Ordu.az xəbər verir ki, bunu Aİ-nin xarici işlər naziri Kaya Kallasın rəsmi nümayəndəsi Ənvər əl-Anuni bildirib.
“Söhbət Livan xalqına və Livan hökumətinə dəstək göstərməkdən gedir, çünki onlar özlərinin seçmədiyi və onların müharibəsi olmayan bir müharibənin çətinlikləri ilə üzləşiblər. Livanda yaranmış vəziyyətə görə məsuliyyət “Hizbullah”ın üzərinə düşür və biz onun İranı dəstəkləmək məqsədilə İsrailə qarşı həyata keçirdiyi hücumları qəti şəkildə pisləyirik”, - deyə mətbuat katibi Brüsseldə keçirilən brifinqdə bildirib.
O, martın 31-də Aİ-nin doqquz ölkəsi, Böyük Britaniya və Aİ-nin xarici işlər üzrə ali nümayəndəsi tərəfindən Livandakı vəziyyətlə bağlı imzalanmış bəyanata dair şərh sorğusuna cavab verib.
“Biz həmçinin Livan hökumətinin qəbul etdiyi tarixi və cəsarətli qərarları vurğulayır və Livan ilə İsrail arasında birbaşa danışıqlara başlanmasına çağırırıq”, - deyə əl-Anuni qeyd edib.
Onun sözlərinə görə, Livanın ərazi bütövlüyünə hörmət edilməli, İsrail isə xüsusilə Livan ərazisində hərbi əməliyyatlar vasitəsilə gərginliyin artmasından çəkinməlidir.
Kallas həmçinin bildirib ki, Aİ bəyanatı imzalayan ölkələrlə birlikdə humanitar yardım göstərməkdə, xüsusilə də məcburi köçkünlərə dəstək verməkdə qətiyyətlidir. Onların sayı artıq bir milyondan çoxdur.
Belçika, Böyük Britaniya, Yunanıstan, İtaliya, Kipr, Malta, Niderland, Portuqaliya, Fransa və Xorvatiyanın xarici işlər nazirlərinin yaydığı birgə bəyanatda Avropa diplomatiyasının rəhbəri məsuliyyəti “Hizbullah”ın üzərinə qoyur, Livan ilə İsrail arasında birbaşa danışıqlara çağırır, Livan hökumətinə və onun islahatlarına dəstək ifadə edir, İsraildən gərginliyi azaltmağı tələb edir və Livanda BMT-nin müvəqqəti qüvvələrinin sülhməramlılarının qorunmasını dəstəkləyir.
Bundan əlavə, sənəddə atəşkəsə qayıtmaq və BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinə riayət etmək çağırışı yer alıb.
Sevinc Əliyeva
Ordu.az