Ordu.az xəbər verir ki, bu barədə “Seda-e Afghan” “Telegram” kanalı məlumat yayıb.
“Pakistan qüvvələrinin artilleriya atəşinə cavab olaraq Əfqanıstan İslam Əmirliyinin qüvvələri Xost və Paktiya vilayətlərindən Durand xətti boyunca onların mövqelərinə hücum edib”, - deyə məlumatda qeyd edilir.
“Telegram” kanalının məlumatına görə, azı üç pakistanlı hərbçi öldürülüb və bir neçə Pakistan postu sıradan çıxarılıb.
Əfqanıstanın ali rəhbərinin sözçüsünün müavini Həmdullah Fitrət bildirib ki, cümə axşamı axşam saatlarında Pakistan qüvvələri Əfqanıstanın Kunar, Paktika və Xost vilayətlərinə intensiv minaatan və raket hücumları həyata keçirib. Əfqanıstanın mülki hədəflərinə qarşı hücumlarda pilotsuz uçuş aparatlarından da istifadə olunub.
“Bunun nəticəsində iki mülki şəxs həlak olub, 25 nəfər yaralanıb, onların əksəriyyəti uşaqlardır”, - deyə “Alemarah” xəbər portalı Fitrətin sözlərini sitat gətirib.
Sözçü müavini bildirib ki, Kunar vilayətinin Sarkano və Maravara rayonlarının kəndlərinə 155 minaatan mərmisi və uzaqmənzilli artilleriya mərmisi düşüb, nəticədə iki uşaq yaralanıb və bir avtomobil məhv edilib. Daha onlarla mərmi Navapas və Du Saraki kəndlərinə düşüb, orada səkkiz uşaq yaralanıb, ikisi isə həlak olub. Paktika vilayətinin Şakin rayonunda pilotsuz uçuş aparatının zərbəsi nəticəsində üç mülki şəxs yaralanıb.
“Cümə axşamı axşam saatlarında pakistanlı hərbçilər Kunar vilayətinin Sarkano rayonuna daha 185 uzaqmənzilli artilleriya mərmisi atıb, nəticədə 10 mülki şəxs yaralanıb. Daha 178 mərmi Kunar vilayətinin Maravara, Danqam, Naray və Şeltan rayonlarına düşüb, ancaq həmin ərazilərdən ölənlərlə bağlı hələlik məlumat yoxdur”, - deyə Fitrət izah edib.
Sevinc Əliyeva
Ordu.az