İsveçrə çatdırılmadakı qeyri-müəyyənlik səbəbindən ABŞ-yə “Patriot”lar üçün ödənişi gecikdirməyə davam edəcək

2026/04/1775066090.jpg
Oxunub: 590     21:56     01 Aprel 2026    
İsveçrə ABŞ istehsalı “Patriot” hava hücumundan müdafiə sistemlərinin çatdırılmasında yaranan qeyri-müəyyənlik və bu mövzuda cədvəlin aydın olmaması səbəbindən ABŞ-yə ödənişləri gecikdirməyə davam edəcəyini bildirib.

Ordu.az xəbər verir ki, İsveçrə Federal Hökuməti mövzu ilə bağlı yazılı açıqlama yayıb.

Açıqlamada ABŞ istehsalı “Patriot” hava hücumundan müdafiə sisteminin İsveçrəyə çatdırılmasının qeyri-müəyyən olaraq qaldığı qeyd edilərək belə deyilib: “Bu səbəbdən Federal Müdafiə, Mülki Müdafiə və İdman Nazirliyi ABŞ rəhbərliyi məcburi çatdırılma tarixlərini və ödəniş mərhələlərini təqdim edənədək ABŞ-yə ödənişləri gecikdirəcək”.

Çatdırılma gecikməsi və mübahisə

Açıqlamada ABŞ-nin Ukraynaya dəstək ehtiyacını əsas gətirərək “Patriot” sisteminin çatdırılmasında gecikmə olduğunu elan etdiyi xatırladılaraq bildirilib: “Lakin İsveçrə bu prioritet dəyişikliklərinin müqavilə əsasını əhəmiyyətli dərəcədə dəyişdirdiyini və xüsusilə çatdırılma tarixləri, ödəniş planları və xərc təsirləri ilə bağlı suallar yaratdığını müdafiə edir. Bu səbəblərlə İsveçrə payızdan etibarən “Patriot” sistemi tədarükü üçün yaradılmış ‘Etimad Fondu’na ödəniş etməyi dayandırıb”.

Etimad fondu və ödəniş mübahisəsi

Açıqlamada ABŞ hökumətinin bu fondu Patriot müdafiə sistemi ilə yanaşı F-35A döyüş təyyarəsi və F/A-18 ehtiyat hissələri də daxil olmaqla tədarükçülərdən edilən bütün alışların ödənişi üçün istifadə etdiyi xatırladılıb. ABŞ-nin son dövrdə İsveçrənin F-35A üçün etdiyi ödənişləri İsveçrənin “Patriot” tədarük proqramına yönəltdiyi vurğulanıb.

Açıqlamada müqaviləyə cavabdeh olan ABŞ Müdafiə Nazirliyinə bağlı Müdafiə Təhlükəsizlik Əməkdaşlığı Agentliyinin (DSCA) fona əlavə töhfələr tələb etdiyi xatırladılaraq bildirilib: “Fondun likvidliyi kritik həddin altına düşərsə layihələr dayandırıla bilər və daha da azalarsa ləğv edilə bilər. Bu vəziyyət təkcə “Patriot” tədarükünü deyil, İsveçrənin ABŞ ilə olan bütün Xarici Hərbi Satış (FMS) portfelini də təsirləndirə bilər.”

F-35 və F/A-18 tədarük prosesi

Açıqlamada İsveçrənin təhlükəsizliyi üçün F/A-18 ehtiyat hissələrinin çatdırılmasının və F-35A tədarükünün “Patriot” sistemi ilə bağlı qərarlar səbəbindən riskə atılmamasının həyati əhəmiyyət daşıdığı vurğulanıb. Bu səbəbdən F-35A ilə bağlı ödənişlərin mart ayının sonu etibarilə önə çəkildiyi bildirilib.

Açıqlamada qeyd olunub: “Mövcud məlumatlara görə, Etimad Fondu likvid vəziyyətdədir və növbəti Xarici Hərbi Satış tədarüklərində mənfi təsir gözlənilmir. Federal Müdafiə Nazirliyi ABŞ rəhbərliyi məcburi yeni çatdırılma tarixlərini və ödəniş mərhələlərini bildirənədək Patriot üçün ödənişləri gecikdirəcək. Bunun səbəbi ödənişlərin yenidən başlanması və sonrakı addımlar barədə qərar vermək üçün ABŞ-dən real xərc və zaman qrafiki təsirləri haqqında məlumatlara ehtiyac duyulmasıdır”.

Yeni qərar prosesi və alternativlər

Açıqlamada Federal Şuranın yay aylarında əlavə tədbirlər görüb-görməyəcəyinə qərar verəcəyi bildirilib. ABŞ-nin yaxın həftələrdə İsveçrəyə növbəti addımlar, yeni çatdırılma tarixləri və mümkün ləğvin xərci barədə məlumat verəcəyi qeyd olunub.

Federal Müdafiə Nazirliyinin Patriot tədarükü ilə bağlı növbəti planlarını ən gec iyunun sonuna qədər Federal Şuraya təqdim edəcəyi bildirilib.

“Patriot” sistemlərinin çatdırılmasında qeyri-müəyyənlik və bu il üçün planlaşdırılan çatdırılmanın 5 ilə qədər gecikmə ehtimalı səbəbindən İsveçrə alternativ həlləri qiymətləndirir.

“Patriot”ların istehsalı qlobal geosiyasi gərginlik və davam edən müharibələr səbəbindən gözlənilən sürətlə irəliləmir.

ABŞ Müharibə Nazirliyi İsveçrənin alıcı siyahısında prioritet olmadığını bildirib.

İsveçrə Federal Şurası 4-5 illik gözləmə ehtimalını və əlavə xərclərin ola biləcəyini təsdiqləyib.

Bu səbəbdən İsveçrə “Patriot” müdafiə sistemindən imtina etmədən Avropa istehsalı başqa bir sistemi proqramına əlavə etməyi də nəzərdən keçirəcək.

F-35 razılaşması və mübahisələr

İsveçrə Federal Hökuməti F-35 döyüş təyyarələrinin alınması müqaviləsində qiymət artımı mübahisəsi səbəbindən Müdafiə Nazirliyinə müxtəlif variantları araşdırmaq tapşırığı verib.

2020-ci ildə keçirilən referendumda ordunun modernləşdirilməsi qəbul edilsə də hansı ölkələrdən silah alınacağı göstərilməmişdi.

Sonradan hökumət ABŞ-dən 36 ədəd F-35A alınması üçün 6 milyard İsveçrə frankı dəyərində ilkin razılaşma imzalamışdı.

2022-ci il sentyabrın 19-da 36 ədəd F-35A üçün müqavilə imzalanmış, lakin ABŞ qiymət artımı niyyətini bildirərək əlavə ödəniş tələb etmişdi.

İsveçrə Müdafiə Nazirliyi sabit qiymətdə israr etdiklərini, mübahisənin diplomatik danışıqlarla həll ediləcəyini açıqlamışdı.

ABŞ-nin İsveçrənin F-35 üçün etdiyi ödənişləri “Patriot” fonduna yönəltdiyi də ortaya çıxmışdı.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsveçrə   ABŞ   Patriot  


Bizi "telegram"da izləyin