Belarus lideri iddia edib ki, Tramp “onu dinləyib” və hazırda “ABŞ qoşunları tədricən geri çəkilir”. Lukaşenko həmçinin bildirib ki, amerikalıların “üçdə ikisi bu avantüranı dəstəkləmir”. Belarus prezidenti bununla ABŞ-nin İrana qarşı müharibəsini nəzərdə tutub. O, İsrail haqqında da sərt ifadələr işlədərək bildirib ki, bu ölkə “ərazi və əhali baxımından kiçik olsa da, bir çox qonşusunu düşmən hesab edir və onlara zərbələr endirir”. Lukaşenkonun sözlərinə görə, “tezliklə yəhudilər də haraya daxil olduqlarını anlayacaqlar”.
Son dövrlərdə Belarus və ABŞ prezidentləri arasında həqiqətən də diplomatik baxımdan mühüm təmaslar baş verib. Donald Trampın xüsusi nümayəndəsi Kouel Minskə səfər edib. Məlumatlara görə, Lukaşenkonun ABŞ-yə səfərinin hazırlanması ilə bağlı məsələlər müzakirə olunur. Mənbələrin bildirdiyinə görə, Belarus prezidenti “Sülh Şurası”nın ikinci iclasında iştirak etmək üçün dəvət alıb və bunu qəbul edib. Hələlik bu iclasın nə vaxt və hansı formatda keçiriləcəyi məlum deyil.
Diqqət çəkən məqam ondan ibarətdir ki, Minskdə ABŞ prezidentinin xüsusi nümayəndəsini qəbul etdikdən qısa müddət sonra Belarus prezidenti rəsmi səfərlə Şimali Koreyaya gedib və orada yüksək səviyyədə qarşılanıb. Şimali Koreya lideri Kim ilə Lukaşenkonun əsas danışıqları barədə heç bir məlumat verilməyib. Bəzi siyasi müşahidəçilər hesab edir ki, o, Şimali Koreya liderinə “Vladimir Putinin xüsusi mesajını çatdırıb”, digərləri isə Lukaşenkonun Vaşinqton ilə Pxenyan arasında vasitəçi olmağa çalışdığını istisna etmir.
Belə hallarda müxtəlif ehtimalların irəli sürülməsi təbiidir və hər bir versiyanın mövcudluq hüququ var. Lakin Lukaşenkonun ABŞ prezidentinin qərarlarına təsir göstərdiyini açıq şəkildə bəyan etməsi qeyri-adi hesab olunur. Siyasətdə bu cür həssas məqamlar adətən gizli saxlanılır. Lukaşenkonun bu “açıqlığından” iki nəticə çıxarmaq olar: ya ABŞ prezidenti ilə arxa planda aparılan danışıqlar uğursuz olub və o, artıq Donald Trampdan ciddi gözləntilər daşımır, ya da bu ritorika əvvəlcədən razılaşdırılıb və Tramp həqiqətən də İrana qarşı gələcək hərbi əməliyyatların məsuliyyətini İsrailin baş naziri Benyamin Netanyahuya buraxmağa üstünlük verir.
Lukaşenkonun bu “açıqsözlülüyünün” ona hansı qiymətə başa gələcəyi isə yaxın zamanda bəlli olacaq. Əgər bəzi ekspertlərin proqnozlaşdırdığı kimi, ABŞ prezidenti “iqtisadi vədlər vasitəsilə Minski Putinin tam nəzarətindən çıxarmağa çalışırsa”, onda nəticə çıxarmalı olan tərəf Moskva olacaq. Əks halda, əgər Lukaşenko Tramp ilə “gizli oyunu” Putinin planı və göstərişi ilə həyata keçiribsə, bu zaman Tramp ehtimal ki, Avropa ölkələrinin mövqeyinə daha diqqətlə yanaşmalı olacaq.
Asif Cəfərov
Ordu.az