“Stratfor”: Vaşinqton seçkilər ərəfəsində iqtisadi nailiyyətlərin Paşinyanın mövqelərini gücləndirəcəyinə ümid edir

2026/02/1770649404.jpg
Oxunub: 537     16:57     10 Fevral 2026    
Vaşinqton parlament seçkiləri ərəfəsində nəzərəçarpan iqtisadi faydaların Ermənistan Baş naziri Nikol Paşinyanın erməni seçicilərinin gözündə mövqelərini möhkəmləndirəcəyini düşünür.

Ordu.az xəbər verir ki, bu barədə “Stratfor” analitik mərkəzi yazıb.

Mərkəz qeyd edib ki, ABŞ-nin vitse-prezidenti Cey Di Vensin İrəvana səfəri zamanı Ermənistan və ABŞ mülki nüvə energetikası sahəsində əməkdaşlığa dair saziş üzrə danışıqların başa çatması ilə bağlı birgə bəyanat imzalayıb.

Müəllif bildirib ki, nüvə razılaşması Vaşinqtonun Ermənistan və Azərbaycan arasında sülh müqaviləsini İrəvan üçün real iqtisadi və enerji dividendlərinə çevirmək niyyətini göstərir.

“Stratfor” analitik mərkəzi yazır ki, bu addım Ermənistanın Qərbə doğru diversifikasiyasını gücləndirir, ölkəni Rusiyadan və İrandan uzaq saxlayır.

“Nüvə əməkdaşlığını infrastruktur, ticarət və texnologiya sahələrində daha geniş müzakirələrlə əlaqələndirən ABŞ Ermənistanı postmünaqişə dövründə regional əlaqə və sabitliyin əsas dayaq nöqtəsinə çevirməyə çalışır. Beləliklə, Vaşinqton, görünür, iyunun 7-də keçiriləcək parlament seçkiləri ərəfəsində konkret iqtisadi üstünlüklərin Paşinyanın mövqelərini seçicilərin gözündə möhkəmləndirəcəyinə və sülh prosesinə ictimai dəstəyi qoruyub saxlayacağına ümid edir. Bu layihələr reallaşarsa, ehtimal ki, ABŞ-nin Ermənistandakı təsirini dərinləşdirəcək və sülh gündəliyini ölkənin daxili siyasi hesablamalarında daha möhkəm yerə qaldıracaq.

Ermənistan uzun müddətdir enerji məsələsində Rusiyaya və İrana arxalanır və hazırda Rusiyanın köməyi ilə inşa olunmuş yeganə nüvə reaktorunu əvəz etmək üçün bir sıra xarici şirkətlərin təkliflərini nəzərdən keçirir. Bu baxımdan ABŞ-nin sektora daxil olması strateji dönüş kimi qiymətləndirilir”, - deyə mərkəz vurğulayıb.

Qeyd edilib ki, Vensin səfəri 2025-ci il avqustunda imzalanmış, ABŞ-nin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında bağlanan sülh müqaviləsindən sonra baş tutub və “Tramp doktrinası” adlandırılan yanaşmanın irəli çəkilməsi cəhdləri fonunda həyata keçirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ermənistan  


Bizi "telegram"da izləyin