Çinin indi nəhəng avtomobil bərəsi var: O, tank bərəsinə də çevrilə bilərmi?

2026/02/Ekran-1771588942.jpg
Oxunub: 526     15:29     12 May 2026    
Hələlik bərənin əsas məqsədi Avropada avtomobilləri daşımaqdır, lakin müdafiə planlaşdırıcıları narahatdırlar ki, o, hərbi texnikanı Tayvanda boşaltmaq üçün də istifadə oluna bilər.

Çinin gəmiqayırma sənayesi hazırda dünyanın ən böyüyüdür və qlobal gəmi istehsalının yarıdan çoxunu təşkil edir. Pekinin 2030-cu illərin ortalarınadək 6 ədəd aviadaşıyıcı gəmini istismara verərək ABŞ ilə aradakı fərqi azaltmaq niyyəti geniş müzakirə olunur. Lakin Çin gəmiqayırma sənayesinin üzərində işlədiyi yeganə narahatedici sahə hərbi gəmilər deyil.

Bu ay “Guangzhou Shipyard International Company Limited” 10.800 avtomobil daşımaq qabiliyyətinə malik nəhəng avtomobil daşıyıcısının tikintisini tamamladı. Mayeləşdirilmiş təbii qazla (LNG) işləyən bu gəminin uzunluğu təxminən 230 metr, eni isə 40 metrdir. Onun 14 göyərtəsi var və elektrik avtomobilləri, hidrogenlə işləyən maşınlar və ağır yük avtomobilləri daxil olmaqla müxtəlif nəqliyyat vasitələrini daşıya bilir. Bu gəmi Çində inşa edilmiş və hər biri 9.500 avtomobil tutumuna malik olan əvvəlki iki daşıyıcıdan xeyli böyükdür.

Ən azı qısa müddətdə bu avtomobil daşıyıcılarının əsas rolu Çin istehsalı avtomobilləri Asiyadan xarici bazarlara çatdırmaqdır. Pekin xüsusilə ucuz, lakin texnoloji cəhətdən qabaqcıl elektrik və hidrogenlə işləyən avtomobillər sayəsində qlobal avtomobil sənayesində mövqeyini getdikcə gücləndirib.

Bərə gəmiləri ikili təyinatlı vasitədir

Lakin böyük münaqişə zamanı bu cür iri “Roll-on/Roll-off” (RoRo) tipli gəmi Xalq Azadlıq Ordusu üçün ikinci dərəcəli rol da oynaya bilər. Onun tutumu və elektrik avtomobilləri ilə yanaşı ağır yük maşınlarını daşımaq imkanını nəzərə alsaq, zirehli texnika və yüngül tanklar, hətta müəyyən dəyişikliklərlə əsas döyüş tankları da daşına bilər.

Artıq illərdir ki, Çin ordusu gücləndirilmiş panduslar və göyərtələrlə inşa edilmiş iri sərnişin bərələrinə tankların və digər hücum vasitələrinin necə yüklənə biləcəyini araşdırır. Bu gəmilərin mümkün istiqaməti isə aydındır: Tayvan.

2021-ci ildə dövlətə məxsus “Global Times” xəbər vermişdi ki, Çin ordusu 45.000 ton subasımı qabiliyyətinə malik avtomobil bərəsində inteqrasiya olunmuş hərbi-mülki dəniz keçidi təlimi keçirib. Bu gəmi əvvəlki hərbi təlimlərdə istifadə olunan oxşar vasitələrdən xeyli böyük idi. Təlim ordunun 81-ci qrupunun bölmələri tərəfindən icra olunmuş və gələcək döyüşdə qoşunların daşınma səmərəliliyini artırmağı hədəfləmişdi. Təlimdə 1.000-dən çox hərbçi və texnika iştirak edib.

“Chinese Rejuvenation” adlandırılan gəmi dənizdə 1.000 kilometrdən artıq məsafə qət edərək çoxsaylı döyüş texnikası, o cümlədən “Type 96” əsas döyüş tankları, “Type 04” piyada döyüş maşınları və “Dongfeng Mengshi” taktiki hücum avtomobilləri, həmçinin tibbi, təmir, mühəndis, kəşfiyyat və komanda nəqliyyat vasitələrini daşıyıb.

Avadanlıq döyüş tapşırıqlarına uyğun əvvəlcədən müəyyənləşdirilmiş ardıcıllıqla yüklənmişdi ki, hər bir texnika limana çatan kimi dərhal döyüşə daxil ola bilsin.

Tayvan üçün D-günü ssenarisi? Tam olaraq yox

Yeni inaş edilmiş “RoRo” avtomobil daşıyıcısı, əlbəttə, avtomobillərlə müqayisədə xeyli ağır olan tanklardan eyni sayda daşıya bilməyəcək. Üstəlik, texnikanın boşaldılması üçün qabaqcıl liman infrastrukturu tələb olunur. Xüsusi desant gəmilərindən fərqli olaraq, bu tip gəmi tankları birbaşa istənilən çimərliyə buraxa bilmir.

Bununla belə, Tayvanın həm qərb sahillərində, həm də Sakit okean istiqamətində yeddi əsas beynəlxalq ticarət limanı və əlavə limanları olan güclü və qabaqcıl dəniz infrastrukturu mövcuddur. Əgər bu limanlardan hər hansı biri salamat şəkildə Çin qüvvələrinin nəzarətinə keçərsə, çoxlu sayda tankın sürətlə boşaldılması və adanın qalan hissəsinin qısa müddətdə ələ keçirilməsi nisbətən asan ola bilər.

Məhz bu səbəbdən Tayvan administrasiyası Çin mülki avtomobil daşıyıcılarını və bərələrini milli təhlükəsizliyi üçün ciddi təhdid hesab edir. İndiyədək inşa olunmuş ən yeni və ən böyük avtomobil daşıyıcısının istifadəyə verilməsi ilə bu təhlükə daha da aydın görünür.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Bərə   Gəmi  


Bizi "telegram"da izləyin