Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
ABŞ Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, müqavilə proqram idarəçiliyi, mühəndislik, sistem inteqrasiyası, uzun tədarük müddətli materiallar, sınaq fəaliyyətləri və raket istehsalı ilə platforma inteqrasiyası üçün tələb olunan xüsusi avadanlıqları əhatə edir.
İşlərin böyük hissəsi Kolorado ştatının Denver şəhərində həyata keçiriləcək və layihənin 2032-ci ilin sentyabrında tamamlanması planlaşdırılır.
CPS sistemi və “Zumwalt” modernizasiyası
Bu müqavilə HII “Ingalls Shipbuilding” tərəfindən həyata keçirilən modernizasiya və sonrakı dəniz sınaqlarından sonra imzalanıb. Bu modernizasiya çərçivəsində esmines CPS sistemini daşıya biləcək şəkildə yenidən qurulub.
Bu proses zamanı gəminin iki 155 mm-lik “Advanced Gun Systems” topu çıxarılaraq yerinə dörd ədəd 87 düymlük raket buraxılış qurğusu yerləşdirilib.
Hər bir qurğu ABŞ Hərbi Dəniz Qüvvələri və Quru Qoşunları üçün birgə hazırlanmış “Common Hypersonic Glide Body” (C-HGB) hipersəs planerlərini daşıyan üç raketi yerləşdirə bilir.
CPS sistemi suüstü və sualtı platformalardan 2775 kilometrdən çox məsafədə nüvə olmayan dəqiq zərbə qabiliyyəti təmin etmək üçün hazırlanıb.
Donanma üzrə genişləndirmə planı
CPS inteqrasiyası “Zumwalt” sinfinə məxsus gəmilərin missiya profilini sahilyanı əməliyyatlardan açıq dənizdə uzunmənzilli zərbə əməliyyatlarına doğru genişləndirir.
Stels texnologiyalı döyüş gəmisində sınaqların quru sınaqlarında yaranan gecikmələr səbəbindən 2027 və ya 2028-ci illərdə keçirilməsi gözlənilir.
ABŞ Hərbi Dəniz Qüvvələri CPS sistemini USS “Michael Monsoor” (DDG-1001) və USS “Lyndon B. Johnson” (DDG-1002) başda olmaqla digər “Zumwalt” sinfinə məxsus gəmilərə və “Virginia” sinfinə məxsus sualtı qayıqlara inteqrasiya etməyi planlaşdırır.
Sevinc Əliyeva
Ordu.az