ABŞ-İSRAİL-İRAN BÖHRANI-36-cı GÜN- Türkiyəyə məxsus ikinci gəmi Hörmüz boğazından keçdi

2026/04/1775316466.jpg
Oxunub: 625     19:26     04 Aprel 2026    
SON İNKİŞAFLAR

Türkiyəyə məxsus ikinci gəmi Hörmüz boğazından keçdi
İraq-İran sərhədindəki Şalamça keçid məntəqəsi hava hücumu nəticəsində bağlandı: 1 ölü, 5 yaralı
İranda düşən ABŞ-nin F-15 təyyarəsinin pilotu itkin düşüb: axtarış işləri davam edir.
ABŞ mətbuatı: xilasetmə əməliyyatında iştirak edən 2 helikopter vurulub
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus ikinci təyyarə Bəsrə körfəzində qəzaya uğradı
İran ABŞ-nin 48 saatlıq atəşkəs təklifini rədd etdi.

Türkiyəyə məxsus ikinci gəmi Hörmüz boğazından keçdi

Türkiyənin nəqliyyat naziri Abdulkadir Uraloğlu Türkiyəyə məxsus ikinci gəminin Hörmüz boğazından təhlükəsiz şəkildə keçdiyini açıqlayıb. Açıqlama göstərir ki, münaqişə səbəbindən risk altında olan su yolunda gəmi keçidləri məhdud da olsa yenidən başlayıb.

Uraloğlu bildirib ki, münaqişənin başladığı dövrdə boğazda Türkiyəyə məxsus ümumilikdə 15 gəmi olub və onlardan ikisi bölgəni tərk edib. “CNN Türk”ə danışan Uraloğlu qeyd edib ki, dörd gəmi isə çıxış üçün müraciət etməyib; onlardan ikisi enerji daşımaları, ikisi isə regional ticarət fəaliyyəti ilə məşğuldur.

Nazir Uraloğlu deyib: “Xarici İşlər Nazirliyi ilə koordinasiya çərçivəsində qalan doqquz gəminin təhlükəsiz şəkildə ayrılması üçün işlərimiz davam edir”.

İkinci gəminin keçidinin dəqiq vaxtı açıqlanmayıb, lakin Uraloğlu daha əvvəl bildirmişdi ki, ilk gəminin təhlükəsiz keçidi 2026-cı il martın 13-də İrandan alınan icazədən sonra təmin olunub.

Dünya neft ticarətinin təxminən beşdə birinin həyata keçirildiyi Hörmüz boğazı İranın dəniz nəqliyyatına yönəlmiş təhdidləri səbəbindən münaqişənin ən kritik nöqtələrindən birinə çevrilib. Bu vəziyyət su yolunda keçidləri böyük ölçüdə məhdudlaşdırıb.

Buna baxmayaraq, bəzi gəmilərin nəzarətli şəkildə keçidinə icazə verildiyi bildirilir. Son olaraq Fransanın dənizçilik şirkəti CMA CGM-ə məxsus konteyner gəmisinin Körfəzdən ayrıldığı qeyd olunub. Həmin gəmi 2026-cı il fevralın 28-də başlayan münaqişədən bəri Qərb şirkətinə məxsus olaraq boğazdan təhlükəsiz keçən ilk gəmi hesab olunur.

İraq-İran sərhədindəki Şalamça keçid məntəqəsi hava hücumu nəticəsində bağlandı: 1 ölü, 5 yaralı

İraq ilə İranı birləşdirən Şalamça sərhəd keçid məntəqəsi hava hücumundan sonra müvəqqəti olaraq bağlanıb. İranın rəsmi “Tasnim” xəbər agentliyi hücum nəticəsində bir iraqlı mülki şəxsin həyatını itirdiyini bildirib.

İraq Sərhəd Limanları Qurumu rəhbəri Ömər əl-Vaeli bildirib ki, hücumdan sonra sərhəd keçid məntəqəsi vasitəsilə həyata keçirilən ticarət və sərnişin keçidləri dayandırılıb. Vaeli qeyd edib ki, bu qərar sərhədin İraq tərəfinə yaxın ərazidə baş verən və bir nəfərin ölümü, beş nəfərin yaralanması ilə nəticələnən hücumdan sonra qəbul edilib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə sərhəd keçid məntəqəsi ətrafından qalxan sıx qara tüstü, zədələnmiş tikililər və ətrafa səpələnmiş dağıntılar diqqət çəkir. Görüntülər hücumun infrastruktura ciddi ziyan vurduğunu göstərir.

Şalamça sərhəd keçid məntəqəsi xüsusilə dini ziyarətlər və bayram dövrlərində İraq və İran vətəndaşlarının geniş istifadə etdiyi mühüm quru keçid nöqtəsidir.

Bölgə 1980-ci illərdə baş vermiş İran-İraq müharibəsi zamanı da strateji əhəmiyyət daşıyırdı. Şalamça həmin müharibənin ən şiddətli döyüşlərinə səhnə olmuş və İraq qüvvələri tərəfindən mühüm irəliləyiş xətti kimi istifadə edilmişdi.

İranda düşən ABŞ-nin F-15 təyyarəsinin pilotu itkin düşüb: axtarış işləri davam edir

İran ölkənin cənub-qərbində F-15 Eagle döyüş təyyarəsini vurduğunu açıqlayıb. Bu hadisə münaqişə başlayandan bəri İran ərazisində vurulduğu bildirilən ilk ABŞ döyüş təyyarəsi kimi qeydə alınıb.

ABŞ mətbuatında yayılan məlumatlara görə, hadisədən sonra başlanmış xilasetmə əməliyyatı zamanı iki ekipaj üzvündən biri ABŞ xüsusi təyinatlı qüvvələri tərəfindən sağ olaraq xilas edilib. Digər pilotun isə itkin düşdüyü və bölgədə axtarışların davam etdiyi bildirilib.

İran dövlət mediası Kohgiluye və Boyer-Əhməd və Xuzistan başda olmaqla dağlıq ərazilərdə yaşayan əhaliyə müraciət edərək, düşən təyyarənin ekipajının tapılmasına kömək etməyə çağırıb.

Hadisə bölgədə hava əməliyyatlarının intensivləşdiyi bir dövrdə baş verib, lakin tərəflərin açıqlamalarına dair müstəqil təsdiq hələ mövcud deyil.

İran düşən F-15-in ikinci amerikalı ekipaj üzvünün tutulduğu iddialarını təkzib etdi

İran cənubda vurulduğu bildirilən F-15 Eagle döyüş təyyarəsinin ikinci amerikalı ekipaj üzvünün tutulması ilə bağlı iddiaları rədd edib.

İran İnqilab Keşikçiləri Korpusu tərkibində fəaliyyət göstərən yerli bölmə və Kohgiluye və Boyer-Əhməd vilayət rəhbərliyi həmin ekipaj üzvünün saxlanılması ilə bağlı xəbərlərin həqiqəti əks etdirmədiyini açıqlayıb.

Vilayət rəhbəri həmçinin ilk pilotun ABŞ qüvvələri tərəfindən xilas edildiyi barədə iddiaları da təkzib edərək, bu məlumatları “düşmən taktikası” kimi qiymətləndirib.

Buna baxmayaraq, İrana bağlı media qurumlarında vətəndaşlara itkin pilotu “sağ ələ keçirmələri” üçün çağırışlar edildiyi və bunun müqabilində mükafat vəd olunduğu bildirilib. Bəzi məlumatlara görə, mükafatın məbləği təxminən 50 000 funt sterlinq (təxminən 66 000 dollar) təşkil edir.

Bu məbləğin ölkədə orta aylıq maaşdan xeyli yüksək olduğu qeyd olunur. İranda orta maaşın 150-230 funt sterlinq aralığında olduğu bildirilir.

Hadisə ilə bağlı müstəqil təsdiq hələ aparılmayıb və bölgədə məlumat axını əsasən rəsmi açıqlamalar və dövlət mediasına əsaslanır.

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus ikinci təyyarə Bəsrə körfəzində qəzaya uğradı

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus ikinci döyüş təyyarəsinin Bəsrə körfəzi bölgəsində qəzaya uğradığı bildirilib. “The New York Times” qəzetinin iki ABŞ rəsmisinə istinadən yaydığı məlumata görə, hadisə cümə günü baş verib.

Rəsmilər tək uçan pilotun qəzadan sağ xilas edildiyini açıqlayıb. Adının açıqlanmasını istəməyən mənbələr hadisənin əməliyyat baxımından həssas olduğunu və detallərin məhdud olduğunu bildiriblər.

A-10 təyyarəsi Hörmüz boğazı yaxınlığında qəzaya uğradı

Rəsmilərin verdiyi məlumata görə, qəzaya uğrayan təyyarə “Fairchild Republic A-10 Thunderbolt II” olub. Təyyarənin Hörmüz boğazı yaxınlığında düşdüyü qeyd olunub.

Eyni vaxtda başqa bir ABŞ döyüş təyyarəsinin İran üzərində vurulması bölgədə gərginliyin artdığını göstərir. Lakin A-10-un qəzaya uğrama səbəbi və dəqiq yeri barədə ətraflı məlumat verilməyib.

İranda düşən F-15E təyyarəsi: ekipaj xilas edildi

“Associated Press”in məlumatına görə, İranın cənubunda düşən “McDonnell Douglas F-15E Strike Eagle” tipli döyüş təyyarəsinin ən azı bir ekipaj üzvü ABŞ qüvvələri tərəfindən xilas edilib.

Təyyarədə neçə nəfərin olduğu hələ dəqiq məlum deyil, lakin amerikalı mənbə vurulan təyyarənin F-15E olduğunu təsdiqləyib.

F-15E-nin döyüş imkanları

F-15E “Strike Eagle” həm “hava-hava” raketi, həm də “hava-yer” raketi ilə tapşırıqları yerinə yetirə bilən çoxməqsədli döyüş təyyarəsi kimi tanınır. Adətən bir pilot və bir silah sistemləri zabitindən ibarət iki nəfərlik ekipaj tərəfindən idarə olunur.

ABŞ Hərbi Hava Qüvvələrinin məlumatına görə, təyyarə uzun məsafədən hədəflərə zərbə endirmək, düşmənin quru qüvvələrini zərərsizləşdirmək və tapşırıqdan sonra təhlükəsiz şəkildə geri qayıtmaq imkanlarına malikdir.

Arxa kabinədə yerləşən silah sistemləri zabiti uçuş zamanı təhdidləri izləyərək hədəf seçimi və nişanalma prosesini idarə edir.

Amerikalı hərbi rəsmilər münaqişə zamanı İranın bəzi bölgələrində hava üstünlüyünün əldə edildiyini bildirmişdilər. Lakin bu hadisə, əgər vurulma faktı təsdiqlənsə, ərazidə risklərin hələ də yüksək olduğunu göstərir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İsrail   İran  


Bizi "telegram"da izləyin