəfər həlak olub. Kürdüstan bölgəsində isə regional hökumətin məlumatına görə ən azı 13 nəfər ölüb.

İsrail ərazisində münaqişə başlayandan bəri, hava zərbələri nəticəsində dolayı şəkildə həlak olanlar nəzərə alınmadan, təxminən 19 mülki şəxs ölüb. İsrail ordusunun məlumatına görə, Livanın cənubunda 10 israilli hərbçi həlak olub.

ABŞ Mərkəzi Komandanlığının məlumatına görə, İranla müharibənin başlanmasından bəri 13 amerikalı hərbçi həlak olub.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, fevralın 28-dən etibarən münaqişə ilə əlaqədar ölüm halları Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Küveyt, işğal altındakı Qərb sahili, Oman, Bəhreyn və Səudiyyə Ərəbistanında da qeydə alınıb.

Qeyd edək ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusu mütəmadi olaraq yüzlərlə amerikalı hərbçinin öldüyü barədə məlumat yayır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Livan   Ölüm  


Bizi "telegram"da izləyin