Ordu.az xəbər verir ki, Murat İkinci qlobal təchizat zəncirində yaranan fasilələrə baxmayaraq, yüksək yerlilik səviyyəsi sayəsində istehsal fəaliyyətlərinin daha məhdud təsirləndiyini bildirib.
Yerli istehsal təchizat risklərini məhdudlaşdırır
Ankarada keçirilən ROKETSAN Strateji Tərəfdaşlar Zirvəsindən sonra açıqlama verən Murat İkinci qlobal miqyasda baş verən proseslərin müdafiə sənayesi də daxil olmaqla bir çox sahədə təchizat zəncirinə təsir etdiyini qeyd edib.
İkinci bu prosesdə yerli istehsalın yaratdığı üstünlüklərə diqqət çəkərək bildirib: “Biz 92 faiz səviyyəsində yerli və milli resurslardan istifadə səviyyəsinə çatmışıq. Dünyadakı təchizat zəncirindəki fasilələrdən təsirlənirik, lakin 90 faizdən yuxarı yerli əlavə dəyər göstəricisi ilə fəaliyyət göstərdiyimiz üçün bu təsirlər bizi digər tərəfdaşlarımız və ya rəqiblərimizlə müqayisədə daha az təsirləndirir”.
Yerli və alternativ mənbələrə investisiya davam edir
Murat İkinci mümkün risklərə qarşı alternativ təchizat mənbələrinin yaradılması və yerli istehsal infrastrukturunun gücləndirilməsi istiqamətində investisiyaların davam etdiyini bildirib.
O, bu çərçivədə görülən işlər barədə deyib: “Mümkün qədər alternativ mənbələr və yerli istehsala ciddi investisiyalar edərək bu sahədə tam müstəqil müdafiə sənayesi qurmağa çalışırıq. Bu işləri nə qədər düzgün gördüyümüzü məhz bu günlərdə görürük”.
Seriyalı istehsal gücü artırılır
ROKETSAN-ın əldə etdiyi gəlirləri istehsal infrastrukturuna yönəltdiyini bildirən İkinci yaxın zamanda güc artımı ilə bağlı müsbət xəbərlərin ictimaiyyətə təqdim olunacağını qeyd edib.
İkinci bildirib ki, istehsal gücündə artım geniş məhsul çeşidini əhatə edir: “ROKETSAN qazandığı bütün vəsaitləri seriyalı istehsal gücünü artırmaq üçün infrastrukturuna yatırır. Yaxın zamanda bununla bağlı çox yaxşı xəbərləri ictimaiyyətlə paylaşacağıq. Mövcud infrastruktura əlavə olaraq həyata keçirilən güc artımı ilə yalnız TAYFUN ballistik raketi və SOM qanadlı raketi deyil, ATMACA, SİPER, HİSAR və digər bütün sistemlərin istehsal gücünün dəfələrlə artdığını görəcəyik”.
SİPER-2-də seriyalı istehsal hədəfi
Murat İkinci SİPER-2 hava hücumundan müdafiə raketi ilə bağlı bildirib ki, sistemin hazırlanması davam edir və seriyalı istehsala keçid hədəflənir. “SİPER-2 TÜBİTAK SAGE tərəfindən layihələndirilmiş raketdir. Biz də istehsalda tərəfdaş kimi iştirak edəcəyik. Sınaqlar davam edir və ən qısa müddətdə seriyalı istehsal mərhələsinə keçməyi hədəfləyirik”.
Hava hücumundan müdafiə layihələrində geniş işlər davam edir
İkinci qeyd edib ki, hava hücumundan müdafiə sahəsində işlər yalnız SİPER ilə məhdudlaşmır, “Polad Günbəz” hava hücumundan müdafiə sistemi çərçivəsində olan elementlər, həmçinin HİSAR və SUNGUR layihələrində qabiliyyət artırma işləri davam edir.
Bundan əlavə, mövcud sistemlərə yeni sensorların inteqrasiyası və SİPER ailəsinə yeni elementlərin əlavə olunması istiqamətində işlər davam edir.
Sevinc Əliyeva
Ordu.az