Ordu.az xəbər verir ki, açıqlamada həmçinin NATO çərçivəsində həyata keçirilən çoxmillətli qərargah və tapşırıq qüvvələri üzrə son vəziyyət barədə məlumat verilib.
Türkiyə Quru Qoşunlarına yeni tədarüklər
Nazirlik tərəfindən verilən məlumata görə, modernləşdirmə və təchizat fəaliyyəti çərçivəsində müxtəlif siniflərdə yeni sistemlər xidmətə qəbul edilib.
Bu çərçivədə Yeni nəsil T-155 “Fırtına” haubitsaları ilə yanaşı 5.56 mm çaplı yüngül pulemyotlar və 17 nəfərlik zirehli qayıqların qəbul prosesləri tamamlanaraq müvafiq bölmələrin istifadəsinə verilib.
MNC-TÜR üçün qurulma prosesi davam edir
Türkiyə Milli Müdafiə Nazirliyi NATO planlaşdırmaları çərçivəsində Türkiyənin müdafiəsinin bir türk korpus qərargahı tərəfindən koordinasiya olunmasının nəzərdə tutulduğunu bildirib.
Bu çərçivədə sözügedən qərargahın çoxmillətli quruluşa çevrilməsi məqsədilə MNC-TÜR formalaşmasının 2024-cü ildə NATO-ya təqdim edildiyi qeyd olunub.
Nazirlik bildirib ki, qurulma işləri davam edir, əsas heyətin təyinatları həyata keçirilib, lakin çoxmillətli qərargah statusu hələ təsdiqlənməyib.
Qara dənizdə “CTF-Black” komandanlığı Türkiyədə olacaq
Dəniz əməliyyat sahəsində NATO planlarına uyğun olaraq 2024-cü ildən etibarən beş ayrı bölgədə Birləşmiş Tapşırıq Qüvvələrinin yaradılması planlaşdırılır.
Bu çərçivədə Qara dənizdə yaradılacaq “CTF-Black” qərargahının komandanlığı və ev sahibliyi regional sahiblik prinsipi əsasında 2028-ci ilə qədər Türkiyə tərəfindən həyata keçiriləcək.
2028-ci ildən sonra isə Rumıniya və Bolqarıstan kimi sahilyanı müttəfiqlərin təklifləri əsasında komandanlıq və ev sahibliyi məsələləri yenidən nəzərdən keçiriləcək.
Qərargahlarda qurulma işləri davam edir
Nazirlik həm MNC-TÜR, həm də “CTF-Black” çərçivəsində qərargahların qurulması işlərinin davam etdiyini bildirib.
Açıqlamada qeyd olunub ki, hazırda hər iki strukturda yalnız əsas heyətlər formalaşdırılıb və xidmət edən şəxslər Türkiyə nümayəndələrindən ibarətdir.
Türkiyə NATO-da fəal rol oynayır
Türkiyə Milli Müdafiə Nazirliyi bu quru və dəniz qərargahlarının Türkiyənin təhlükəsizlik ehtiyaclarına və Qara dəniz üzrə strateji yanaşmasına uyğun şəkildə formalaşdırıldığını vurğulayıb.
Həmçinin bildirilib ki, Türkiyə NATO-nun qərar qəbuletmə mexanizmlərində fəal rol oynamağa davam edir.
Sevinc Əliyeva
Ordu.az