Ordu.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Hücumlar “Doğru vəd-4” əməliyyatının 95-ci mərhələsi çərçivəsində həyata keçirilib.
SEPAH-ın məlumatına görə, əməliyyat korpusun dəniz və aerokosmik qüvvələrinin genişmiqyaslı və çoxşaxəli hücumu çərçivəsində icra olunub və Qərbi Asiya ilə İsraili əhatə edib.
Hücum zamanı “Hac Qasım”, “Xeybər-Şekan” və “Qədr” raketlərindən istifadə olunub.
Hədəflər arasında Küveytin Bubiyan adasında yerləşən ABŞ-nin HIMARS reaktiv yaylım atəş sistemləri, Bəhreynin şimalındakı “Patriot” hava hücumundan müdafiə kompleksi, ABŞ istehsalı raket sistemlərinin operatorlarının yerləşdiyi mərkəzlər, eləcə də Birləşmiş Ərəb Əmirliklərində ABŞ hərbi komandirlərinin və təlimatçılarının yerləşdiyi obyektlər olub.
Açıqlamada qeyd olunub ki, hücum zamanı BƏƏ-də süni zəka texnologiyaları ilə məşğul olan ABŞ-nin “Oracle Corporation” şirkətinə də zərbə endirilib.
Bundan əlavə, Bəhreynin “Xəlifə bin Salman” limanında SEPAH güclü mərmilərlə MCS “Ishika” ticarət gəmisini vurub. Bildirilib ki, gəmi başqa ölkənin bayrağı altında üzsə də, İsrailə məxsus olub.
SEPAH həmçinin İsrailin bir sıra şəhərlərinə, Təl-Əviv, Bney Brak, Petah Tikva, Ramat-Qan və Kiryat Şmona istiqamətlərinə kütləvi zərbələr endirildiyini açıqlayıb. Hücumlar zamanı ağır döyüş başlıqları ilə təchiz olunmuş “Qədr” raketlərindən istifadə edilib.
Sevinc Əliyeva
Ordu.az