Ordu.az xəbər verir ki, JS “Chōgei” (SS-517) adlı sualtı qayığın təhvil verilməsi Hyoqo prefekturasının Kobe şəhərində yerləşən “Mitsubishi” gəmiqayırma zavodunda baş tutub.
Bu təhvil həmin proqram çərçivəsində eyni müəssisədə inşa edilən ikinci platforma olub.
2022-ci ildə inşasına başlanılan sualtı qayıq 2024-cü ildə suya buraxılıb. Tokio rəhbərliyi platformanı Kanaqava prefekturasında yerləşən JMSDF-nin Yokosuka dəniz bazasında yerləşdirəcək. Buradan fəaliyyət göstərərək sualtı qayıq suüstü və sualtı döyüş əməliyyatları ilə yanaşı, kəşfiyyat, müşahidə və nəzarət tapşırıqlarını yerinə yetirəcək.
Bundan əlavə, xüsusilə Yaponiya, Çin və Tayvan arasında strateji əhəmiyyətə malik Miyako boğazı başda olmaqla, ölkənin ərazi sularında patrul missiyaları icra edəcək.
“Taigei” proqramı 2004-cü ildə, 2009-cu ildə istismara qəbul edilmiş “Soryu” sinfinə məxsus sualtı qayıqları əvəz edəcək yeni nəsil platformaların hazırlanması məqsədilə başlanıb.
Yeni sinfin istehsal prosesi 2012-ci ildə başlayıb və layihədə daha ağır konstruksiya, təkmilləşdirilmiş aşkarlama sistemləri və müasir enerji infrastrukturu kimi xüsusiyyətlər ön plana çıxıb.
“Taigei” sinfinə məxsus sualtı qayıq 84 metr uzunluğa, 9 metr enə malikdir və təxminən 40 nəfərlik heyət üçün nəzərdə tutulub.
Platforma iki ədəd “Kawasaki” dizel mühərriki və ənənəvi qurğuşun-turşu batareyaları əvəzinə litium-ion batareya sistemi ilə təchiz edilib. Bu quruluş təxminən 6000 at gücü istehsal etməklə daha uzunmüddətli əməliyyat imkanları yaradır.
Silah sistemlərinə ağır torpedolar, gəmi əleyhinə raketlər və yerüstü hədəflərə qarşı raket imkanları daxildir. Bundan əlavə, bəzi mənbələrə görə, platforma Yaponiyanın ballistik imkanları çərçivəsində hazırlanan hipersəs silahı “Hyper Velocity Gliding Projectile” daşımaq potensialına malikdir.
Sualtı qayığın suya yerdəyişməsi təxminən 3000 ton təşkil edir, maksimal sürəti isə 20 düyün olaraq göstərilir.
Tokio rəhbərliyi “Taigei” proqramı çərçivəsində ümumilikdə 10 sualtı qayığın inşasını planlaşdırır və proqramın 2031-ci ilə qədər tamamlanması nəzərdə tutulur.
Sevinc Əliyeva
Ordu.az