2003-cü ildə İraqa müdaxilədən etibarən ABŞ-nin ən böyük hərbi hava və dəniz armadası hazırda İran sahilləri yaxınlığında toplanır.
Tehranla danışıqlar davam etdiyi və mövcud gərginliyə diplomatik həll tapmağa cəhd göstərildiyi bir vaxtda ABŞ ordusu İran hərbi qüvvələrini məhv edə biləcək zərbəyə hazırlaşır. Lakin buna nail olmaq üçün ABŞ təyyarələri və gəmiləri İranın hava hücumundan müdafiə çətirini yarıb keçməli və böyük ehtimalla onu məhv etməlidir. Bunun üçün aktiv xidmətdə olan iki ixtisaslaşmış radioelektron mübarizə təyyarəsindən istifadə olunacaq.
EA-18G “Growler” və F-35 “Lightning II”: ABŞ ordusunun iki radioelektron mübarizə təyyarəsi
ABŞ ordusunun radioelektron mübarizə aparmaq qabiliyyətinə malik iki əsas döyüş təyyarəsi var: xüsusi radioelektron mübarizə təyyarəsi olan EA-18G “Growler” və geniş imkanlar spektri çərçivəsində radioelektron mübarizə funksiyasını da yerinə yetirə bilən beşinci nəsil çoxməqsədli döyüş təyyarəsi F-35 “Lightning II”.
EA-18G “Growler” 2009-cu ildə istismara qəbul edilib, indiyədək 172 ədəd istehsal olunub. Təyyarənin uzunluğu 18,3 metr, qanad açılımı 13,62 metrdir. Maksimal uçuş çəkisi təxminən 29 964 kiloqramdır. O, hər biri 14 400 funt itələmə qüvvəsinə malik iki ədəd “General Electric” F414-GE-400 “afterburner”li turboreaktiv mühərriklə təchiz edilib. Maksimal sürəti saatda təxminən 1 900 kilometr, uçuş məsafəsi 2 346 kilometr, xidmət tavanı isə təxminən 15 240 metrdir. AESA tipli radarlar, hədəfləmə sistemləri və radioelektron mübarizə konteynerləri ilə təchiz olunur, ümumi faydalı yük götürmə qabiliyyəti 8 050 kiloqramdır və buraya AIM-120 AMRAAM raketləri də daxildir. Heyət iki nəfərdən ibarətdir.
F-35 “Lightning II”nin F-35B variantı 2015-ci ildə istismara qəbul edilib və bütün variantlar üzrə 1 300-dən çox ədəd istehsal olunub. Təyyarənin uzunluğu 15,7 metr, qanad açılımı 11 metrdir. Maksimal uçuş çəkisi təxminən 29 900 kiloqramdır. O, 28 000 funt itələmə qüvvəsinə malik bir ədəd “Pratt & Whitney” F135-PW-100 “afterburner”li turboreaktiv mühərriklə təchiz olunub. Maksimal sürəti saatda təxminən 1 976 kilometr, uçuş məsafəsi 2 800 kilometr, xidmət tavanı isə təxminən 15 240 metrdir. AESA radarları, elektro-optik hədəfləmə sistemi və əks-tədbir vasitələri ilə təchiz edilib, ümumi faydalı yük götürmə qabiliyyəti 8 200 kiloqramdır və müxtəlif tipli bomba və raketləri daşıya bilir. Heyət bir nəfərdən ibarətdir.
EA-18G “Growler” güclü radioelektron mübarizə kompleksi ilə təchiz olunub. Buraya AN/ALQ-249 “Next Generation Jammer” sistemləri, AN/ALQ-218 qəbuledici kompleksi, ALQ-99 taktiki qarışdırma konteynerləri, rabitə siqnallarını qarışdıran sistemlər, siqnal kəşfiyyatı sensorları və qabaqcıl məlumat ötürmə kanalları daxildir.
F-35 “Lightning II” isə AN/ASQ-239 radioelektron mübarizə kompleksi ilə təchiz olunub. Bu sistem öz sinfində ən inkişaf etmiş hesab olunur və beşinci nəsil stels tipli döyüş təyyarəsinə 360 dərəcə situasiya məlumatlılığı və tam spektrli imkanlar verir.
Hər iki təyyarənin üstün cəhətləri fərqlidir. F-35 “Lightning II” daha güclü radara malikdir, düşmən qüvvələrini aşkar və izləyə, radarları boğa və hücumları pozmağa qadirdir. EA-18G “Growler” isə radioelektron mübarizə üzrə ixtisaslaşmış zabitin mövcudluğu üstünlüyünə malikdir. Həmin zabit düşmənin elektron sistemlərini aşkar etməyə, izləməyə, qarışdırmağa və sıradan çıxarmağa fokuslanır, pilot isə təyyarənin idarə olunmasına diqqət yetirir.
Bu iki təyyarənin İran daxilində ciddi müqavimətlə üzləşməsi ehtimalı da azdır. İranın hava hücumundan müdafiə sistemi 2025-ci il iyun ayında əvvəlcə İsrail tərəfindən “Rising Lion” əməliyyatı zamanı, daha sonra isə ABŞ tərəfindən “Midnight Hammer” əməliyyatı çərçivəsində ciddi zərər görüb. Son doqquz ay ərzində Tehran müəyyən dərəcədə imkanlarını bərpa etməyə və mümkün növbəti qarşıdurmaya hazırlaşmağa vaxt tapıb, lakin İsrail və ABŞ tərəfindən məhv edilmiş hava hücumundan müdafiə sistemlərini əvəz etmək üçün geniş imkanlara malik olmayıb.
İranın şəbəkələşdirilmiş hava hücumundan müdafiə çətirini zəif və parçalanmış sistemə çevirmək vəzifəsi EA-18G “Growler” və F-35 “Lightning II” təyyarələrinin üzərinə düşə bilər. Bu təyyarələr yaxın zamanda Venesuelada “Absolute Resolve” əməliyyatı zamanı, yanvarın 3-də Karakasa keçirilmiş reyd çərçivəsində, Venesuela lideri Nikolas Maduronun ələ keçirilməsi ilə nəticələnən əməliyyatda Rusiya istehsalı olan hava hücumundan müdafiə sistemlərini eyni qaydada sıradan çıxarıb.
İrana qarşı radioelektron mübarizə reydi necə həyata keçirilə bilər
İranla mümkün münaqişə zamanı ABŞ ordusu radioelektron mübarizə təyyarələrindən istifadə edərək İranın hava hücumundan müdafiə sistemlərini zərərsizləşdirər və digər döyüş təyyarələri ilə raketlərin hədəflərə maneəsiz zərbə endirməsinə şərait yaradar.
F-35 “Lightning II” tipli stels döyüş təyyarələri böyük ehtimalla ilk olaraq əməliyyat zonasına daxil olar və qabaqcıl avionik sistemlərivasitəsilə İranın hava hücumundan müdafiə çətirinin hərtərəfli xəritəsini tərtib edər. F-35 bu məlumatı “Link 16” və “Multifunction Advanced Data Link” vasitəsilə zərbə qrupunun bütün elementləri, döyüş təyyarələri, raketlər və hərbi gəmilər arasında real vaxt rejimində paylaşa bilir.
EA-18G “Growler” təyyarələri isə onların ardınca gələr və qarışdırma avadanlıqları vasitəsilə İran radar siqnallarını müxtəlif tezliklərdə ələ keçirərək qarışdırar. Bu qarışdırma İran hava hücumundan müdafiə operatorlarını ölümcül seçim qarşısında qoyar: döyüş meydanında situasiya məlumatlılığını qorumaq üçün radarlarının şüalanma gücünü artırmalı olarlar. Lakin bunu etdikləri anda onların dəqiq coğrafi koordinatları “Growler” təyyarələri və AGM-88E HARM tipli radiasiya əleyhinə raketlər tərəfindən dərhal aşkar edilər.
Bu tip tapşırıqlar Düşmənin Hava Hücumundan Müdafiəsinin Zəiflədilməsi və ya Məhv Edilməsi (SEAD/DEAD) adlanır və qarşı tərəfin müdafiəsinin xarici təbəqəsini təşkil edən quru əsaslı radar qurğularını və raket batareyalarını zərərsizləşdirmək üçün nəzərdə tutulub.
Əgər əməliyyat düzgün icra olunarsa, bir neçə həftə əvvəl Venesuelada olduğu kimi, İranın inteqrasiya olunmuş hava hücumundan müdafiə çətiri bir-biri ilə əlaqə saxlaya bilməyən və qısa müddətdə məhv edilməzdən əvvəl heç nəyi görə bilməyən ayrı-ayrı silah sistemlərinə çevrilər.
Dəyanət Ağalarlı
Ordu.az