Ordu.az xəbər verir ki, martın 31-i çərşənbə axşamı keçirilən səsvermədə müdafiə yönümlü komponentlərdən Türkiyənin istisna edilməsini nəzərdə tutan düzəliş təklifi 29 lehinə, 5 əleyhinə və 1 bitərəf səslə qəbul edilib.
“Greek City Times”a görə, bu qərar Türkiyənin Aİ tərəfindən maliyyələşdirilən müdafiə və təhlükəsizlik layihələrinə çıxışını məhdudlaşdırmaq istiqamətində atılmış ən aydın addımdır.
Cənubi Kiprdən deputat Kostas Mavrides tərəfindən təqdim edilən təklif Aİ-nin əsas tədqiqat və innovasiya fondu olan “Horizon Europe” proqramının gələcək mərhələlərini hədəfləyir. Proqram 2028-2034 dövründə ilk dəfə müdafiə sahəsini prioritet xərcləmə istiqaməti kimi əhatə edəcək. Mavridesə görə bu həssas sahələrdə iştirak yalnız Aİ dəyərlərinə, beynəlxalq hüquqa və üzv dövlətlərlə yaxşı qonşuluq münasibətlərinə tam hörmət edən ölkələrlə məhdudlaşdırılmalıdır.
Mavrides bildirib: “Məqsədim yalnız Aİ-nin və üzv dövlətlərin maraqlarına zidd davranmayan, yaxşı qonşuluq münasibətlərinə və beynəlxalq hüquqa hörmət edən ölkələrin müdafiə sahəsində iştirakını təmin etmək idi”. O qeyd edib ki, yenilənmiş mətn Türkiyəni açıq şəkildə istisna edir və Aİ-yə və ya üzv ölkələrə qarşı düşmən mövqe tutduğu hesab edilən dövlətlərin gələcək Avropa müdafiə çərçivəsində yeri olmamalıdır. Sözügedən təklif “Horizon Europe” proqramı üzrə daha geniş danışıqların bir hissəsi kimi qanunvericilik prosesinin növbəti mərhələsinə keçəcək.
“Horizon Europe” nədir?
“Horizon Europe” Aİ-nin tədqiqat və innovasiya üzrə əsas maliyyə proqramıdır. 2021-2027 dövrü üçün proqramın büdcəsi 93,5 milyard avro təşkil edir. Proqramın məqsədləri:
Avropa İttifaqını elmi və texnoloji baxımdan gücləndirmək,
Avropanın innovasiya potensialını, rəqabət qabiliyyətini və məşğulluğunu artırmaq, cəmiyyətin prioritetlərini qarşılamaq,
Avropanın sosial-iqtisadi modelini və dəyərlərini qorumaqdır.
Proqramın strukturu əvvəlki “Horizon 2020” proqramına bənzər şəkildə üç əsas istiqamətdən ibarətdir: elmi mükəmməllik, qlobal problemlər və sənaye rəqabətliliyi, innovativ Avropa. Alt proqramların bir-biri ilə və digər Aİ proqramları ilə uyğun və tamamlayıcı olması nəzərdə tutulur. Avropa Komissiyası 2025-ci il iyulun 16-da “Horizon Europe” proqramına dair yeni təklifini təqdim edib. 2028-2034 dövrü üçün proqramın büdcəsinin 175 milyard avro olması planlaşdırılır.
Sevinc Əliyeva
Ordu.az