Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Baş nazir Kir Starmer bildirib ki, xarici işlər nazirlərinin görüşündə “hərbi əməliyyatların dayandırılmasından sonra boğazın əlçatanlığının və təhlükəsizliyinin təmin edilməsi yolları” müzakirə olunacaq. Dəniz variantlarını müzakirə etmək üçün hərbi görüş də keçiriləcək.
“Financial Times”a danışan, müzakirələrlə tanış dörd rəsmi bildirib ki, koalisiya üçün mövcud resurslarla bağlı müzakirələrdə Fransa, Niderland və Fars körfəzi ölkələri iştirak edir. Onların sözlərinə görə, ticarət gəmilərinin hərbi müşayiəti, boğazda minalardan təmizləmə və İranın mümkün hücumlarından müdafiə kimi tədbirlər müzakirə olunur.
Belçika Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, hazırkı təşəbbüs Ukraynanın təhlükəsizliyini təmin etmək üçün yaradılmış “könüllülər koalisiyası”na “çox bənzəyir”. Diplomatların sözlərinə görə, indiyədək Avropa ölkələri Donald Trampın donanmalarını Hörmüz boğazına göndərmək çağırışlarını rədd edərək onun “özünün yaratdığı problemi həll etməsinə kömək etmək istəmirdilər”. Lakin artan enerji böhranının miqyası və Trampın NATO müttəfiqlərinə qarşı səsləndirdiyi ittihamlar onların mövqelərini yenidən nəzərdən keçirməsinə səbəb olub və boğazın açılması üçün hazırlıqlara başlanılıb.
Bununla belə, mənbələrin bildirdiyinə görə, koalisiya NATO missiyası çərçivəsində fəaliyyət göstərməyəcək və alyansa üzv olmayan ölkələri də əhatə edəcək.
BƏƏ-nin fəal iştirakçı olmağa hazırlaşdığı bildirilir. Ölkə ABŞ-ni, Avropanı və Asiya dövlətlərini Hörmüz boğazının güc yolu ilə açılması üçün qüvvələrini birləşdirməyə çağırır.
BƏƏ və Bəhreyn BMT Təhlükəsizlik Şurasının belə addımları məcburi edəcək qətnaməsini irəli sürməyə çalışır.
FT-nin iki mənbəsinin sözlərinə görə, dəniz koalisiyasının formalaşdırılmasına qüvvə və vasitələrin tərkibi ilə bağlı fərqlər mane olur. Məsələn, bəzi ölkələr minalardan təmizləmə gəmiləri təqdim etməyi, lakin onları qoruyacaq freqatlar verməməyi təklif edib.
“Böyük Britaniyada keçiriləcək danışıqlarda azad naviqasiyanı bərpa etmək, ilişib qalan gəmilərin və dənizçilərin təhlükəsizliyini təmin etmək və həyati əhəmiyyətli tədarükün hərəkətini yenidən başlatmaq üçün bütün mümkün diplomatik və siyasi vasitələr qiymətləndiriləcək”, - deyə Starmer bildirib.
Sevinc Əliyeva
Ordu.az