Ermənistanda prokuror sabiq müdafiə nazirinin arvadı ilə bağlı cinayət işini məhkəməyə göndərib

2026/02/1771947310.jpg
Oxunub: 430     19:33     24 Fevral 2026    
Ermənistanda prokuror 2026-cı il fevralın 24-də təsdiq edilmiş ittiham aktı ilə Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyanın arvadı R.X., K.M. və R.X.-in bacısı qızı A.B. barəsində cinayət işi materiallarını məhkəməyə göndərib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Ermənistan Baş Prokurorluğun qanunsuz mənşəli əmlakın müsadirəsi işləri üzrə idarəsində aparılmış araşdırmaların nəticələrinə əsasən, Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyana məxsus əmlaklarla bağlı yoxlamalar zamanı onun arvadının bacısı qızı A.B.-nin adına rəsmiləşdirilmiş, lakin qanunsuz mənşəli hesab edilən, İrəvan şəhəri Nalbandyan küçəsində yerləşən iki daşınmaz əmlak da müəyyən edilib.

İdarənin təqdim etdiyi vəsatətlər əsasında İrəvan şəhəri ümumi yurisdiksiyalı mülki məhkəməsinin 2021-ci il noyabrın 10-u və 23-ü tarixli qərarları ilə qeyd olunan iki daşınmaz əmlak üzərinə iddianın təmin edilməsi tədbiri kimi həbs qoyulub və A.B.-yə onların sərəncamı ilə bağlı hər hansı əməliyyat aparmaq qadağan edilib. Qərarlar əsasında Ermənistan Ədliyyə Nazirliyinin Məhkəmə Aktlarının Məcburi İcrası Xidmətində həmin əmlakların özgəninkiləşdirilməsinə məhdudiyyət tətbiq edilib və bu barədə qərar A.B.-yə təqdim olunub.

Araşdırmaların yekun nəticələrinə dair tərtib edilmiş rəyə əsasən, 2022-ci il aprelin 27-də qanunsuz mənşəli əmlakın müsadirəsi ilə bağlı Ermənistan Antikorrupsiya Mülki Məhkəməsinə iddia ərizəsi təqdim edilib. İddiada A.B.-nin adına qeydiyyata alınmış, lakin faktiki olaraq Seyran Ohanyana məxsus olan həmin daşınmaz əmlakların qanuni gəlirlərlə əsaslandırılmayan hissəsinin Ermənistanın xeyrinə müsadirə olunması tələb edilib.

R.X. Seyran Ohanyanla birgə nikah dövründə əldə edilmiş və faktiki olaraq onların sərəncamında olan, bacısı qızı A.B.-nin adına formal şəkildə rəsmiləşdirilmiş Nalbandyan küçəsindəki daşınmaz əmlakların dövlət tərəfindən müsadirəsinə hüquqi maneələr yaratmaq məqsədilə həmin əmlakları formal olaraq K.M.-yə özgəninkiləşdirmək qərarına gəlib.

R.X.-in təşkilatçılığı və rəhbərliyi ilə 2021-ci il dekabrın 13-dən 2022-ci il iyunun 23-dək olan dövrdə A.B. və K.M. mülki məhkəməyə təqdim etmək niyyəti ilə sübutu saxtalaşdırıblar. Belə ki, geriyə tarix qoymaqla 2021-ci il sentyabrın 1-i tarixli iki alqı-satqı müqaviləsi tərtib edib, notarial qaydada təsdiq etdirmədən imzalayıblar. Müqavilələrə əsasən, müvafiq olaraq 502 milyon 220 min dram və 123 milyon 250 min dram dəyərində olan daşınmaz əmlaklar K.M.-yə satılmış kimi göstərilib.

2022-ci il iyunun 23-də K.M. həmin saxta sübutu, özü ilə A.B. arasında bağlanmış alqı-satqı müqavilələrini iddia ərizəsinin əsasına qoyaraq mülki məhkəməyə təqdim edib. Məhkəmənin 2023-cü il aprelin 27-si tarixli qərarı ilə K.M.-nin iddiası təmin olunub və həmin əmlaklar üzərində onun mülkiyyət hüququ tanınıb.

Ermənistan Baş Prokurorluğunun müvafiq idarəsinin prokurorunun məlumatı əsasında İstintaq Komitəsində başlanmış cinayət işi çərçivəsində müəyyən edilib ki, R.X. 2022-2024-cü illərdə bəyannamə təqdim etmək öhdəliyi olan şəxs kimi təqdim etdiyi bəyannamələrdə bəyan edilməli olan iki daşınmaz əmlak barədə məlumatları gizlədib və bu, xüsusilə külli miqdarda əmlakın bəyan edilməməsinə səbəb olub.

2026-cı il fevralın 3-də nəzarətçi prokuror R.X. barəsində 18.04.2003-cü ildə qəbul edilmiş Ermənistan Cinayət Məcəlləsinin 38-349-cu maddəsinin 1-ci hissəsi (sübutun saxtalaşdırılmasının təşkili), qüvvədə olan Cinayət Məcəlləsinin 46-509-cu maddəsinin 1-ci hissəsinin 2-ci bəndi (həbs qoyulmuş əmlak barəsində qanunsuz hərəkətlərin təşkili) və 444-cü maddəsinin 2-ci hissəsi (bəyan edilməli məlumatların gizlədilməsi) ilə ictimai cinayət təqibi başladıb.

Eyni zamanda R.X.-in bacısı qızı A.B. barəsində 18.04.2003-cü ildə qəbul edilmiş Ermənistan Cinayət Məcəlləsinin 349-cu maddəsinin 1-ci hissəsi (sübutun saxtalaşdırılması) və qüvvədə olan Cinayət Məcəlləsinin 509-cu maddəsinin 1-ci hissəsinin 2-ci bəndi (həbs qoyulmuş əmlak barəsində qanunsuz hərəkətlər), K.M. barəsində isə 18.04.2003-cü ildə qəbul edilmiş Cinayət Məcəlləsinin 349-cu maddəsinin 1-ci hissəsi və qüvvədə olan Cinayət Məcəlləsinin 46-509-cu maddəsinin 1-ci hissəsinin 2-ci bəndi (həbs qoyulmuş əmlak barəsində qanunsuz hərəkətlərə köməklik) ilə ictimai cinayət təqibi başlanıb.

Prokuror 2026-cı il fevralın 24-də təsdiq edilmiş ittiham aktı ilə Ermənistanın sabiq müdafiə nazirinin arvadı R.X., K.M. və R.X.-in bacısı qızı A.B. barəsində cinayət işi materiallarını məhkəməyə göndərib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Ohanyan  


Bizi "telegram"da izləyin