Mahşəhr neft-kimya kompleksinə hücum nəticəsində 5 nəfər ölüb - YENİLƏNİB

2026/03/1774945661.jpg
Oxunub: 1779     22:23     04 Aprel 2026    
ABŞ və İsrailin İranın cənub-qərbində yerləşən Xuzistan əyalətinin Mahşəhr limanındakı xüsusi neft-kimya zonasının ərazisinə zərbələr endirməsi nəticəsində 5 nəfər ölüb.

Ordu.az xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.

"Mahşəhr neft-kimya kompleksinə hücumda 5 nəfər ölüb, 170 yaralı xəstəxanadan evə buraxılıb", - məlumatda bildirilib.

Qeyd edək ki, Mahşəhr (və ya Bəndər Mahşəhr) İranın cənub-qərbində, Xuzistan ostanında yerləşən mühüm liman və sənaye şəhəridir. Regionun ən böyük neft-kimya mərkəzlərindən biridir. Burada "İmam Xomeyni" adına neft-kimya kompleksi və xüsusi iqtisadi zonalar yerləşir. Şəhər Fars körfəzinin sahilində yerləşir və strateji dəniz limanına malikdir.

***

ABŞ və İsrail şənbə günü İranın cənub-qərbində yerləşən Xuzistan əyalətindəki neft-kimya obyektlərinə aviazərbələr endirib.

Ordu.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Hücumlar Mahşəhr neft-kimya xüsusi zonasını və digər sənaye obyektlərini hədəfə alıb.

Xuzistanın vitse-qubernatoru Vəliyulla Həyati amerika və israilli qüvvələrin Mahşəhr neft-kimya xüsusi zonası istiqamətində hücum həyata keçirdiyini təsdiqləyib.

Onun sözlərinə görə, səhər saat 10:45-də əyalətin mərkəzi olan Əhvaz şəhərinin şərq və qərb hissələrində üç partlayış baş verib, lakin həmin anda ölənlər barədə məlumat daxil olmayıb. Qısa müddət sonra, saat 10:47-də Mahşəhr neft-kimya bölgəsində daha üç güclü partlayış qeydə alınıb. İlkin məlumatlara əsasən, ziyanın həcmi hələ məlum deyil.

Rəsmi şəxs əlavə edib ki, hücum nəticəsində “Fəcr 1”, “Fəcr 2”, “Rijal” və “Əmir Kəbir” neft-kimya zavodları birbaşa zərər görüb. O, həmçinin insan itkiləri və yaralananların sayının yüksək ola biləcəyi barədə xəbərdarlıq edib. Bundan əlavə, məlumatlara görə, səhər saat 11:00-da Xorrəmşəhrdə yerləşən “Şalamçe” sərhəd ticarət terminalı artilleriya atəşinə tutulub və obyektə ciddi ziyan dəyib.

Daha sonra ABŞ-İsrail qırıcıları “Əbu Əli” neft-kimya kompleksinə zərbə endirib, ardınca isə “Bəndər-e İmam Xomeyni” obyektinə hücum edilib.

Hazırda Mahşəhr və “Bəndər-e İmam Xomeyni”də baş verən hücumlar nəticəsində beş nəfərin xəsarət aldığı bildirilir.

Neft-kimya xüsusi iqtisadi zonasının rəhbərliyi açıqlayıb ki, fövqəladə hallar komissiyasının qərarı ilə ərazidə fəaliyyət göstərən bütün sənaye müəssisələrinin personalı təxliyə edilib.

Səlahiyyətlilər bildirib ki, atmosferə yayıla biləcək zərərli maddələr hazırda yaxınlıqdakı şəhərlərin əhalisi üçün təhlükə yaratmır.

Eyni zamanda, mediada Buşehr atom elektrik stansiyasının ərazisinə zərbə endirildiyi barədə məlumat yayılıb. Bildirilib ki, AES-in bir əməkdaşı həlak olub, lakin obyektin özü zərər görməyib.

***

Mahşəhr xüsusi neft-kimya zonasına yaxın şəhərlər üçün təhlükə yoxdur.

Ordu.az xəbər verir ki, bu barədə "Mehr" Neft-Kimya Sənayesi Xüsusi İqtisadi Zonası Təşkilatına istinadən məlumat yayıb.

Bildirilib ki, zonadakı bir neçə müəssisəyə edilən hücumlardan sonra xilasetmə xidmətləri, sənaye təhlükəsizliyi bölmələri və yanğınsöndürənlər hadisə yerinə gəlib.

"Xüsusi iqtisadi neft-kimya zonasındakı insidentlər vətəndaşlar üçün təhlükə yaratmır", - Təşkilat qeyd edib.

Bundan əlavə, bu regiondakı bütün sənaye obyektlərindən heyətin tam təxliyə edildiyi bildirilib.

***

İranın Mahşəhr şəhərinin neft-kimya zonasına üç zərbə endirilib, güclü partlayış baş verib.

Ordu.az xəbər verir ki, bu barədə “Fars” agentliyi Xuzistan vilayətinin rəhbərinin müavininə istinadən məlumat yayıb.

Bildirilir ki, hadisə yerinə xilasedici və yanğınsöndürmə xidmətləri cəlb olunub.

***

ABŞ və İsrailin İranın cənub-qərbində yerləşən Xuzestan əyalətinin Mahşəhr limanındakı İmam Xomeyni adına neft-kimya kompleksinə və xüsusi neft-kimya zonasının ərazisinə hücumları nəticəsində ən azı beş nəfər zərər çəkib.

Ordu.az-ın məlumatına görə, bu barədə Mehr agentliyi xəbər verir.

"İsrail-Amerika hücumu nəticəsində Mahşəhrın neft-kimya zonasına və İmam Xomeyni adına limana edilən hücumda 5 nəfər yaralanıb", - məlumatda deyilir.

Həmçinin bildirilir ki, İmam Xomeyni adına neft-kimya kompleksinə edilən hücum nəticəsində onun ayrı-ayrı hissələri zədələnib.

Isna agentliyi öz növbəsində ABŞ və İsrailin Xuzestan əyalətinin Xorrəmşəhr şəhərindəki "Şalamçe" sərhəd ticarət terminalına endirdiyi zərbələr barədə məlumat verir ki, bu da obyektə ciddi ziyan vurub.

***

ABŞ və İsrail İranın cənub-qərbində yerləşən Xuzistan əyalətinin Mahşəhr limanındakı xüsusi neft-kimya zonasının ərazisinə zərbələr endirib.

Ordu.az xəbər verir ki, bu barədə İran KİV-i Xuzistan administrasiyasına istinadən məlumat yayıb.

Azı üç zərbənin endirildiyi qeyd olunub.

"Mahşəhrə hava hücumu nəticəsində "Fajr-1" və "Fajr-2" neft-kimya şirkətləri, həmçinin "Rajal" və "Amir Kabir" müəssisələri zərər çəkib", - məlumatda bildirilib.

Mülki şəxslər arasında ölənlər və yaralananların olma ehtimalının yüksək olduğu qeyd edilib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ   İsrail  


Bizi "telegram"da izləyin