Ordu.az xəbər verir ki, ABŞ Fransanın yeni nəsil YARS-larda GMLRS raketlərindən istifadə etməsini əngəlləyib.
Bu çərçivədə “Foudre” və “Thundart” sistemlərinə ABŞ istehsalı GMLRS raketlərinin inteqrasiyası ilə bağlı tələb ABŞ tərəfindən rədd edilib.
“Euractiv”ə danışan bir ABŞ rəsmisi tərəfindən təsdiqlənən bu qərar Fransanın artilleriya raket parkının 2027-2030-cu illər arasındakı istismardan çıxarılma prosesi ərəfəsində kritik səviyyələrə düşdüyü bir dövrdə verilib. ABŞ istehsalı raketlərə çıxışın məhdudlaşdırılması hər iki Fransa layihəsi üçün daha yüksək xərc, inkişaf riski və mümkün gecikmələr deməkdir.
“Army Recognition” tərəfindən verilən məlumata görə, bu qərar NATO daxilində sursat uyğunluğu (interoperability) gözləntilərini sarsıdır, eyni zamanda sistemlərin geniş yayılmış GMLRS ekosisteminə bağlı olan ixrac potensialını da məhdudlaşdırır.
Fransanın mövcud LRU (M270 əsaslı) parkı artıq kritik səviyyəyə enmiş vəziyyətdədir. Ümumilikdə 13 ədəd olan müasir buraxılış qurğusunun 4-ü Ukraynaya göndərilib və inventarda cəmi 9 ədəd əməliyyat sistemi qalıb. Ukrayna müharibəsi dəqiqlikli artilleriya raketlərinin təkcə atəş dəstəyi elementi deyil, cəbhədən xeyli arxada yerləşən sursat anbarlarını və logistika mərkəzlərini vuraraq “cəbhəni formalaşdıran” silah olduğunu sübut edib. Bu vəziyyət Fransanın 500 km məsafəyə qədər çatan yeni nəsil uzaqmənzilli atəş gücünə ehtiyacını daha da təcili və əməli xarakterə çevirir.
Fransanın yerli həlləri
Fransanın bu sahədə iki əsas namizədindən birincisi olan “Turgis Gaillard” istehsalı “Foudre” konsepsiya baxımından birbaşa ABŞ-nin HIMARS sistemini nümunə götürür. A400M təyyarələri ilə əlavə hazırlıq tələb olunmadan daşına bilən, yüksək manevr qabiliyyətinə malik 6×6 platforma olan “Foudre” 75 km mənzilli raketlərdən 1.000 km-dən artıq məsafəyə malik qanadlı raketlərə qədər geniş sursat çeşidi təqdim edir.
Digər namizəd olan MBDA və “Safran” tərəfindən hazırlanmış “Thundart” isə daha fərqli yanaşma ortaya qoyur. 100% yerli Fransa həlli kimi təqdim edilən bu sistem ilkin mərhələdə 150 km mənzilli “yer-yer” raketi ətrafında qurulur. Geniş sursat çeşidindən çox yüksək atəş gücü, saturasiya təsiri və “Safran”ın məşhur CAESAR haubitsalarından törədilmiş atəş idarəetmə sistemlərinə fokuslanan “Thundart” HIMARS surəti deyil, müstəqil arxitekturanı təmsil edir. Sistemin ilk nümayiş atışlarının 2026-cı ilin ortalarında həyata keçirilməsi planlaşdırılır.
Sevinc Əliyeva
Ordu.az