“Dəniz terminatorları”: Rusiyanın yeni freqatları nəyi dəyişə bilər?

2026/02/f45gd-1771492309.jpg
Oxunub: 546     16:31     12 May 2026    
“Admiral Amelko” planlaşdırılan 10 ədəd “Layihə 22350” freqatından beşincisidir və Sovet İttifaqının dağılmasından sonra Rusiyada istehsal edilən yeganə okean tipli hərbi gəmilərdir.

Rusiya Hərbi Dəniz Qüvvələrinin yaxın gələcəkdə aviadaşıyıcı istismar etmək planı yoxdur, çünki indi belə görünür ki, “Admiral Kuznetsov” yenidən dənizə qayıtmaq əvəzinə utilizasiyaya göndəriləcək. Bunun əvəzinə Kreml ABŞ-nin aviadaşıyıcılarına qarşı mübarizə yollarına diqqət yetirə bilər və daha kiçik suütsü döyüş gəmilərini “dəniz terminatorları” kimi yerləşdirərək bu böyük göyərtəli gəmiləri “ovlamağı” hədəfləyə bilər.

Aviadaşıyıcı bir vaxtlar qorxu saçan linkorların ölümcül düşməninə çevrildiyi kimi, rusiyalı bir rəsmi iddia edir ki, “Layihə 22350” freqatları, “Admiral Qorşkov” sinfi ABŞ Hərbi Dəniz Qüvvələrinin nüvə enerjili superaviadaşıyıcılarını dənizin dibinə göndərə biləcək platforma ola bilər.

“Layihə 22350” freqatları yüksək dəqiqlikli raket silahlarının daşıyıcılarıdır, təkcə “Kalibr” qanadlı raketləri deyil, həm də “Tsirkon” hipersəs raketlərini daşıyır. Freqat dəniz terminatorudur, təhlükəsiz məsafədən düşmənin nüvə enerjili sualtı qayıqlarını ovlaya bilən universal əsgərdir”, - deyə Rusiya Prezidentinin Xalq Təsərrüfatı və Dövlət İdarəçiliyi Akademiyasının nəzdində Hüquq və Milli Təhlükəsizlik İnstitutunun nümayəndəsi Aleksandr Stepanov 2025-ci ilin avqustunda Rusiya dövlət informasiya agentliyi TASS-a bildirib.

“Layihə 22350” freqatının texniki göstəriciləri

İstismara verildiyi il: 2018 (Admiral Qorşkov)
İnşa sayı: 5 (3-ü xidmətdədir, 10 planlaşdırılır)
Uzunluğu: 135 m
Eni: 16 m
Subasımı qabiliyyəti: 5.400 ton (tam yüklə)
Hərəkət sistemi: 2 val CODAG sistemi, 2 ədəd 10D49 dizel mühərriki (hər biri 5.200 at gücü), 2 ədəd M90FR qaz turbini (hər biri 27.500 at gücü)
Maksimal sürət: 29,5 düyün
Üzmə məsafəsi: 4.850 dəniz mili, 30 gün səyahət
Silahlanma: bir 130 mm-lik dəniz topu, “Kalibr”, “Oniks”, “Tsirkon”, “Otvet”, 9M96/9M100 raketləri üçün şaquli buraxılış qurğuları (variantdan asılı olaraq), iki “Palash” yaxın məsafəli müdafiə sistemi, iki torpedo qurğusu, iki dayaq tipli pulemyot, bir “Ka-27” helikopteri
Heyət: 210 nəfər


Rusiyanın “Layihə 22350” freqatları zona məhdudlaşdırılmasına ixtisaslaşıb

Freqat kimi təsnif edilən “Layihə 22350” gəmiləri tam yüklə 5.400 ton subasımı qabiliyyətinə malikdir və 29,5 düyün sürət yığa bilir. Bu hərbi gəmilərdə 210 nəfərlik heyət xidmət edir, lakin onların üzmə müddəti cəmi 30 gündür. Bu çatışmazlıq ötən il “Admiral Qolovko” freqatının dünya səyahəti zamanı tanker tərəfindən müşayiət olunması ilə diqqət çəkmişdi.

Bununla belə, bu kiçik gəmilər girişin məhdudlaşdırılması və zona nəzarəti (A2/AD) konsepsiyası çərçivəsində səmərəli xidmət göstərə bilər. TASS-ın izahına görə, freqatlar “modul buraxılış platforması” kimi layihələndirilib və sahil zonasındakı prioritet hədəfləri, eləcə də aviadaşıyıcı zərbə qrupunun elementlərini aşkar edib məhv etmək üçün təchiz olunub.

Rusiya Hərbi Dəniz Qüvvələrinin “Admiral Amelko” ilə bağlı böyük planları var

Ən yeni “dəniz terminatoru” olan “Admiral Amelko” freqatı 2025-ci ilin avqustunda Sankt-Peterburqdakı “Severnaya” gəmiqayırma zavodunda suya buraxılıb və “Otvet” sualtı qayıqlara qarşı mübarizə platforması ilə təchiz edilib. Sovet admiralı Nikolay Amelkonun adını daşıyan bu gəminin aşkar edildiyi təqdirdə, bort sistemlərinin fəaliyyət radiusundan kənarda düşmənin nüvə enerjili sualtı qayıqlarını məhv edə bildiyi iddia olunur. O, 91RE2 ballistik raketindən istifadə edir və bu raket 324 mm-lik MPT-1UM torpedosunu 40 kilometrədək məsafəyə çatdıra bilir.

Bu ən yeni freqat həmçinin 3S14 tipli şaquli buraxılış borularının sayının ikiqat artırıldığı ilk gəmilərdən biridir ki, bu da freqatları faktiki olaraq üzən raket platformalarına çevirir. Digər silahlanmaya hər biri “Qryazev-Şipunov GSh-6-30” altılüləli 30 mm-lik fırlanan toplarla təchiz olunmuş iki “Palash” yaxın məsafəli müdafiə sistemi, eləcə də “Paket-NK” torpedo əleyhinə və sualtı qayıq əleyhinə torpedolar üçün 2x4 330 mm-lik torpedo qurğuları daxildir. Gəmi əlavə sualtı qayıq əleyhinə əməliyyatlar həyata keçirə bilən göyərtə əsaslı “Ka-27” helikopteri də daşıya bilər.

“Biz görürük ki, bu sistemlər sularımızın təhlükəsizliyini təmin etmək üçün döyüş növbətçiliyinə yerləşdirilir. Əsas müttəfiqlərimizin donanmaları ilə koordinasiyada onlar ardıcıl dəniz patrullarını təmin edəcək və kollektiv Qərbin blokadaya almağa çalışdığı ticarət və iqtisadi marşrutlar da daxil olmaqla, dəniz naviqasiyasını qoruyacaqlar”, - deyə Stepanov əlavə edib.

“Admiral Amelko” planlaşdırılan 10 ədəd “Layihə 22350” freqatından beşincisidir və Sovet İttifaqının dağılmasından sonra Rusiyada istehsal edilən yeganə okean tipli hərbi gəmilərdir. Gəminin sonda Sakit okean donanmasında xidmət etməsi nəzərdə tutulur və 2026-cı ildə istismara verilməsi planlaşdırılır. Hazırda daha üç freqat inaş edilir, son iki gəmi isə sifariş mərhələsindədir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   ABŞ   Admiral-Amelko  


Bizi "telegram"da izləyin