Məlumata görə, Pekin və İslamabad “İranın və Fars körfəzi ərəb ölkələrinin tam suverenliyinə qeyd-şərtsiz hörmət edilməsi şərti ilə dərhal atəşkəsin elan olunmasını və danışıqlara başlanmasını” təklif edirlər.
Çin və Pakistan “atəşkəsin təmin olunacağı və hərbi əməliyyatların bərpa edilməyəcəyi ilə bağlı sabit razılaşma əldə olunacağı təqdirdə, Hörmüz boğazında sərbəst gəmiçiliyin bərpasına zəmanət veriblər”.
Eyni zamanda Pekin və İslamabad “enerji infrastrukturlarına, neft emalı müəssisələrinə və şirin su istehsalı obyektlərinə qarşı qarşılıqlı raket zərbələrinin dayandırılmasını” da təklif ediblər.
Daha əvvəl İran ətrafındakı vəziyyətin tənzimlənməsi ilə bağlı İslamabadda Türkiyə, Səudiyyə Ərəbistanı, Misir və Pakistanın xarici işlər nazirlərinin məsləhətləşmə görüşü keçirilmişdi. Bu görüşlə bağlı məlumatın demək olar ki, olmamasından belə nəticə çıxarmaq olar ki, tərəflər ortaq məxrəcə gələ bilməyiblər.
Bəzi mənbələrə görə, Fars körfəzi ərəb monarxiyaları ABŞ-dən “müharibəni qələbə ilə başa çatdırmağı” tələb edir və münaqişədən sonrakı dövrdə İranın mümkün “qisas addımlarından” ehtiyatlanırlar.
Maraqlıdır ki, formal olaraq İranın strateji müttəfiqi sayılan Çin müharibənin başlanmasından bir aydan çox vaxt keçdikdən sonra vasitəçi kimi çıxış edir və bunu regionun təsirli ölkələrindən biri olan Pakistanla birlikdə edir.
Ehtimal etmək olar ki, Çin “öz məqamını soyuqqanlılıqla gözləyib”. Görünür, Pekin və İslamabadın hesablaması ondan ibarətdir ki, İranla müharibədə “çətin seçim qarşısında qalan” ABŞ prezidenti Donald Trump bu təklifi qəbul edə bilər. Üstəlik, bu təklif yalnız zəmanətli atəşkəsi nəzərdə tutur və başqa məsələləri əvvəlcədən müəyyən etmir.
İsrail mənbələri Çin və Pakistanın birgə təşəbbüsü barədə məlumatı kəskin şəkildə tənqid ediblər. Rusdilli “Vesty” nəşri “hökumətə yaxın bir rəsminin” fikrini sitat gətirərək bildirib ki, əgər bu təşəbbüs ABŞ tərəfindən qəbul edilərsə, bu, Donald Trampın qlobal məğlubiyyəti olacaq və İranın dini hakimiyyəti müharibədən qalib tərəf kimi çıxacaq.
Ötən həftə İsrail mətbuatında ABŞ prezidentinin “İsrailin Müstəqillik günündə, aprelin 9-da Qüdsə səfər edərək İranla müharibədə qələbə elan edəcəyi” barədə məlumat yayılmışdı. Həmin mənbələr həmçinin qeyd edirdilər ki, “Trampın Knessetdə çıxışı planlaşdırılır və bundan sonra ona İsrailin xüsusi mükafatı təqdim olunacaq”.
Görünür, bu planlar baş tutmayacaq. Çünki “İran oyununun içərisinə” Çin daxil olursa, deməli, mərclər artıq çox yüksəkdir. Və məsələ ilk növbədə ABŞ-nin Yaxın Şərqdə təsirini qoruyub-qorumayacağı ilə bağlıdır.
Asif Cəfərov
Ordu.az