“Le Figaro”: ABŞ Yaxın Şərqdə fəlakət astanasındadır

2026/04/1775110749.jpg
Oxunub: 487     10:20     02 Aprel 2026    
ABŞ Yaxın Şərqdə fəlakət astanasındadır.

Ordu.az xəbər verir ki, bu barədə “Le Figaro” yazır.

Məqalə müəllifi Reno Jirar xəbərdarlıq edir ki, əgər Donald Tramp yaxın zamanda müharibəni dayandırmasa, ən real ssenari gərginliyin daha da artması, İran rejiminin sərtləşməsi və bütün Qərbin maraqlarına ağır zərbə vurulması olacaq.

“2026-cı ilin fevralında Donald Tramp 2022-ci ilin fevralında Vladimir Putinin etdiyi eyni səhvi təkrarladı, o, Ukraynada “xüsusi hərbi əməliyyat” başlatmaq qərarı verərkən rəqibini düzgün qiymətləndirməmişdi.

2026-cı il fevralın 28-də ABŞ və onun müttəfiqi İsrail, nüvə sazişi üzrə danışıqlar apardıqları İrana qəfil zərbələr endirərək bu ölkənin təhlükəsizlik infrastrukturunu məhv etdilər. Onlar hesab edirdilər ki, Tehrandakı teokratik rejim tezliklə çökməyə başlayacaq.

Həmin dövrdə televiziya vasitəsilə İran diasporunun nümayəndələrinin səsləndirdiyi proqnozlar yadda qalıb: guya İran əhalisi üsyan edəcək, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) hakimiyyətdən uzaqlaşdırılacaq, Tehranda ABŞ və İsrailə yaxın demokratik rejim qurulacaq və Yaxın Şərq nəhayət sabitliyə təhdid yaradan sistemdən azad olacaq”, - deyə nəşr bildirib.

Müəllif qeyd edib ki, lakin İran dövləti çökməyib və sistemdə hər hansı parçalanma əlaməti müşahidə olunmayıb.

“Hava zərbələri nəticəsində həlak olan dini, siyasi və hərbi şəxslər dərhal əvəz olundu. Şiə rejimi hərbi əməliyyatlarla məhv ediləcək qədər zəif deyil. İran cavab olaraq Fars körfəzində ABŞ-nin müttəfiqi olan sünni neft monarxiyalarını bombaladı və Hörmüz boğazını blokadaya aldı ki, bu da enerji qiymətlərinin kəskin artmasına səbəb oldu.

İran tərəfində nə fərarilik, nə kapitulyasiya, nə də üsyan baş verdi. Müharibədən əvvəl əhalinin təxminən 20%-i “Xameneyiyə ölüm” şüarları ilə rejimin zorla devrilməsini istəyirdi, 60%-i gözləmə mövqeyini tutaraq narazılıq ifadə edir, yalnız 20%-i isə teokratiyaya sadiq qalırdı. Bu gün isə vətənpərvərlik dalğasının təsiri ilə əvvəlki tərəddüd edən kütlə “bir bayraq altında birləşmək” mövqeyini dəstəkləyir.

Onlar ABŞ-nin “Tomahawk” raketinin səhvən bir məktəbə düşərək 150-dən çox qızın ölümünə səbəb olduğunu görəndə dəhşətə gəldilər. Trampdan üzr gözlədilər, lakin əvvəlcə yalanlarla, daha sonra isə utancverici sükutla qarşılaşdılar”, - deyə KİV yazıb.

Nəşrə görə, amerikalıların və israillilərin İranın infrastrukturunu, zavodlarını və neft yataqlarını məhv etdiyi bu müharibə əks nəticə verəcək.

“Bu, on milyonlarla iranlını bir bayraq altında birləşdirəcək və zəifləmiş İslam rejimini daha da möhkəmləndirəcək. ABŞ və İsrail bu müharibəni başladarkən İran əhalisini qoruduqlarını iddia edirdilər. Lakin sənaye potensialının məhv edilməsinin əhalini necə “qoruduğu” aydın deyil.

Bəziləri iddia edirdi ki, ABŞ və İsrail Qərb üçün “çirkli işi” görür. Lakin bu yanaşma Qərbin maraqlarını düzgün anlamamaqdır. Doğrudanmı bizə enerji böhranı və onun ardınca iqtisadi tənəzzül lazım idi? Doğrudanmı ABŞ sanksiyalarının ləğvindən sonra gündəlik 200 milyon dollar əlavə gəlir əldə edən Rusiyanın mövqeyinin güclənməsi bizə sərf edir?

Fransalılar olaraq biz beynəlxalq hüquqa hörmət etməyə borcluyuq və ölkəmizin BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri olması ilə fəxr edirik. BMT Nizamnaməsi qüsurlu olsa da, heç nə olmamasından daha yaxşıdır və haqlı olaraq güc nümayişinə əsaslanan siyasəti qadağan edir. Qanuni özünümüdafiə halları istisna olmaqla, müharibə başlatmaq səlahiyyəti 15 üzvdən ibarət kollektiv orqana məxsusdur.

ABŞ İranla bağlı neokonservativ aqressiv müharibəsini əsaslandırmaq üçün yalnız rəqibini şeytanlaşdırmaqla kifayətlənməyib, həm də İranın ona birbaşa təhdid yaratdığını iddia edib ki, bu da absurddur. Bu üsul 2003-cü ildə Səddam Hüseynə qarşı İraqın işğalı zamanı da istifadə olunmuşdu”, - deyə məqalədə bildirib.

Nəşr vurğulayıb ki. ABŞ və İsrailin yeganə məqbul arqumenti İranın nüvə silahı əldə etməsi ehtimalından irəli gələn təhlükədir.

“İran rejimi İsrailin Yaxın Şərq xəritəsindən silinməli olduğunu iddia etdiyinə görə, Benyamin Netanyahu bunu İsrail üçün ekzistensial təhlükə kimi qiymətləndirir. Lakin Tramp 2025-ci ilin iyununda “On iki günlük müharibə”dən sonra İranın nüvə proqramının tamamilə məhv edildiyini bildirməmişdimi?

Bundan əlavə, İran-ABŞ danışıqlarında Omanın vasitəçisi də qeyd etmişdi ki, Tehran sanksiyaların yumşaldılması müqabilində parçalanan materialların ölkə daxilində saxlanmasını dayandırmağa hazır idi. İran yalnız mülki məqsədlərlə uranın zənginləşdirilməsi hüququnu qorumaq istəyirdi və bu hüquq Nüvə Silahlarının Yayılmaması Müqaviləsində (NPT) təsbit olunub. Həmçinin onlar AEBA-nın qəfil yoxlamalarına da razılıq vermişdilər.

Mən Tramp və Netanyahunun Tehranın çiçəklərlə bəzədilmiş küçələrində gəzdiyini görməkdən məmnun olardım, lakin bu, real görünməyən ssenaridir.

Müharibə həmişə yeni müharibələr doğurur və hadisələri naməlum istiqamətlərə aparır. Əgər Tramp bu gün müharibəni dayandırmasa, ən real ssenari gərginliyin artması, İran rejiminin daha da sərtləşməsi, münaqişənin bütün Yaxın Şərqə yayılması və nəticədə ABŞ-nin maraqlarına ciddi zərbə vurulması olacaq. Bu maraqlar isə istəsək də, istəməsək də, qismən bizim maraqlarımızla üst-üstə düşür”, - deyə müəllif qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Yaxın-Şərq  


Bizi "telegram"da izləyin