Rusiya İran böhranında nə qazanır? Müharibə, diplomatiya və gizli hesablar

2026/04/1775063687.jpg
Oxunub: 661     21:13     01 Aprel 2026    
“Biz qarşı tərəfə heç bir şərt və ya maddə təqdim etməmişik. “Beş şərt” adlandırılan məqamlar sadəcə olaraq KİV-lərdən birinin irəli sürdüyü fərziyyələrdir. Əlbəttə, media qurumları ehtimallar və qiymətləndirmələr irəli sürməyə meyllidir, bu onların işidir. Lakin indiyədək biz Amerika tərəfinin təklifinə dair heç bir cavab verməmişik və tərəfimizdən heç bir qərar qəbul olunmayıb”.

Bu fikirləri “Al Jazeera” telekanalına müsahibəsində ABŞ ilə danışıqlar barədə danışarkən İranın xarici işlər naziri Abbas Əraqçi səsləndirib.

“Iran International”ın məlumatına görə, İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) rəhbərliyi “prezident Məsud Pezeşkianı siyasi qərarların qəbulundan tam təcrid edib və onun ali dini liderin oğlu Müctəba Xameneyi ilə əlaqələrini bloklayıb”. Hazırda İranda faktiki hakimiyyət İİKK-nin yüksək komandanlığının əlində cəmləşib.

“Al Jazeera” telekanalına Abbas Əraqçinin müsahibəsi fonunda, İranın Moskvadakı səfiri Kazem Cəlalinin “Russia Today” kanalında verdiyi açıqlama da yayılıb. O, ABŞ-İran danışıqları ilə bağlı suala cavabında bildirib ki, İrana müvəqqəti atəşkəs sərfəli deyil, “regionda uzunmüddətli və davamlı sülhün təmin olunmasına nail olmaq lazımdır”. İran tərəfi israr edir ki, “təcavüzkar müəyyən edilməli və məsuliyyətə cəlb olunmalıdır”.

Tehranın növbəti tələbi “vurulmuş zərərin tam kompensasiyası” ilə bağlıdır. İran tərəfi bildirir ki, sülh nizamlanmasının “şərtlərindən biri tətbiq edilmiş qeyri-qanuni sanksiyaların ləğv edilməsidir”. Moskvadakı səfir Cəlali İranın nüvə proqramı məsələsinə də toxunaraq qeyd edib ki, “beynəlxalq ictimaiyyət İranın nüvə texnologiyalarını inkişaf etdirmək hüququnu rəsmi şəkildə tanımalıdır”.

Faktiki olaraq, Moskvadakı İran səfiri Abbas Əraqçinin “KİV fərziyyəsi” adlandırdığı həmin “beş şərti” səsləndirib. Bu nə deməkdir? Demək olarmı İranda hakimiyyət böhranı o dərəcədə dərinləşib ki, xarici işlər naziri “səfiri nəzarətdə saxlaya bilmir”? Burada diqqət çəkən digər məqam ondan ibarətdir ki, bu “beş şərt”i məhz Moskvadakı səfir açıqlayıb.

Maraqlıdır ki, həmin gün Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin TASS agentliyinə bildirib ki, müharibənin əvvəlindən etibarən “ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqələr qurulub”.

İstisna deyil ki, İran ətrafında vəziyyətin tənzimlənməsi ilə bağlı Rusiya ilə ABŞ arasında gizli danışıqlar platforması mövcuddur və burada konkret məsələlər müzakirə olunur. Aprelin 1-də Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Rusiya Hörmüz boğazına alternativ olaraq “təhlükəsiz logistika marşrutları təklif etməyə hazırdır”. Onun hansı marşrutları nəzərdə tutduğu açıqlanmayıb.

Daha əvvəl Ukrayna prezidenti Volodimir Zelenski bildirmişdi ki, Rusiya “İrana qarşı müharibənin uzanmasında maraqlıdır”. Bu maraq Cənubi Qafqaza da təsir göstərəcəkmi?

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   İran   Müharibə   ABŞ  


Bizi "telegram"da izləyin