Ermənistanın sabiq Baş naziri: “Sən ölkə rəhbərisən, indi başa düşdün ki, o xətt heç vaxt Arazdəyəndən Axurikə daxil olmayacaq?”

2026/02/1771570787.jpg
Oxunub: 406     15:59     20 Fevral 2026    
“TRIPP-in (Zəngəzur dəhlizi-red.) mahiyyəti Zəngəzurdur, bu, yəhudi layihəsidir”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın sabiq Baş naziri (1992-93-cü illər) Xosrov Harutyunyan bildirib.

O, xüsusilə ABŞ tərəfindən vəd olunan “milyardlarla dollar” investisiyalardan ruhlanan ermənilərə xatırladıb ki, “parlayan hər şey qızıl deyil”.

İran ətrafında gərginləşən vəziyyət, qlobal proseslər, yeni dünya nizamının formalaşması və ABŞ prezidenti Tramp administrasiyasının beynəlxalq münasibətlərdə “Güc hüquq yaradır” prinsipi ilə yeni oyun qaydaları tətbiq etmək cəhdləri kontekstində ümumi təhlil aparan Harutyunyan ABŞ-nin vitse-prezidenti Cey Di Vensin 9-11 fevral tarixlərində Ermənistan və Azərbaycana regional səfərinə də toxunaraq sual qaldırıb: “Bu müddətdə nə dəyişdi ki, ABŞ regiona daxil olmaq qərarı verdi?”.

Onun fikrincə, heç nə dəyişməyib, ABŞ siyasəti eyni olaraq qalır.

“Misal üçün, mən düşünürəm ki, niyə bundan əvvəl ABŞ eyni bu Zəngəzur dəhlizi məsələsinə biganə idi? Sadədir, bu, yəhudi layihəsidir. İsrail dedi ki, qulaq asın, Azərbaycan nə qədər Zəngəzur dəhlizi deyirsə, problem yaranır, ermənilər istəmir, elə Nikol Paşinyanın özü də buna qarşı danışmağa məcbur qalır. Gəlin adını dəyişək, sən buna TRIPP de, mahiyyət dəyişmir. Azərbaycan üçün həmin 42 km-lik hissədən istifadə imkanı qalır, amma bir məqam da əlavə olunur. Azərbaycanın təsiri birmənalı şəkildə artır ki, bu da onların İranla münasibətləri baxımından çox əhəmiyyətlidir”, - deyə Harutyunyan qeyd edib.

O vurğulayıb ki, adlandırmanın əhəmiyyəti yoxdur.

“İstəsəniz adını TRIPP qoyun, istəsəniz Zəngəzur dəhlizi deyin, necə adlandırırsınız adlandırın, fərqi yoxdur, bu layihə Ermənistana nə iqtisadi, nə geoiqtisadi, nə də geosiyasi baxımdan heç nə vermir. Üstəlik, rəsmi bəyanatların əksinə olaraq, sülhün formalaşmasına da töhfə vermir.

Paşinyan yaxın vaxtlarda deyir: “Mən sual verirəm, bəs niyə siz Naxçıvan-İğdır dəmir yolunu tikirsiniz?”. Susurlar. Qulaq asın, mən 2021-ci ildən bu barədə danışıram. 2021-də “Ermənistan çəkiclə zindan arasında: nə etməli?” adlı məqalə yazmışdım və bu, məhz kommunikasiyaların açılmasına aid idi. O vaxt xəritə də var idi ki, xətt Azərbaycandan Naxçıvana daxil olur, Şərurdan çıxıb İğdıra gedir. Paşinyan bunu indi bildi? Başa düşmədik!.. Sən ölkə rəhbərisən, indi başa düşdün ki, o xətt heç vaxt Arazdəyəndən Axurikə daxil olmayacaq? Bütün bu TRIPP-in mahiyyəti budur”, - deyə Harutyunyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Harutyunyan  


Bizi "telegram"da izləyin