Ordu.az 2 aprel səhərinə olan vəziyyətə əsasən Yaxın Şərqdə baş verən əsas hadisələrin qısa icmalını təqdim edir.
Gecənin əsas hadisəsi ABŞ prezidenti Donald Trampın İranla müharibə ilə bağlı xalqa müraciəti olub. O bildirib ki, ABŞ yaxın iki-üç həftə ərzində İrana “son dərəcə güclü” zərbələr endirəcək və müharibənin “sona yaxınlaşdığını” qeyd edib. Tramp ABŞ-nin İranla müharibədə iştirakını müasir tarixdəki digər münaqişələrlə müqayisə edərək, tərəddüd edən amerikalıları bunu gələcəyə “investisiya” kimi görməyə inandırmağa çalışıb və xəbərdarlıq edib: “Əgər razılaşma əldə olunmasa, biz onların bütün elektrik stansiyalarına çox güclü zərbələr endirəcəyik, ehtimal ki, eyni vaxtda”.
O, müttəfiqləri Hormuz boğazının yenidən açılması məsuliyyətini üzərinə götürməyə çağırıb və bildirib ki, müharibə başa çatdıqdan sonra boğaz “təbii olaraq açılacaq”.
Tramp həmçinin xəbərdarlığını təkrarlayıb ki, İran raketləri tezliklə “ABŞ ərazisinə” çata bilər.
Trampın müharibəni davam etdirməyə çağırışından və İranın elektrik stansiyalarını bombalamaqla bağlı hədələrindən sonra neft qiymətləri kəskin artıb. “Brent” markalı neftin qiyməti 4%-dən çox artaraq bir barel üçün 105 dolları keçib. ABŞ-nin” West Texas Intermediate” (WTI) markalı nefti isə 3%-dən çox bahalaşaraq bir barel üçün 103 dolları ötüb.
Sevinc Əliyeva
Ordu.az