Ordu.az xəbər verir ki, Birləşmiş Krallıq və Fransa “Meteor” “hava-hava” raketlərinin yerini alacaq yeni nəsil raket sistemi hazırlamaq məqsədilə birgə fəaliyyət göstərəcək.
Birləşmiş Krallıq və Fransa dünyanın ən qabaqcıl görüşdənkənar “hava-hava” raketlərindən biri hesab edilən “Meteor”un yerini alacaq yeni nəsil raket sistemi hazırlamaq üçün ortaq layihə həyata keçirəcək. Bu çərçivədə iki ölkə arasında Anlaşma Memorandumu (MoU) imzalanıb.
Birləşmiş Krallıq və Fransa arasında imzalanan bu yeni razılaşma 12 ay davam edəcək genişmiqyaslı birgə işi başladır. Bu müddət ərzində gələcəyin hava müharibəsi mühitindəki təhdid ssenariləri qiymətləndiriləcək, yeni nəsil raket konsepsiyaları hazırlanacaq və texnoloji yol xəritəsi müəyyən ediləcək. Hazırda Böyük Britaniya Kral Hərbi Hava Qüvvələrinin “Eurofighter Typhoon” və Fransa Hərbi Hava Qüvvələrinin “Rafale” təyyarələrində əsas zərbə vasitəsi olan “Meteor” raketinin uğurunu daha da inkişaf etdirməyi hədəfləyən bu layihə Avropanın hava üstünlüyünü təmin etməyə yönəlib.
Strateji hədəf: “Entente Industrielle” və NATO gücü
Birləşmiş Krallığın Müdafiə Nazirliyi tərəfindən verilən məlumata görə, bu təşəbbüs iki ölkə arasında sənaye səmərəliliyini artırmaq və təkrarlanan xərcləri azaltmaq məqsədi daşıyan yenilənmiş “Entente Industrielle” (Sənaye İttifaqı) konsepsiyasının bir hissəsidir. Layihənin koordinasiyası üçün yaradılacaq Müştərək Kompleks Silah Portfeli Ofisi milli müdafiə prioritetlərini uyğunlaşdıracaq və digər tərəfdaş ölkələrlə əməkdaşlıq imkanlarını açıq saxlayacaq.
Birləşmiş Krallığın Müdafiə Hazırlığı və Sənaye naziri Lyuk Pollard razılaşma ilə bağlı bunları bildirib: “Yeni təhdidlər dövründə dostlarımız və müttəfiqlərimizlə əməkdaşlığımızı gücləndiririk. Bu razılaşma “Lancaster House 2.0” öhdəliklərimizi yerinə yetirmək yolunda mühüm addımdır və Birləşmiş Krallıq-Fransa müdafiə tərəfdaşlığının gücünü nümayiş etdirir. Fransa ilə yeni nəsil “hava-hava” raketləri üzərində işləyərək NATO imkanlarını və Avropanın təhlükəsizliyini gücləndiririk”.
“Meteor” raketi altı ölkənin ortaq əməkdaşlığı nəticəsində Avropa raket texnologiyasında standart müəyyən etmişdi. Yeni nəsil varisinin xüsusilə F-35 kimi 5-ci nəsil və hazırlanmaqda olan GCAP ilə SCAF (6-cı nəsil) təyyarələri ilə tam uyğun, daha uzun mənzilli və daha inkişaf etmiş qarşı tədbir qabiliyyətlərinə malik olması planlaşdırılır. 12 aylıq texniki-iqtisadi əsaslandırma mərhələsindən sonra layihəyə qoşulacaq digər müttəfiq ölkələrin və sənaye üzrə iş bölgüsünün dəqiqləşdirilməsi gözlənilir.
Sevinc Əliyeva
Ordu.az