Korrupsiyanın Qavranılması İndeksi üzrə 2025-ci ilin nəticələrinə əsasən Ermənistan geriləyib

2025/10/1761476356.jpg
Oxunub: 372     12:12     10 Fevral 2026    
“Transparency International” Korrupsiyanın Qavranılması İndeksinin (KQİ) 2025-ci il üzrə nəticələrini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Nəticələrə əsasən, Ermənistanın 2025-ci il üzrə KQİ göstəricisi əvvəlki illə müqayisədə bir bənd azalaraq 0-dan (tam korrupsiyalaşmış) 100-ə (tam təmiz) qədər olan şkala üzrə 46 bala düşüb. 182 ölkəni əhatə edən 2025-ci il KQİ reytinq cədvəlində Ermənistan Küveyt, Monteneqro, Namibiya və Seneqal ilə birlikdə 65-69-cu yerləri bölüşür. 2024-cü ildə isə Ermənistan 180 ölkə arasında 63-64-cü yerləri paylaşırdı.

Ermənistanın 2025-ci il üzrə KQİ göstəricisi (46 bal) indeksin hesablanması üçün istifadə olunan 6 mənbənin göstəricilərinin orta arifmetik qiymətinə bərabərdir. Həmin mənbələr bunlardır: “Bertelsmann” Fondunun 2026-cı il üzrə Transformasiya İndeksi (51 bal, 2024-cü il ilə eyni), “Freedom House”un “Keçid dövründə olan ölkələr” üzrə 2024-cü il hesabatının korrupsiya alt-indeksi (44 bal, 2024-cü il ilə eyni), “Global Insight”in 2024-cü il üzrə ölkə riskliliyi reytinqi (46 bal, 2024-cü il ilə eyni), “Political Risk Services International”ın 2025-ci il üzrə ölkə riskliliyi bələdçisi (33 bal, 2024-cü il ilə eyni), Demokratiyanın Müxtəlifliyi Layihəsinin 2025-ci il nəşri (50 bal, 2024-cü il ilə eyni) və Dünya İqtisadi Forumunun Şirkətlərin Baş İcraçı Direktorlarının illik sorğusunun 2025-ci il nəticələri (53 bal, 2024-cü ildə 56 bal).

Ermənistan 2025-ci il üzrə KQİ göstəricisinə görə indeksi hesablanan Avropa Şurasına üzv 42 ölkə arasında Monteneqro ilə birlikdə 30-31-ci yerləri bölüşür. Eyni zamanda, Avropa İttifaqına üzv 27 ölkədən yalnız üç ölkənin (Rumıniya, Bolqarıstan və Macarıstan) KQİ göstəriciləri Ermənistanın göstəricisindən aşağıdır. Bu, kifayət qədər təvazökar nəticədir və onu da göstərir ki, antikorrupsiya islahatları hələlik KQİ-nin ölçdüyü biznes dairələri və ekspertlərin gözləntilərini doğrultmur.

“Transparency International”ın regional bölgüsünə əsasən, Ermənistan Şərqi Avropa-Mərkəzi Asiya regionuna daxildir.

Ermənistan 53-55-ci yerlərdə qərarlaşan Gürcüstandan (50 bal) sonra region ölkələri arasında ikinci yerdədir. Əvvəlki dörd ildə olduğu kimi, Ermənistanın 2025-ci il üzrə KQİ göstəricisi (46 bal) qlobal orta göstəricidən yüksəkdir. Qlobal orta göstərici 43-dən 42-yə enib və bu, son on ilin ən aşağı səviyyəsidir. Ermənistanın göstəricisi, həmçinin Gürcüstan istisna olmaqla qonşu ölkələrin və Avrasiya İqtisadi İttifaqına üzv digər dövlətlərin (Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan) 2025-ci il üzrə KQİ göstəricilərini üstələyir. Qonşu ölkələrdən Türkiyə (31 bal) 124-129-cu yerləri, İran (23 bal) 153-156-cı yerləri bölüşür. AİB ölkələrindən Qazaxıstan (38 bal) 96-98-ci yerlərdə, Belarus (31 bal) 124-129-cu yerlərdə, Qırğızıstan (26 bal) 142-147-ci yerlərdə, Rusiya (22 bal) isə 157-160-cı yerlərdə qərarlaşıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Korrupsiya  


Bizi "telegram"da izləyin