Pakistan Çində Əfqanıstanla sülh danışıqlarının yeni mərhələsi barədə məlumat yayıb

2024/12/1735103698.jpg
Oxunub: 450     09:07     03 Aprel 2026    
Pakistan cümə axşamı təsdiqləyib ki, Çində Əfqanıstanın Taliban hökuməti ilə sülh danışıqları aparır. Pekin həftələrlə davam edən və yüzlərlə insanın həyatına son qoyan, ticarətə və sərhəd hərəkətinə mane olan döyüşlərdən sonra uzunmüddətli atəşkəsə nail olmağa çalışır.

Ordu.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Danışıqların yeni mərhələsi iki ölkənin nümayəndələrinin Çinin qərbində yerləşən Urumçi şəhərinə gəlməsindən bir gün sonra təsdiqlənib.

Pakistanı danışıqlarda kimin təmsil etdiyi məlum deyil.

Əfqanıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Əbdül Qahar Balxi “X” sosial şəbəkəsində bildirib ki, ölkəsindən “orta səviyyəli nümayəndə heyəti” Çinin xahişi ilə danışıqlarda iştirak etmək üçün Urumçiyə gəlib.

Balxinin sözlərinə görə, Əfqanıstan hesab edir ki, qarşılıqlı hörmət və müdaxilə etməməyə əsaslanan diplomatik əlaqələr ikitərəfli problemlərin praktiki və uzunmüddətli həllinə kömək edə bilər.

İslamabadda Pakistan Xarici İşlər Nazirliyinin nümayəndəsi Tahir Andrabi mətbuat konfransında bildirib ki, danışıqlar davam edir.

“Bəli, Pakistan öz mövqeyinə uyğun olaraq Urumçiyə nümayəndə heyəti göndərib ki, Əfqanıstandan qaynaqlanan sərhədyanı terrorizm probleminin uzunmüddətli həllinə kömək edə biləcək etibarlı prosesə dəstək versin”, - deyə o bildirib.

Onun sözlərinə görə, danışıqların uğuru əsasən Kabildən asılıdır.

“Əsas məsuliyyət Əfqanıstanın üzərindədir. O, Pakistan əleyhinə istifadə olunan terror qruplarına qarşı real və yoxlanıla bilən addımlar atmalıdır”, - deyə Andrabi bildirib.

Pakistan Əfqanıstanı öz ərazisində hücumlar həyata keçirən silahlılara, xüsusilə “Pakistan Taliban” hərəkatına (Tehreek-e-Taliban Pakistan) sığınacaq verməkdə ittiham edir.

Bu qrup ayrı fəaliyyət göstərsə də, 2021-ci ildə ABŞ-nin rəhbərlik etdiyi qoşunların çıxarılmasından sonra hakimiyyətə gələn “Əfqan Talibanı” ilə müttəfiqdir. Kabil bu ittihamları rədd edir.

İki tərəf arasında döyüşlər fevraldan etibarən ən qanlı mərhələyə çatıb. Əfqan “Taliban” hökuməti bildirib ki, Pakistan Kabil və digər ərazilərə zərbələr endirib və əsasən mülki şəxslər arasında itkilərə səbəb olub.

Pakistan isə zərbələrin “Pakistan Taliban” hərəkatının gizləndiyi məntəqələrə yönəldiyini açıqlayıb. Həmçinin Pakistan Əfqanıstanla “açıq müharibə” vəziyyətində olduğunu bəyan edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Əfqanıstan  


Bizi "telegram"da izləyin