KAAN mühərrikləri sanksiyalar çərçivəsində deyil, CAATSA prosesində müsbət irəliləyiş davam edir

2026/04/1775066033.jpg
Oxunub: 619     21:53     01 Aprel 2026    
TBMM Xarici İşlər Komissiyasının sədri Fuat Oktay KAAN döyüş təyyarəsinin mühərriklərinin sanksiyalar çərçivəsində olmadığını bildirərək, CAATSA prosesi ilə bağlı texniki danışıqlarda müsbət irəliləyiş əldə edildiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Fuat Oktay Komissiyanın ABŞ səfəri ilə bağlı qiymətləndirməsində KAAN layihəsinə dair bunları deyib: “KAAN mühərriklərinin sanksiyalar çərçivəsində olmadığı istiqamətində təəssürat əldə etdik. Bu mövzuda Konqres təsdiqi prosesi lazımdır, lakin problem yaşanmayacağını hesab edirik”.

CAATSA prosesində yanaşma dəyişib

CAATSA sanksiyaları ilə bağlı prosesə də toxunan Oktay son dövrdə ABŞ tərəfinin yanaşmasında müsbət dəyişiklik müşahidə olunduğunu bildirib: “1,5 il əvvəlki səfərimizlə son təmaslarımız arasında daha müsbət yanaşma fərqi gördük. Hökumətlər və xüsusilə dövlət başçıları arasındakı münasibətlərin bu prosesdə vacib olduğunu düşünürük”.

Texniki danışıqlar davam edir

CAATSA və digər sanksiyalarla bağlı texniki proseslərin davam etdiyini bildirən Oktay mövcud problemlərin həlli istiqamətində irəliləyiş olduğunu qeyd edib: “Həm CAATSA, həm də digər sanksiyalarla bağlı ikitərəfli və texniki danışıqlar davam edir. Bəzi texniki problemlər olsa da, bu sahələrdə irəliləyiş əldə edildiyini görürük”.

Sanksiyalar NATO ruhuna uyğun deyil

Fuat Oktay NATO müttəfiqləri arasında müdafiə sənayesinə yönəlmiş sanksiyaların düzgün olmadığını vurğulayaraq belə deyib: “CAATSA daxil olmaqla, NATO müttəfiqləri arasında müdafiə sənayesinə yönəlmiş sanksiyaların tətbiqinin mənalı olmadığını hər fürsətdə ifadə edirik”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KAAN   CAATSA  


Bizi "telegram"da izləyin