Müasir aviadaşıyıcı gəmilər indiyə qədər inşa edilmiş ən böyük gəmilər sırasındadır. İnşası milyardlarla dollara başa gələn, onlarla təyyarə daşıyan və çox vaxt minlərlə nəfərlik heyətə sahib olan aviadaşıyıcılar, əslində, miniatür ada şəhərlərinə bənzəyir, onlar güclü donanmaların sahillərindən çox uzaqlarda güc nümayiş etdirmək üçün istifadə etdiyi nəhəng döyüş gəmiləridir.
Aviadaşıyıcı gəmilər Tailandın kiçik “Chakri Naruebet” gəmisində olduğu kimi təxminən 10 000 ton subasımı qabiliyyətindən tutmuş, ABŞ Hərbi Dəniz Qüvvələrinin ən yeni superaviadaşıyıcılarında 100 000 tondan artıq subasımı qabiliyyətinə qədər ölçü və forma baxımından çox müxtəlifdir. Onlar ya adi üsullarla, ya da nüvə reaktorları ilə hərəkətə gətirilə bilər. Dizaynları da hava qanadına görə dəyişir: daha kiçik və nisbətən ucuz daşıyıcılar adətən təyyarələrin qalxışına kömək edən tramplindən istifadə edir, ən qabaqcıl daşıyıcılar isə buxar və ya elektromaqnitlə işləyən katapult sistemlərinə malikdir.
Aviadaşıyıcı gəmini istismar etmək üçün tələb olunan nəhəng resurslar bu gəmilərdən istifadə edən ölkələrin sayını ciddi şəkildə məhdudlaşdırır. Bir çox orta ölçülü ölkə kiçik daşıyıcıları maliyyələşdirə bilsə də, aşağıda göstərilən daha iri superaviadaşıyıcıları yalnız bir neçə güclü dövlət istismar edə bilir. Həqiqətən də bu sahədə bir ölkə açıq-aşkar üstünlük təşkil edir, 11 nəhəng superaviadaşıyıcı istismar edən ABŞ ikinci yerdə olan Çinlə müqayisədə xeyli irəlidədir.
Qeyd etmək lazımdır ki, aviadaşıyıcıların ölçüsü adətən subasımı qabiliyyəti, yəni gəmi okeana daxil olduqda kənara itələdiyi suyun ümumi həcmi ilə ölçülür. Bu ölçü müəyyən qədər elastikdir, çünki gəminin nə qədər ağır silahlandığı və təchiz edildiyi də nəticəyə təsir edir.
10. “Charles de Gaulle” (R91)
Fransa Hərbi Dəniz Qüvvələri
Xidmətdə: 2001-indiyədək
İnşa edilənlərin sayı: 1
Subasımı qabiliyyəti: təxminən 42 500 ton
Hava qanadı: 35-40

Fransanın “Charles de Gaulle” aviadaşıyıcısı ABŞ-dən kənarda inşa edilmiş yeganə nüvə enerjili aviadaşıyıcıdır (hazırda Çində də biri tikilməkdədir). 2001-ci ildə xidmətə qəbul edilən bu gəmi buxar katapultu ilə təchiz olunub və “Dassault Rafale” kimi iri adi qırıcıları havaya qaldıra bilir.
ABŞ superaviadaşıyıcılarından daha kiçik olmasına baxmayaraq, “Charles de Gaulle” strateji baxımdan imkanlarından daha artıq təsir gücünə malikdir və Fransaya ciddi güc nümayiş etdirmə qabiliyyəti verir. Karyerasının ilk illərində mühərrik problemləri yaşansa da, sonrakı modernizasiya işləri əməliyyatları sabitləşdirib. Gəmi Yaxın Şərqdə geniş şəkildə döyüş əməliyyatlarında istifadə olunub, Əfqanıstan, İraq və Suriya kimi yerlərdə Fransa quru qoşunlarına dəstək verib.
Fransa Hərbi Dəniz Qüvvələri bu yaxınlarda “Charles de Gaulle” üçün əvəzləyici gəmi inşa etməyi planlaşdırdığını açıqlayıb ki, bu da təcrübəli daşıyıcının xidmətinin son mərhələsinə daxil olduğunu göstərir.
9. “Liaoning” (Type 001)
Çin Xalq Azadlıq Ordusu Hərbi Dəniz Qüvvələri
Xidmətdə: 2012-indiyədək
İnşa edilənlərin sayı: 1
Subasımı qabiliyyəti: 60 000-65 000 ton
Hava qanadı: 36

Çinin “Liaoning” aviadaşıyıcısı 1980-ci illərdə yarımçıq qalmış sovet Varyaq gəmisinin əsasında yaranıb. Sovet İttifaqının 1991-ci ildə dağılmasından sonra gəmi yeni müstəqil Ukraynanın əlinə keçdi, lakin ciddi büdcə problemləri səbəbindən onun tamamlanmasına maraq göstərilmədi. 1998-ci ildə Çin Xalq Azadlıq Ordusunun Hərbi Dəniz Qüvvələri gəmini gizli şəkildə, Makao şəhərində qeydiyyatdan keçmiş vasitəçi şirkət vasitəsilə, guya üzən otel və kazinoya çevirmək məqsədi ilə satın aldı. Əslində isə yarımçıq daşıyıcı Çinə gətirildikdən sonra PLA tərəfindən tamamlandı və 2012-ci ildə “Liaoning” adı ilə xidmətə qəbul edildi.
Tramplin tipli konfiqurasiyadan istifadə edən gəmi J-15 qırıcılarını istismar edir və əsasən təlim və doktrina inkişafı platforması kimi xidmət göstərir. Onun dəyəri əsasən institusional təcrübə qazanmaqla bağlıdır, birbaşa döyüş gücü ilə deyil. ABŞ daşıyıcıları ilə müqayisədə məhdud imkanlara malik olsa da, “Liaoning” Çin hərbi inkişafında mühüm dönüş nöqtəsi oldu, daşıyıcı aviasiyasının ilk nümunəsi kimi gələcək genişlənmiş daşıyıcı parkın əsasını qoydu və Çinin açıq dəniz ambisiyalarına işarə etdi.
8. “Midway” sinfi
ABŞ Hərbi Dəniz Qüvvələri
Xidmətdə: 1945-1992
İnşa edilənlərin sayı: 3
Subasımı qabiliyyəti: 65 000 ton
Hava qanadı: 130 (pərli təyyarələr), sonradan təxminən 60-70 (reaktiv təyyarələr)

“Midway” sinfi İkinci Dünya Müharibəsi dövrünün ən iri aviadaşıyıcı layihəsi idi. Altı gəmi planlaşdırılsa da, müharibənin sonuna qədər yalnız üçü tamamlandı, qalanları isə ləğv edildi.
Əvvəlcə pərli təyyarələr üçün nəzərdə tutulan gəmilər müharibədən sonrakı dövrdə erkən reaktiv qırıcıları qəbul etmək üçün modernləşdirildi, maili uçuş göyərtələri, buxar katapultları və daha ağır konstruksiyalar əlavə edildi. Soyuq müharibə dövründə “Midway” sinfinin subasımı qabiliyyətisi daha yeni daşıyıcılarla müqayisə edilə biləcək səviyyəyə çatdı. Onilliklər boyu xidmət edən USS “Midway” 1992-ci ilə qədər fəaliyyətdə qaldı, Vyetnam müharibəsindən tutmuş “Səhrada Fırtına” əməliyyatınadək bir çox döyüşlərdə iştirak etdi və İkinci Dünya müharibəsi ilə müasir superaviadaşıyıcılar arasında körpü rolunu oynadı.
7. “Queen Elizabeth” sinfi
Birləşmiş Krallıq Kral Hərbi Dəniz Qüvvələri
Xidmətdə: 2017-indiyədək
İnşa edilənlərin sayı: 2
Subasımı qabiliyyəti: 65 000 ton
Hava qanadı: 40 (adi şəraitdə), fövqəladə hallarda və müharibə dövründə 72-yə qədər artırıla bilər

“Queen Elizabeth” sinfi HMS “Queen Elizabeth” və HMS “Prince of Wales” gəmilərindən ibarət olmaqla Kral Hərbi Dəniz Qüvvələri üçün indiyə qədər inşa edilmiş ən böyük döyüş gəmiləridir. Qısa məsafədən qalxma və şaquli enmə (STOVL) aviasiyası üçün dizayn edilən bu gəmilər F-35B “Lightning II” təyyarələrini istismar edir və idarəetmə ilə uçuş əməliyyatlarını yaxşılaşdırmaq üçün iki “ada”lı quruluşa malikdir. Bu daşıyıcılar Böyük Britaniyanın müstəqil şəkildə genişmiqyaslı dəniz aviasiya əməliyyatları aparmaq qabiliyyətini bərpa edir.
Katapultların olmamasına baxmayaraq, gəmilərin ölçüsü, avtomatlaşdırılması və müasir dizaynı onları son dərəcə güclü edir və Britaniyanın qlobal aviadaşıyıcı əməliyyatlarına qayıdışını təmsil edir.
6. “Shandong” (Type 002)
Çin Xalq Azadlıq Ordusu Hərbi Dəniz Qüvvələri
Xidmətdə: 2019-indiyədək
İnşa edilənlərin sayı: 1
Subasımı qabiliyyəti: 66 000-70 000 ton
Hava qanadı: 40-44

“Shandong” Çin tərəfindən daxili imkanlarla inşa edilmiş ilk aviadaşıyıcıdır və “Liaoning” dizaynının inkişaf etdirilmiş formasıdır. Əvvəlkindən daha iri və daha təkmil olan “Shandong” tramplin quruluşunu saxlayır, lakin daha yaxşı sistemlər və inşa keyfiyyəti ilə fərqlənir. Gəmi əməliyyat baxımından Çinin cənub donanmasına təhkim olunub ki, bu da Pekinin Cənubi Çin dənizinə verdiyi əhəmiyyəti göstərir.
Tramplin konfiqurasiyasının yaratdığı məhdudiyyətlərə baxmayaraq, “Shandong” Çinin artan sənaye bacarığını əks etdirir və gələcək daha qabaqcıl dizaynlar üçün keçid mərhələsidir. Strateji baxımdan isə gəmi Çinin eyni vaxtda bir neçə daşıyıcı zərbə qrupunu saxlamaq niyyətini nümayiş etdirir.
5. “Admiral Kuznetsov”
Rusiya Hərbi Dəniz Qüvvələri
Xidmətdə: 1991-indiyədək (2017-ci ildən etibarən fəaliyyətsiz)
İnşa edilənlərin sayı: 1
Subasımı qabiliyyəti: 67 500 ton
Hava qanadı: 26

Rusiyanın “Admiral Kuznetsov” gəmisi NATO və Çin xaricində istismar edilmiş ən iri aviadaşıyıcıdır (baxmayaraq ki, rəsmi təsnifatda “aviadaşıyıcı kreyser” adlandırılır). Tramplin qurğusu və ağır bort raket silahlanması ilə təchiz olunan gəmi Sovet doktrinasının aviasiya imkanlarından çox özünümüdafiəyə üstünlük verdiyini əks etdirir.
“Admiral Kuznetsov” son onilliyin böyük hissəsində xidmətdən kənarda qalıb. Onilliklər ərzində gəmi daimi mühərrik problemləri və müxtəlif qəzalarla üzləşib, illərlə quru dokda saxlanılıb və donanmaya qayıdış tarixi qeyri-müəyyən olaraq qalır. 2025-ci ildə Rusiyanın bu daşıyıcıdan imtina edib onu sökmək istədiyi barədə xəbərlər yayılsa da, Kreml bunu rəsmi şəkildə təsdiqləməyib və hələlik sökülmə ilə bağlı konkret addım atılmayıb.
4. “Kitty Hawk” sinfi
ABŞ Hərbi Dəniz Qüvvələri
Xidmətdə: 1961-2009
İnşa edilənlərin sayı: 3
Subasımı qabiliyyəti: 83 000 ton
Hava qanadı: 70-85

“Kitty Hawk” sinfi ABŞ tərəfindən istismar edilmiş ən iri adi yanacaqla işləyən aviadaşıyıcılar idi. 1960-cı illərdə xidmətə qəbul edilən bu gəmilər Soyuq müharibə dövründə və Vyetnam müharibəsində əməliyyatları dəstəklədi. Maili uçuş göyərtələri və qabaqcıl radar sistemləri kimi mühüm yeniliklər məhz bu sinifdə tətbiq olundu.
2009-cu ildə xidmətdən çıxarılan USS “Kitty Hawk” ABŞ-nin son qeyri-nüvə superaviadaşıyıcısı idi. Bu sinif nüvə enerjisi olmadan da nəhəng daşıyıcı aviasiya imkanlarının mümkün olduğunu göstərdi, ancaq tez-tez yanacaq doldurmanın maliyyə yükü ağır idi.
3. USS “Enterprise” (CVN-65)
ABŞ Hərbi Dəniz Qüvvələri
Xidmətdə: 1961-2017 (2012-ci ildə aktiv xidməti tərk edib)
İnşa edilənlərin sayı: 1
Subasımı qabiliyyəti: təxminən 93 000-94 000 ton
Hava qanadı: 60 (adi şəraitdə), fövqəladə hallarda 90-a qədər

Unikal dizayna malik USS “Enterprise” dünyanın ilk nüvə enerjili aviadaşıyıcısı idi və uzun illər ərzində indiyə qədər inşa edilmiş ən uzun döyüş gəmisi olaraq qaldı.
1961-ci ildə xidmətə qəbul edilən gəmi səkkiz nüvə reaktoru ilə təchiz olunmuşdu və Vyetnam müharibəsi, Soyuq müharibənin müxtəlif qarşıdurmaları, NATO-nun Yuqoslaviyaya müdaxiləsi və terrora qarşı müharibə daxil olmaqla bir çox əməliyyatlarda fəal rol oynadı. “Enterprise” olmasaydı, bugünkü müasir superaviadaşıyıcılar böyük ehtimalla mövcud olmazdı, onun misilsiz dözümlülüyü və güc nümayiş etdirmə qabiliyyəti dəniz strategiyasını köklü şəkildə dəyişdirdi və “Nimitz” sinfinə birbaşa təsir göstərdi.
2. “Nimitz” sinfi
ABŞ Hərbi Dəniz Qüvvələri
Xidmətdə: 1975-indiyədək
İnşa edilənlərin sayı: 10
Subasımı qabiliyyəti: təxminən 100 000 ton
Hava qanadı: təxminən 90

“Nimitz” sinfi müasir superaviadaşıyıcı anlayışını formalaşdırdı və 1970-ci illərdən etibarən ABŞ dəniz aviasiyasının əsas dayağı olub. Bu gün də xidmətdə olan 10 “Nimitz” sinfinə məxsus aviadaşıyıcı yanacaq doldurmaya ehtiyac olmadan qlobal miqyasda iri hava qanadlarını işə sala bilir.
Bu sinif Yaxın Şərqdə, Balkanlarda və Hind-Sakit okean regionunda ABŞ-nin güc nümayişinin mərkəzində olub. Uzunmüddətli, yüksək intensivlikli münaqişələr üçün dizayn edilən “Nimitz” sinfinə məxsus gəmilər son 50 ildə ABŞ-nin demək olar ki, bütün əsas hərbi əməliyyatlarında iştirak edib. Gəminin ölçüsü, nüvə dayanıqlığı və uçuş yaratma sürəti müasir superaviadaşıyıcı anlayışını müəyyən edib və ABŞ-nin rəqibləri, xüsusilə də Çin üçün əsas hədəf rolunu oynayıb.
1. “Gerald R. Ford” sinfi
ABŞ Hərbi Dəniz Qüvvələri
Xidmətdə: 2017-indiyədək
İnşa edilənlərin sayı: 1 (3-ü inşa edilir, 10-u planlaşdırılır)
Subasımı qabiliyyəti: 100 000 tondan çox
Hava qanadı: təxminən 90

“Gerald R. Ford” sinfi dəniz aviasiyasında yeni standartdır və indiyə qədər inşa edilmiş ən böyük aviadaşıyıcı gəmilərdir. Elektromaqnit katapultları, qabaqcıl tutma mexanizmləri, müasir reaktorlar, artan avtomatlaşdırma və yüksək elektrik gücü ilə təchiz olunan “Ford” sinfi dəniz texnologiyasının ən qabaqcıl nümunəsidir. İstismarın başlanğıc mərhələsində problemlər yaşansa da, bu sinfin 50 il xidmət göstərəcəyi gözlənilir və ABŞ-nin aviadaşıyıcıların XXI əsrdə də əsas rol oynayacağına inandığını açıq şəkildə göstərir.
Aviadaşıyıcıların müasir müharibədə, xüsusilə Çinin A2/AD imkanları fonunda getdikcə daha həssas olacağı ilə bağlı narahatlıqlara baxmayaraq, ABŞ Hərbi Dəniz Qüvvələri “Ford” sinfinə böyük ümid bəsləyir. Təxminən hər biri 13 milyard dollar dəyərində olan bu gəmilər bu nəhəng investisiyanı doğrultmaq üçün uzun müddət xidmət göstərməli olacaq.
Dəyanət Ağalarlı
Ordu.az