Ordu.az xəbər verir ki, investisiya paketi radar sistemləri, hava hücumundan müdafiə silahları və radioelektron mübarizə platformaları da daxil olmaqla bir neçə sistemi əhatə edir.
Ümumi dəyəri 8,7 milyard kron (916 milyon dollar) olan bu paket yanvar ayında açıqlanan hava hücumundan müdafiəyə yönəlmiş maliyyə dəstəyinin yarısından çoxunu təşkil edir.
Müdafiə naziri Pal Conson açıqlamasında qeyd edib: “Hava hücumundan müdafiə qabiliyyətlərinə investisiya qoymaq hər zamankindən daha vacibdir”. Conson bunun NATO ittifaqındakı bütün ölkələr üçün keçərli olduğunu vurğulayıb.
Conson daha sonra AFP-yə verdiyi açıqlamada NATO baş katibi Mark Ruttenin ittifaq üzrə hava hücumundan müdafiə qabiliyyətində 400 faizdən çox artımın zəruri olduğunu bildirdiyini xatırladıb.
Hökumət İsveçin “Saab” və Böyük Britaniyanın “BAE Systems” şirkətinin İsveçdəki törəməsi olan “BAE Systems Bofors” da daxil olmaqla istehsalçılarla müqavilələrin imzalandığını açıqlayıb.
Təhvil proseslərinin 2027-ci ildə başlaması planlaşdırılır, Conson isə Avropa müdafiə sənayesinin artan tələbat qarşısında çətinlik çəkdiyi bir şəraitdə bu müddətin “nisbətən sürətli” olduğunu qeyd edib.
NATO daxilində yük bölgüsü müzakirəsi
Açıqlama ABŞ ilə NATO arasında müzakirələrin yenidən alovlandığı bir dövrə təsadüf edib.
ABŞ prezidenti Donald Tramp bu həftə NATO-ya yönəlik tənqidlərini təkrarlayarkən, dövlət katibi Marko Rubio Vaşinqtonun ittifaqla münasibətlərini “yenidən nəzərdən keçirməli ola biləcəyi” barədə xəbərdarlıq edib.
Conson isə ABŞ-nin ittifaqdan çıxmaq niyyətində olduğunu düşünmədiyini, lakin Avropanın müdafiə yükünü daha çox üzərinə götürməsinin zəruri olduğunu bildirib.
Conson bunun açıq cavabının Avropanın öz təhlükəsizliyi üçün daha çox məsuliyyət daşıması və silahlı qüvvələrinə ciddi investisiyalar yatırması olduğunu deyib.
Sevinc Əliyeva
Ordu.az