Seneqalın CN-235 təyyarəsi Kayseridə anqara daxil olub

2026/04/1775131276.jpg
Oxunub: 398     16:02     02 Aprel 2026    
Seneqal Hərbi Hava Qüvvələrinə məxsus CN-235 təyyarəsi imzalanmış texniki xidmət və təmir müqaviləsi çərçivəsində Kayseriyə gəlib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilib: “ASFAT podratçılığı ilə 2-ci Hava Təmir Zavodu Müdirliyimizdə Seneqal Hərbi Hava Qüvvələrinə məxsus CN-235 tipli təyyarənin texniki xidmət və təmiri üzrə müqavilə imzalanıb. Sözügedən təyyarə təmir üçün Kayseriyə gəlib. Bu layihə beynəlxalq əməkdaşlığın inkişafı və texniki xidmət-təmir imkanlarımızın qlobal miqyasda səmərəli təqdim edilməsi baxımından əhəmiyyət daşıyır”.

Hazırda Seneqal Hərbi Hava Qüvvələrinin inventarında İndoneziya istehsalı olan 3 ədəd CN-235 təyyarəsinin olduğu məlumdur. Bu təyyarələrdən 2-si hərbi nəqliyyat təyyarəsi kimi istifadə olunur, 2021-ci ildə Seneqala təhvil verilən üçüncü təyyarə isə Dəniz Patrul Təyyarəsi konfiqurasiyasındadır.

Türkiyənin hərbi nəqliyyat təyyarələrinə ev sahibliyi edən Kayseridə A400M hərbi nəqliyyat təyyarəsi də daxil olmaqla bir çox hava platformasının texniki xidmət, təmir və modernləşdirmə işləri həyata keçirilir. Bu məqsədlə tikilmiş texniki xidmət anqarında ASFAT tərəfindən həm yerli, həm də xarici istifadəçilərə xidmət göstərilir.

Digər tərəfdən, Türkiyə Hərbi Dəniz Qüvvələrinə məxsus CN-235 Dəniz Patrul Təyyarəsi də bir müddətdir Seneqalda fəaliyyət göstərir. Seneqalda yerləşən bu təyyarə ilə ətraf mühitin öyrənilməsi məqsədilə ilk uçuş 2025-ci il oktyabrın 21-də həyata keçirilib.

Türk heyətinə əlavə olaraq Seneqal hərbi personalının da iştirak etdiyi patrul uçuşları vasitəsilə iki ölkənin hərbi personalı arasında əməkdaşlığın artırılması hədəflənir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Seneqal   CN-235  


Bizi "telegram"da izləyin