Ordu.az xəbər verir ki, bu barədə Sloveniyanın ən böyük yanacaq şirkəti olan “Petrol”un yaydığı bəyanatda bildirilir.
“Fars körfəzi böhranının ağırlığı və davam etməsi səbəbindən beynəlxalq neft və qaz bazarlarında vəziyyət daha da mürəkkəbləşir və gələcəkdə enerji təchizatının təmin edilməsi strateji əhəmiyyət daşıyacaq. Təchizat şərtlərinin dəyişdiyini nəzərə alaraq, neft məhsullarının etibarlı və fasiləsiz təmin edilməsi bütün maraqlı tərəflərlə konstruktiv dialoq və bazar şərtlərini nəzərə alan, qonşu ölkələrin qiymətləri ilə müqayisə edilə bilən tənzimlənmiş pərakəndə qiymət modelini tələb edəcək”, - deyə şirkətin mətbuat xidməti bildirib.
“Petrol” eyni zamanda yanacaq ehtiyatlarının toplanması və böhrandan əlavə mənfəət əldə edilməsi ilə bağlı ittihamları təkzib edib. Şirkət yanacaqdoldurma məntəqələrində müşahidə olunan çətinlikləri “yanacağa tələbatın qəfil artması və məhdud logistika imkanları” ilə izah edib və kifayət qədər ehtiyatlarının olduğunu bəyan edib.
Daha əvvəl Sloveniya hakimiyyəti fiziki şəxslər üçün (50 litr) və hüquqi şəxslər üçün (200 litr) yanacaq alışına məhdudiyyətlər tətbiq edib. Hökumət həmçinin “Petrol”un fəaliyyətinə dair araşdırma başlanması barədə göstəriş verən qərar qəbul edib. Bu araşdırma yanacaq təchizatında mümkün qəsdən gecikmələr ilə bağlıdır.
Baş nazir müavini və hakim koalisiyanın tərkibində olan Sol Partiyasının həmsədri Luka Mesets hökumətə şirkətin nəzarət paketinin milliləşdirilməsi məsələsini müzakirə etməyi təklif edib. Daha sonra hökumət “Ernst & Young” şirkətinə “Petrol”un əməliyyatlarının auditi ilə bağlı tapşırıq verib.
“Petrol” şirkəti Sloveniyada və qonşu ölkələrdə geniş yanacaqdoldurma məntəqələri şəbəkəsinə malikdir. Şirkətin səhmlərinin 10,8%-i Sloveniya dövlətinə, 12,7%-i isə Sloveniya dövlət holdinqinə məxsusdur.
Sevinc Əliyeva
Ordu.az