ABŞ səfirliyi: Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi üzrə saziş Ermənistan-ABŞ əməkdaşlığını genişləndirəcək

2026/02/1770731006.jpg
Oxunub: 428     17:42     10 Fevral 2026    
ABŞ hökuməti və Ermənistan hökuməti nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi sahəsində əməkdaşlıq haqqında saziş üzrə danışıqları başa çatdırıb.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ-nin Ermənistandakı səfirliyinin bəyanatında bildirilib.

“Danışıqların başa çatması mülki nüvə energetikası sahəsində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi istiqamətində mühüm addımdır. Bu, 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanmış ABŞ hökuməti ilə Ermənistan hökuməti arasında enerji təhlükəsizliyi üzrə tərəfdaşlığa dair Anlaşma Memorandumunun əsas elementlərindən biridir.

Bu saziş enerji təhlükəsizliyi sahəsində ikitərəfli əməkdaşlığı genişləndirəcək, iki ölkə arasında uzunmüddətli diplomatik və iqtisadi münasibətləri möhkəmləndirəcək, həmçinin nüvə energetikası sahəsində əməkdaşlıq üçün hərtərəfli hüquqi baza təmin edəcək”, - deyə məlumatda qeyd olunub.

Bildirilib ki, Vaşinqton və İrəvan yaxın illərdə nüvə energetikası sahəsində güclü və qarşılıqlı faydalı tərəfdaşlığı inkişaf etdirməyə ümid edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ermənistan  


Bizi "telegram"da izləyin