Ordu.az xəbər verir ki, Türkiyə MMN ötən il həyata keçirilən strateji fəaliyyətləri, müdafiə sənayesi layihələrində son vəziyyəti və Türkiyə Silahlı Qüvvələrinin operativ imkanlarını ətraflı şəkildə təqdim edən 2025-ci il Fəaliyyət Hesabatını ictimaiyyətlə bölüşüb.
Bu çərçivədə hesabatda Türkiyənin yeni nəsil “hava-hava” raketi GÖKBORA layihəsinə dair mühüm təqvim məlumatı da açıqlanıb. Orta-uzun mənzilli, bərk yanacaqlı ramjet mühərrikli “hava-hava” raketinin hazırlanmasını nəzərdə tutan və 2025-ci ilin avqustunda başlayan layihə çərçivəsində 2031-ci ilin mart ayına qədər F-16 döyüş təyyarələrində kvalifikasiyanın tamamlanması planlaşdırılır.
ROKETSAN-ın IDEF 25 sərgisində ilk dəfə nümayiş etdirdiyi 6 sistemdən biri olan GÖKBORA görmə xəttindən kənar “hava-hava” raketi olaraq həm pilotlu, həm də pilotsuz döyüş təyyarəsi platformalarında düşmən hədəflərinə qarşı həlledici rol oynayacaq. MBDA istehsalı “Meteor” “hava-hava” raketindən daha effektiv olması gözlənilən GÖKBORA raketi üstün yönləndirmə qabiliyyəti və 100 dəniz milindən artıq mənzili ilə havadan gələn bütün təhdidlərə qarşı cavab verə biləcək imkanlara malik sistem kimi Hərbi Hava Qüvvələrinin əsas zərbə vasitələrindən biri olacaq.
ASELSAN və ROKETSAN-dan “Mavi Vətən”in təhlükəsizliyi üçün əməkdaşlıq
2025-ci ilin iyulunda keçirilən IDEF 2025 Beynəlxalq Müdafiə Sənayesi Sərgisində GÖKBORA sistemi çərçivəsində AESA axtarıcı başlıq (AGRAS 3101/AA) və raket üzəri məlumat bağlantısı hazırlanması üzrə müqavilə imzalanıb. İmzalama mərasimi Türkiyə Müdafiə Sənayesi Komitəsi (MSK) stendində MSK sədri professor doktor Haluk Görgün, ASELSAN baş direktoru Ahmet Akyol və ROKETSAN baş direktoru Murat İkinci tərəfindən həyata keçirilib.
Sözügedən layihə ilə uzun mənzilli “hava-hava” raketi GÖKBORA üçün axtarış başlığı milli olaraq hazırlanacaq ilk Aktiv Fazalı Dizili (AESA) axtarış başlığı olacaq. Layihə çərçivəsində məlumat bağlantısının Milli Taktiki Məlumat Bağlantısı (MTDL) ilə uyğun işləməsi də planlaşdırılır.
Sevinc Əliyeva
Ordu.az