Ərdoğan Putinə Netanyahu hökumətini dayandırmağın vacibliyini bildirib - YENİLƏNİB

2025/09/1756713961.jpg
Oxunub: 664     21:57     03 Aprel 2026    
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putin ilə telefon danışığı aparıb.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Ərdoğan bildirib ki, regionda Netanyahu hökumətinin aqressiv siyasətinin qarşısını almaq və İsrailin “Əl-Qüds” qüvvələrinin statusunu dəyişdirməyə yönəlmiş addımlarını dayandırmaq lazımdır.

O, Suriyada vəziyyəti diqqətlə izlədiyini qeyd edib və bu ölkədə sabitliyin möhkəmləndirilməsinə yönəlmiş hər addımın Ankara ilə Moskvanın ortaq maraqlarına uyğun olduğunu vurğulayıb.

Ərdoğan həmçinin Rusiya ilə Ukrayna arasında müharibədə sülhə nail olunması istiqamətində Ankaranın səylərinin pozulmamasının vacibliyini qeyd edib və bütün tərəfləri gərginliyin artmasına səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.

O əlavə edib ki, Qara dənizdə mülki gəmilərə hücumlar sabitliyi pozur və İran ətrafında müharibə Rusiya-Ukrayna böhranı fonunda yeni münaqişə zonalarının yaranmasına səbəb olmamalıdır.

***

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan telefon danışığı aparıb.

Ordu.az Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı liderlər Yaxın Şərqdə davam edən gərginliyi müzakirə ediblər.

"Fars körfəzi zonasında davam edən hərbi-siyasi qarşıdurmanın artması ilə əlaqədar dərin fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, intensiv döyüş əməliyyatları təkcə regional deyil, həm də qlobal miqyasda, o cümlədən energetika, ticarət və logistika sahələrində mənfi nəticələrə gətirib çıxarır", - Kremldə bildiriblər.

Qeyd olunub ki, hər iki dövlət başçısı tez bir zamanda atəşkəsin elan edilməsi və regionun bütün dövlətlərinin qanuni maraqlarını nəzərə alacaq güzəştli sülh razılaşmalarının hazırlanmasının zəruriliyi ilə bağlı eyni mövqedən çıxş edir.

Kremldə bildiriblər ki, Putin Rusiya-Ukrayna münaqişəsi çərçivəsində danışıqlar prosesinə töhfə verməyə daim hazır olduğuna görə Ərdoğana minnətdarlığını ifadə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Ərdoğan  


Bizi "telegram"da izləyin